Məhərrəm ayı

Qəməri ayların birincisi olan Məhərrəm ayı müsəlman aləminə xeyirli olsun! Məhərrəm ayı Allahın haram qıldığı aylardandır. Haram aylar haqqında Cənabi- Haqq belə buyurmuşdur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!” (Tövbə, 36).

Xüsusilə Məhərrəm ayında oruc tutmağın fəzilətilə əlaqədar  Rəsulullahın (s.ə.v.) xeyli nəsihətləri vardır.

Əbu Hureyrədən rəvayət olunduğuna görə, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc,  Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə namazıdır” (Müslim; hədis no: 1163).

Əli ibn Əbu Talibdən (ə.s) belə  rəvayət edilmişdir: “Bir adam, “Ramazan ayından sonra hansı ayda oruc tutmağımı əmr edirsən?”- deyə soruşdu. Əli (ə.s) ona dedi: “Mən Rəsulullahın  yanında oturarkən bir nəfərdən başqa heç kəsin bu barədə soruşduğunu eşitmədim.”. Həmin şəxs: “Ey Allahın Elçisi! Ramazan ayından sonra hansı ayda oruc tutmağımı əmr edirsən?”- deyə soruşdu. Rəsulullah (s.ə.v.) “Ramazandan sonra oruc tutacaqsansa, Məhərrəm ayında tut. Çünki o, Allahın aylarından ilk aydır. O ayda bir gün vardır ki, o gündə Allah bir cəmiyyətin tövbəsini qəbul edib bağışlamışdır. Başqa bir cəmiyyəti də bağışlaya bilər.”- deyə buyurdu” (Tirmizi).

Ənəsdən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.v) belə buyurdu: “Kim haram aylarda (Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb) üç gün oruc tutarsa, o şəxsə  900 illik ibadət savabı verilər.”.

Rəsulullah (s.a.a.) buyurdu: “Kim hər hansı bir haram ayda Cümə axşamı, Cümə və Şənbə olmaqla  üç günü oruclu keçirsə, ona (hər günə qarşılıq) 900 il ibadət savabı yazılar.”. (Taberani).

“Hər kim Məhərrəm ayından bir gün oruc tutsa, ona hər günə qarşılıq 30 gün (oruc savabı) yazılar.” (Gunyetü’t-Talibin).

Hədislərdən, İslam dünyası üçün Hicri yeni ilin başlanğıcı olan Məhərrəm ayının orucla keçirilməsinin fəzilətli olduğunu görmək olar. Bundan əlavə, bu ay Rəsulullahın (s.ə.v) oğlum dediyi İmam Hüseynin (ə.s) şəhid edildiyi  bir matəm ayıdır və  Kərbəla faciəsi Hz. Hüseynin (ə.s) şəhid edildiyi gün kimi öz əhəmiyyətini bu gün də saxlamaqdadır.

İndi isə  İmam Hüseynin (ə.s.) faciəsinə ağlamaqla əlaqədar aşağıdakı hədisləri qeyd etmək istəyirik  ki, idrak etdiyimiz Məhərrəm ayının əhəmiyyəti daha yaxşı aydın olsun.

İmam Sadiqdən (ə.s.) belə rəvayət edilir: “Hüseynin (ə.s) başına gələnlərdən başqa heç bir müsibətə ağlamaq yaraşmaz. Hüseyn ibn Əliyə ağlamağın böyük bir fəziləti və savabı vardır.”.

Bu faciəyə ağlamağın fəziləti haqqında daha bir hədis belədir: “Möminlərin ürəyində Hz. Hüseynin (ə.s) ölümü haqqında əbədi sönməyəcək bir hərarət vardır.” (İmam Hüseyin, Prof. Dr. Haydar Baş).

Yəni, Hz. Peyğəmbərin (s.ə.v) oğlunun yasına ağlamaq Allah Təalanın istəyidir. Allah bu ayı haqqıyla idrak etməyimizi nəsib etsin!