Ey Möminlər!

Sizə nəzarət edən ilahi qüvvəni unutmayın.
Aldığınız hər nəfəsin hesabı sizdən soruşulacaqdır. Buna görə də ilahi hesab gününə ən gözəl şəkildə hazırlaşın. Ömür qısadır; bir yuxu kimi gəlib keçər və siz bunu heç hiss etməzsiniz (fərqinə varmazsınız). Sonda peşman olmağınızın da heç bir faydası olmaz. Buna görə indidən tədbirinizi görün.

Ananıza, atanıza və ailənizə ədalətlə davranın. Əlbətdə onların sizin üzərinizdə bir haqqı vardır. Əgər siz onların haqqını qorusanız, Allah bütün işlərinizi asanlaşdırar.

Bütün küskünlüklərə son verin. Mömin yalnız Allah üçün kin tutar, öz nəfsi üçün heç kimə qarşı kin saxlamaz. “İnandım” deyən hər möminlə qucaqlaşın və qardaş olun.

Heç kimə həsəd aparmayın. Əgər bir möminə paxıllıq etsəniz, bütün ibadətləriniz boşa gedəcək. Çünki Peyğəmbərimiz bir hədisi- şərifində: “Atəş odunu yandırıb kül etdiyi kimi, həsəd də möminin əməlini yandırıb yox edər” – buyurur. Bir də ki, həsəd aparmağa nə gərək var? Mülkün sahibi Allah – Təaladır. Qulun əlində olana göz dikmək əvəzinə Onun xəzinəsindən istəyib almaq ən doğrusu deyilmi?

Qəbirlərinizi vaxtaşırı ziyarət edin. Fikir verin, orada yatanlar dünən sizin kimi həyatda olan insanlar idi. Deməli, siz də bir gün onlar kimi olacaqsınız. Həqiqi qəbir ziyarəti, ölmədən əvvəl ölümü yaşayan, hesaba çəkilmədən əvvəl nəfsini hesaba çəkə bilən insanın ziyarətidir. Əgər qəbir ziyarəti zamanı nəfsinizi hesaba çəkib təfəkkür etməmisinizsə, deməli siz o məzarı ziyarət etməmisiniz.

Yenə vaxtaşırı olaraq kasıbları sədəqə verməklə, yaşlı və uşaqları isə onlara hədiyyə almaqla sevindirin, sevginizi onlardan əsirgəməyin.

Ey Möminlər!

İbadətiniz sizi təvazökar eyləsin. Belə olan halda insanlarla daha yaxşı münasibət qurarsınız. Təvazökar insanların həyatı hüzur içində keçər.

Allahı zikr etməyi unutmayın. Allahın zikri qəlbinizə hüzur verəcək. Çünki Allah Qurani – Kərimdə “ Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” – buyurmuşdur.

Qürur və təkəbbür möminin ən böyük düşmənidir. Bu hal sizi küfrə qədər aparıb çıxara bilər.

Halalınız olmayan qadına baxmayın, pis niyyətli olmayın. Zinanın hər cür növü haramdır və hər növ zinanın da şiddətli cəzası vardır.

Heç kimə haqsızlıq etməyin. Hər kəslə ədalətlə davranın. Dində təqva yolunu seçin. Allaha təslim olun. Qəlbiniz Haqq ilə olsun.

Hamınız Allaha əmanət olun.

PROF. DR. HAYDAR BAŞ