Hz. Həsənin (ə.s) mövludu

15 Ramazan İmam Həsən (ə.s) mövlududur

Künyəsi ilə yanaşı Hz. Həsənin  adı əl-Həsən ibn Əli b. Əbu Talib əl-Haşimi əl-Qureyşidir. O, Əhli-Beyt silsiləsinin böyüklərindən biri, Peyğəmbərimizin davamçısı olan Əhli-Beyt imamlarının ikincisi, Peyğəmbərin ən sevdiyi nəvələrindəndir. Allah Rəsulunun da qeyd etdiyi kimi, İmam Həsən “Peyğəmbərin reyhanəsi” (gözəl qoxulu çiçəyi), Hz. Əli ilə Hz. Fatimənin böyük oğlu, Cənnət gənclərinin əfəndisi, Peyğəmbər nəslini davam etdirən iki şəxsdən biridir. Eyni zamanda, Rəsulullahın Nəcran xristianlarına qarşı fəxr etdiyi dörd şəxsdən biri, uca Allahın günah və çirkinlikdən təmizləyərək tər-təmiz etdiyi kəslərdən, həmçinin  uca Allahın sevilmələrini əmr etdiyi yaxınlarından, davamçılarının  xilas olub, Onun yolundan  çıxanların sapıb azdığı iki əvəzolunmaz əmanətdən biridir.
Hz. Həsənin doğumu ilə əlaqədar fərqli mənbələrdə aşağıdakı rəvayətlərə yer verilmişdir:
İbnül Əsir və İbn Həcər Hz. Həsənin doğumu ilə əlaqədar olaraq bunları yazır: “İmam Həsənin Şaban ayında, 4-cü və ya 5-ci hicri ilində doğulduğuna dair rəvayətlər olsa da, ən doğru fikir 3-cü hicri ilində doğulduğuna dair rəvayətdir”.
Quleyni İmam Həsənin hicrətin 2-ci ilində dünyaya gəldiyini yazır: Həsən b. Əli hicrətdən iki il sonra Bədr döyüşünün olduğu ilin Ramazan ayında doğuldu. Bir rəvayətə görə, hicrətdən üç il sonra doğulmuşdur … Qırx doqquzuncu ilin Səfər ayının sonunda vəfat etmişdir. Vəfat etdikdə yaşı qırx yeddi il və bir neçə ay idi … ”
“İmam Həsən hicri üçüncü ilin Ramazan ayının ortasında Mədinədə doğuldu”.
Hz. Həsənin doğumu ilə əlaqədar ən doğru məlumat budur: Hz. Həsən Hz. Əli və Hz. Fatimənin ilk uşaqları olaraq hicrətin 3-cü ili Ramazan ayının 15-ci gecəsi dünyaya gəlmişdir. Hz. Cabirin ifadəsinə görə Hz. Fatimə İmam Həsəni dünyaya gətirdiyi zaman Hz. Peyğəmbər onu ağ bir parçaya bürümələrini əmr etmiş, lakin onu sarı rəngli parçaya bürümüşdülər.

