Fitrə sədəqəsi

Fitrə sədəqəsi Ramazan ayının sonuna gələn və nisab miqdarı mala sahib olan hər bir müsəlman üçün verilməsi vacib olan bir sədəqədir.
Bu kəlmə dilimizdə keçmiş dövrdən bəri “fitrə” şəklində işlədilir ki, o da ərəb dilindəki “fitra” sözündən gəlib, “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir.
Fitrə sədəqəsinin verilmə vaxtı Ramazan Bayramının birinci günü fəcrin doğuşundan sonra vacib olsa da bundan qabaq və bundan sonra da verilə bilər.Qabaqcadan verilsə ehtiyacı olanlar bayramlıq ehtiyaclarını qarşılamış olarlar.
Fitrə verərkən mütləq niyyət etmək lazımdır. Bir müsəlman həm özünün, həm də ailəsinin fitrəsini yığıb bir yoxsula verməlidir ki, onunla bir ehtiyacı aradan qaldırmaq mümkün olsun. Bu fitrələri birdən çox yoxsul arasında bölüşdürmək caiz olsa da, ən fəzilətlisi bir yoxsula verməkdir. Nisab miqdarı mala malik şəxslərə fitrə vermək olmaz. Müsəlmanın baxmaqla mükəlləf olduğu ana, ata, həyat yoldaşı, uşaq, nəvə, baba və nənə kimi yaxınlarına fitrə verməsi caiz deyil

Fitrə sədəqəsinin miqdarı bir nəfər üçün 3.3 kq buğda, arpa, düyü, xurma, quru üzüm və bu kimi qida maddələrindən və ya bunun dəyərində pul ilə verilə bilər.Bununla birlikdə bir yoxsulun bir günlük( gündə iki dəfə yemək) qida ehtiyacını hesablanıb buna uyğun da verilə bilər.