Ayə və hədislərdə İmam Əli (ə.s)

Əhli-Beyt ilə əlaqədar nazil olan ayələr Qurani – Kərimin dörddə birini təşkil edir. İbn Abbasın rəvayətinə görə,  Hz. Əli (ə.s) ilə əlaqədar tam 300 ayə enmişdir. Biz burada onların bəziləri barədə məlumat verəcəyik:

  1. Təthir” ayəsi:

Təthir ayəsi, Əhzab surəsinin 33-cü ayəsidir: ‘Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!’

  1. “Məvəddət” ayəsi:

Məvəddət ayəsi Şura surəsinin 23-cü ayəsidir: «(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm».

  1. “Mübahələ” ayəsi:

Mübahələ ayəsi Ali-İmran surəsinin 61-ci ayəsidir: «(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”

  1. “Əbrar” ayələri: 

Əbrar ayələri İnsan surəsinin 5-12-ci ayələridir.

Müfəssirlər bu surədəki ayələ­rin hamısının Hz. Əli (ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) azuqələrini miskin, yetim və əsirə sədəqə vermələri barədə enməsində həmrəydirlər.

 Allah (c.c) qatında Hz. Əlinin (ə.s) yeri

Rəsulullah (s.ə.v) buyurdu: “Ey Əli! Mən (Merac Gecəsində) göyə çıxarılanda, mələklər hər səmada Məni müjdələrlə qarşılayırdılar. Axırda Məni mələklərin bir yığıncağında qarşılayan Cəbrayıl (ə.s) dedi: “Ümmətin Əlinin sevgisi üzərində birləşsəydi, Allah (azzə və cəllə) Cəhən­nəm atəşini yaratmazdı”.

“Mən Meraca çıxarılanda, Rəbbim Mənə belə xitab etdi: “Ey Məhəmməd! Əliyə Məndən salam söylə! Ona de ki, O, vəlilərimin imamı və itaətkarlarımın nurudur. Ey Əli! Bu lütf və kəramətin üçün xoş olsun Sənin halına!”

“Mən (Merac Gecəsində) göyə çıxarılıb Sidrətül -Müntəhaya yetişəndə belə nida edildi: “Ey Məhəmməd! Əliyə xeyri tövsiyyə et! Şübhəsiz, O müsəlmanların ağası, müttəqilərin imamı və qiyamət günündə ağüzlülərin rəhbəridir”.

Hz. Əlinin (ə.s) Rəsulullahın (s.ə.v) nəzərində yeri

Rəsulullah (s.ə.v) buyurdu: “Bu Əlidir. Onu Məni sevdiyiniz üçün sevin. Onu dəyərləndirdiyim üçün dəyərləndirib hörmət edin! Bunu Mənə Cəbrayıl əmr etdi. Bunu Mən, Allah (c.c) tərəfindən sizə söylədim”.

“Mən gecəyarı səmaya çıxarılanda, Rəbbimə iki yay qədər və ya daha yaxın idim. Rəbbim Mənə vəhy etməsi gərəkəni vəhy etdi. Sonra belə buyurdu: “Ey Məhəmməd! Əli b. Əbu Talibi “Əmirəl-möminin”- deyə çağır! Mən nə Ondan əvvəl, nə də Ondan sonra heç kimi bu adla çağırmadım”.

Hz. Əli (ə.s) – haqq xəlifədir.

Rəsulullah (s.ə.v) buyurdu: “Heç şübhəsiz, Allah (c.c) Mənim ilə Əli arasında qardaşlıq bağı yaratdı. Yeddi göyün fövqündə qızımı Ona nigahladı, müqərrəb mələklərini də buna şahid tutdu, Onu vasi və xəlifə təyin etdi”.

Hz. Əlinin (ə.s) dostu və onun axirəti

Rəsulullah (s.ə.v) buyurdu: “Ey Əli! Sən Məndənsən, Mən də Səndən. Sənin ruhun ru­humdan, xəmirin xəmirimdən, tərəfdar­ların isə xəmirimizin artığından yaradılmışdır. Deməli, onları sevən bizi sevmiş, onlara nifrət edən bizə nifrət etmişdir. Ey Əli! Tərəfdarlarının günahları və qüsurları bağışlanar. Ey Əli! Mən sabah Məqamı – Mahmudda duranda, tərəfdarlarının şəfaətçisi olacağam. Bunu onlara müjdələ!”

Hz. Əlinin (ə.s) düşməni və onun axirəti

Rəsulullah (s.ə.v) buyurdu: “Ey Əli! Səni sevən, şübhəsiz Məni sevmişdir. Məni sevən də Allahı sevmişdir. Sənə nifrət edən, şübhəsiz Mənə nifrət etmişdir. Mənə nifrət edən, şübhəsiz Allaha nifrət edər. Allaha nifrət edənin üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”.

“Dostum Allahın dostu, düşmənim Allahın düşmənidir. Məndən sonra Sənə nifrət edənin vay halına!”.

“Ey Əli! Sənə yardım edən, Allaha yardım etmişdir. Səni tənha qoyub ayrılan, Allahdan ayrılmışdır”.

“Ey insanlar! Kim Əli ilə xoş əlaqə qurarsa, Mən də Onunla xoş əlaqə yaradaram. Kim Əli ilə əlaqəsini kəsərsə, Mən də Onunla əlaqəmi kəsərəm. Əlini incidəni incidərəm, sevəni sevərəm, düşməninə düş­mən olaram”.

“Ey Əli! Qiyamət günü qurtulanlar Sənin tərəfdarlarındır. Onlardan birini təhqir edən, Səni təhqir etmiş, Səni təhqir edən isə Məni təhqir etmişdir. Beləsini Allah əbədi olaraq (Cəhənnəm) atəşinə daxil edəcəkdir. Ora nə pis dönüş yeridir”.

Mənbə: Prof. Dr. Heydər Baş,  “İmam Əli”, səh.13