Hz. Fatimə, “Ey Əli! Uşağa ad qoy” – dedi. Hz. Əli isə, “Onun adını  Rəsulullahsız qoymaram” – deyə cavab verdi və dərhal Peyğəmbərimizin yanına gəldi. Hz. Peyğəmbər uşağı qucağına alıb öpdü. Mübarək dilini körpənin ağzına qoydu. Körpə Rəsulullahın dilini əmməyə başladı. Sonra Hz. Əli ilə Hz. Fatiməyə, “Onu sarı rəngli parçaya bürüməməyinizi əmr etməmişdimmi?” – dedi və ağ rəngli  parça gətizdirərək  körpəni ona bürüdü, sarı rəngli bezi atdı. Bunun ardınca sağ qulağına azan və sol qulağına iqamə oxudu. Sonra Hz. Əliyə dönərək, “Adını nə qoydun?”-  deyə soruşdu. İmam Əli, “Onun adını  sənsiz qoymaq istəmədim” – deyə cavab verdi. Bundan sonra Hz. Peyğəmbər, “Onun adını  mən də Rəbbimdən önə  keçərək qoymağı  düşünmürəm” – deyə buyurdu.
Bu əsnada uca Allah Cəbrayıl vasitəsilə bu təlimatı verdi: “Muhammədimin bir oğlu dünyaya gəldi. Onun yanına en və ona salam söylə. Mənim və özünün adından  onu təbrik et və ona, ‘Harun Musa üçün nə idisə, Əli də sənin üçün odur. Buna görə yeni doğulan uşağa Harunun oğlunun adını ver- deyə söylə.” Bu təlimatı alan Hz. Cəbrayıl Peyğəmbərimizin yanına endi, onu uca Allah və öz adından təbrik etdikdən sonra belə buyurdu: “Uca Allah sənə bu uşağa Harunun oğlunun adını qoymağını əmr etdi”.
Peyğəmbərimiz “Harunun oğlunun adı nə idi?” – deyə soruşdu. Cəbrayıl, “Onun adı Şubbər idi”  – dedi.
Peyğəmbərimiz, “Amma mənim dilim ərəbcədir” dedi. Bundan sonra  Cəbrayıl, “O halda ona Həsən adını ver” dedi. Peyğəmbərimiz də ona “Həsən” adını verdi.
Yenə Hz. Cabirin verdiyi məlumata görə Peyğəmbərimiz bu mövzuda belə demişdir:
“Həsənə Həsən adı verildi. Çünki göylər və yerlər Allahın lütfkarlığıyla ayaqda dayanır ”.
Hz. Peyğəmbər İmam Həsənin anadan olmasının yeddinci günündə onun adına öz əli ilə əqiqə qurbanı kəsdi. Kəsərkən belə buyurdu: “Bunu Allahın adı ilə Həsən üçün əqiqə olaraq verirəm. Allahım, onu bu qurbanın sümüyü ilə sümükləndir. Əti ilə ətləndir. Qanı ilə qanlandır. Saçı ilə saçlandır. Allahım, onu Məhəmməd və Əhl-i Beyt üçün qoruyucu qıl! ”
Bu sözlərin arxasından qurbanın bir parçasını mamaçaya hədiyyə etdi. Deyilənə görə, verilən hədiyyə kəsilən qoyunun budu idi. Sonra da bunun bir qismini qonşulara verdilər. Peyğəmbərimiz daha sonra İmam Həsəni təraş etdi. Kəsilən saçlarını tərəzidə çəkdi və ağırlıqları qədər yarpaq qızılı sədəqə olaraq payladı. ”
Uyunul Ahbarir-Rzada isə belə yazılıb:
“Həzrəti Zəhra mamaçaya bir qoyun budu ilə bir dinar verdi.”
Digər mənbələrdə də Hz. Həsənin doğumu ilə əlaqədar bu rəvayətlərə rast gəlməkdəyik:
“Hz. Həsən valideynlərinin ilk uşağı idi. Rəsulullah (s.ə.v), doğulduqdan dərhal sonra onu qucağına alaraq sağ qulağına azan və sol qulağına isə iqamə oxudu. Sonra onun üçün bir qoyun qurban kəsdi. Saçını təraş edib ağırlığı qədər gümüşü kasıblara payladı. Körpənin başını ətirlə qoxulandırmalarını əmr etdi və o andan etibarən körpə üçün əqiqə (qurban kəsmək) və saçının ağırlığı qədər sədəqə vermək ənənəsi meydana gəldi.
Hz. Peyğəmbər ona cahiliyyə dövründə istifadə edilməyən Həsən adını verdi. Künyəsini də Əbu Muhamməd qoydu. Bundan başqa künyəsi olmamışdır”.
Hz. Həsənin ləqəblərinin sayı çoxdur. Bunları belə sıralaya bilərik: Sıbt (nəvə), Seyid (əfəndi), Zəki (təmiz), Müctəba (seçilmiş) və Təqi (təqvalı). Yanaşı olaraq Vəli və Tayyib … bunların hamısı onun haqqında deyilmişdir.
Bu ləqəblərin ən məşhuru Təqi ləqəbidir. Lakin bunların ən üstün dərəcəlisi və ona ən yaraşanı Peyğəmbərimiz tərəfindən ona verilən ləqəbdir. Belə ki, etibarlı hədis imamlarından və ravilərdən nəql edildiyinə görə Peyğəmbərimiz onun haqqında, “Bu oğlum Seyiddir” buyurmuşdur. Buna görə də Hz. Həsənin ən öndə gələn ləqəbi Seyiddir.
