Məhərrəm ayının 10-u İmam Hüseynin (ə.s.) Kərbəla torpağında şəhid edildiyi gündür. İslam aləminin matəm günüdür…
Bu ağrılı-acılı gün, Hz. Hüseyn (ə.s.) üçün maddi cəhətdən nə qədər bir itkinlik kimi görünsə də, həqiqətdə isə O, şəhidliyi ilə peyğəmbərlik məqamından sonra ən böyük məqama, yəni şəhidlik məqamına çatmışdır.
Bu gün Müsəlmanların üzərinə düşən vəzifə, İmam Hüseynin (ə.s.) matəmini saxlamaqdır.
İmam Sadiqdən (ə.s.) bu mövzuda belə rəvayət edilməkdədir: “Hüseynin (ə.s.) başına gələnlərin xaricində heç bir müsibətə ağlamaq yaraşmaz. Hüseyn ibn Əliyə (ə.s.) ağlamağın çox böyük fəzilət və savabı vardır” (Kamil-uz Ziyarat, səhifə 101).
İmam (ə.s.) apardığı mübarizənin nəticəsində şəhid olaraq Allaha qovuşmuş və vüsal şərbətini içmişdir. Onu şəhid edənlər, “Allah rizasını umaraq” bu vəhşiliyi törətmiş, aləmlərə Rəhmət Hz. Muhammədin (s.ə.v.) oğlu Hz. Hüseyni (ə.s.), uşaqlarını, ailə üzvlərini qılıncdan keçirmişlər.
İmam Hüseynin (ə.s.) haqqı olan xilafət Yezid tərəfindən qəsb edilmişdir. Hətta Məkkədə olduğu müddətdə İmama Kufədən ‘Xəlifəmiz ol!’ məzmunlu məktublar gəlmişdir. Məktubların sayı on beş mini keçmişdir.
İmam Hüseyn, Yezidin xəlifə olduğu ilk andan etibarən ona beyəti rədd edərək qiyamı başlamışdır. Kufəyə getməsinin səbəbi isə xalqın tələbi ilə xilafətə keçmək idi. İmam Kufəyə gedərkən öldürüləcəyini bilirdi: “Məni öldürənlər də Kufə xalqı olacaq. Bu cinayəti törətdikləri zaman ilahi əmr və düsturların ehtiramını ortadan qaldırdıqları üçün Allahu Təala, onların qatilini özlərinə müsəllət edəcək”.
İmam Hüseyn (ə.s.) Şəraf bölgəsində Hürrün ordusu ilə qarşılaşır: 72 nəfərlik bir nur karvanı və qarşısında müqayisə belə edilməyəcək 30 minlik bir ordu. Bu qeyri-bərabərlik küfrün iman qarşısındakı qorxusudur.
Hürr bin Riyahi, Əli bin Hür, Urvə, Müslim b. Avsəcə, Abdullah b. Ümeyr; Kərbəlanın tək qadın şəhidi Abdullah b. Ümeyrin xanımı, Zübeyr b. Hassan, Əbu Səmameyi Səidi, Hz. Bərir, Həbib bin Məzahir, Vəhəb Kəlbi, Əbu Şasayi Kindi, Vəkkas oğlu Haşim, Zübeyr bin Qayn, Hanzaleyi Şibami, Səyf b. Haris, Malik b. Abde, Azadlı kölə Cəvn, Kölə Firuzan, Türk kölə olan Vazih, 11 yaşında bir uşaq olan Ömər b. Cünadə, Utbə oğlu Haşim şəhidlik şərbətini ard-arda içmişlər.
İmamın səhabələri, özlərini Ona sipər etmək üçün bir-birilə yarışır, ölümə qaçaraq gedirdilər. Növbədə isə Əhli-Beytin şəhidlik şərbətini içməsi vardır. Əliyyü’l Əkbər, Müslim b. Aqilın oğlu Abdullah, Hz. Qasim b. Həsən, İmam Əlinin oğlu Ömər, İmam Əlinin oğlu Osman, Hz. Abdullah b. Həsən, İmam Hüseynin qundaqdakı oğlu Əli Əsgər, Hz. Abbas şəhid edilir. İmamın mühafizəsi, onlara cənnətə düşməyin vəsiləsi, Cənabı Haqqın razılığına qovuşmağın yolu olmuşdur. Öləcəyini bildiyi halda imtina etmədiyi qiyam, Yezidin səhvlərinin ortaya çıxmasına, ümmətin oyanması və Quran yoluna geri qayıtmasına səbəb olmuşdur.
İmam Hüseyn verdiyi bənzərsiz mübarizənin nəticəsində cümə günü günortadan sonra şəhid edildi. Şəhid olan zaman 57 yaşında idi. “Şəhadət anında bədənində 33 mizraq yarası və 34 qılınc yarası vardı” (Tabəri, c. 6, səhifə 260).
Onu, Məhərrəmin 10-nda xatırlayarkən, Allahdan rəhmət və ümmətinə də şəfaətini diləyirik.
Mənbə: “İmam Hüseyin”, Prof. Dr. Haydar Baş.