Peyğəmbərimizin əmisi Abbasın həyat yoldaşı Ümmül Fazilin belə dediyi nəql edilir: “Hz. Peyğəmbərə, ‘Ey Allahın Elçisi, yuxumda sənin bədəninin bir qisminin qucağımda olduğunu gördüm’ dedim ”. Mənə bu cavabı verdi: “Xeyirli bir yuxu gördün. Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və uşağa baxmağı  sən boynuna götürəcəksən”.
Belə ki, Hz. Fatimə Hz. Həsəni dünyaya gətirəndə Peyğəmbərimiz onu bu yuxunu görən Ümmül Fazilə verdi. O da ona Kussəm b. Abbasın südündən əmizdirdi. ”
Hz. Həsən fiziki olaraq babası Hz. Peyğəmbərə çox bənzəyirdi.
Cuhayfa deyir : “Mən Rəsulullahı görənlərdənəm. Həsən b. Əli ona bənzəyirdi. ”
Səhabələrdən Ənəs də belə deyir: “Həsən b. Əli qədər Peyğəmbərimizə bənzəyən başqa biri yoxdur ”.
Umeyr b. İshaq belə deyir: “Əbu Hüreyrəni Həsən b. Əli ilə qarşılaşmış gördüm. Belə deyirdi: Köynəyini qaldır ki, Rəsulullahın öpdüyü yeri mən də öpüm.
İmam köynəyini qaldırdı və Əbu Hureyrə Hz. Həsənin bədənini öpdü. ”
Hz. Həsənin siması və bədəni belə təsvir edilir:
“Qırmızıya çalan ağ bədənli, iri qara gözlü, geniş yanaqlı, sinə arası incə tüklü, gur saqqallı bir vücuda sahib idi. Saçları qulaq məməsinin xəttinə qədər idi. Boynu gümüş sürahi kimi parlaq idi. Oynaq başları iri idi. Çiyinləri  geniş  idi. Orta boylu, nə uzun, nə də qısa idi. Yaraşıqlı, xoş və ən gözəl simalı insanlardan biri idi. Saçını, saqqalını qara rəngə  boyayardı. Saçları qıvrım olub, uzun və sallanan deyildi. Bədən quruluşu gözəl idi. ”
Görünüş, əxlaq, bədən quruluşu, davranış, səxavət  baxımından onun qədər Allah Rəsuluna bənzəyən başqa biri  yox idi. Onu belə tərif etmişlər: “Üzü çəhrayı qarışıq ağ, gözləri qara, yanaqları düz, saqqalı sıx, saçı dalğalı, boynu ağ, bədəninin orqanları bir-biriylə uyğun, geniş çiyinli, iri sümüklü, incə belli, ayağı nə uzun, nə də qısa idi. Nə qısa, nə də uzun boylu idi. Çöhrəsi ən gözəl çöhrələrdən biri idi. ”
Vasil b. Ata belə deyərdi: “Həsən b. Əli peyğəmbərlərin simasına və padşahların parlaqlığına sahib idi. ” Hz. Həsən Hz. Peyğəmbərin vəfatı zamanı  səkkiz yaşında idi. Hələ çox kiçik olduğu üçün Hz. Peyğəmbərdən birbaşa rəvayət etdiyi hədislərin sayı olduqca azdır. Bunlardan biri Əbul Havranın rəvayət etdiyi aşağıdakı hədisdir:
“Hz. Həsəndən, “Hz. Peyğəmbərdən eşitdiyin hansı hədisi xatırlayırsan?” -deyə soruşdum. O da bunları dedi: “Bu hədisi xatırlayıram: Zəkat xurmalarından bir xurma götürüb ağzıma atmışdım. Hz. Peyğəmbər o xurmanı ağzımdan tüpürcəyimlə çıxardı. Oradakılar, “Ya Rəsulullah, bu uşağın ağzına atdığı tək bir xurmanı nə üçün geri çıxartdın?” dedilər. O da, “Biz Ali-i Məhəmmədə sədəqə (zəkat) halal deyildir” buyurdu.
Xatırladığım digər bir hədis də, “Səni maraqlandırmayan şeyləri tərk et, maraqlandıran şeylərlə məşğul ol” hədisidir.
Babam Hz. Peyğəmbər mənə bu duanı da öyrətmişdi: “Ey Allahım! Məni doğru yola yönəltdiyin kəslərdən et, afiyət verdiyin kəslərdən et, dost etdiyin qullarının arasına qat! Verdiyin şeyləri mənim haqqımda mübarək et və hökm verdiyin (təqdir etdiyin) şeylərin şərrindən də qoru. Sənin dost etdiyin bir adam əsla zəlil olmaz. ”
İmam Həsəndən belə nəql edilmişdir:
Rəsulullah, “Mənə ərəblərin ağasını çağırın” dedi. Məqsədi Əli b. Əbu Talib idi. Aişə, “Ərəblərin ağası sən deyilsənmi?” deyincə belə buyurdu: “Mən adəmoğullarının ağasıyam. Əli isə ərəblərin ağasıdır. ”
Hz. Əli gələndə onu Ənsarın arxasınca göndərdi. Yanına gəldiklərində onlara xitab edərək  belə buyurdu: “Ey Ənsar camaatı, sizə sarıldığınız təqdirdə Məndən sonra əsla dəlalətə düşməyəcəyinizi göstərimmi?” “Bəli, ya Rəsulullah”  dedikləri zaman sözünə belə davam etdi: “Bu, Əlidir. Onu Mənim sevgim üçün sevin. Ona Mən dəyər verdiyim üçün dəyər verin və hörmət edin. Bunu mənə Cəbrayil belə əmr etdi. Bunu mən Allah tərəfindən sizə söylədim.”
Hz. Həsənin bu hədislərdən  başda atası Hz. Əli olmaqla bir çox səhabədən rəvayət etdiyi hədisləri də vardır.

Allah şəfaətlərindən məhrum etməsin!

Mənbə: İmam Həsən, prof. Haydar Baş