Hz. Fatimə’nin (s.ə) uşaqlıq illəri

Hz. Xədicə, Hz. Cəbrayılın Rəsulullah (s.ə.v) vasitəsilə Hz. Fatimə (s.ə) haqqında gətirdiyi müjdəni heç vaxt unutmadı və övladına həmişə böyük diqqət və qayğı ilə yanaşırdı.

Rəsulullah’ın (s.ə.v) soyunu davam etdirəcək olan Hz. Fatimə (s.ə) qadınların mal kimi alınıb satılmasına, qız uşaqlarının diri-diri torpağa basdırılmasına səbəb olan cahiliyyə adətləri ictimai münasibətləri müəyyənləşdirdiyi şəraitdə dünyaya gəlmişdir. Onun südəmər dövrü İslamın ən ağır illərinə təsadüf etdiyi üçün çox çətin keçmişdir.

Qüreyşlilər İslam dininin möhkəmlənməsindən qorxduqları üçün  Peyğəmbərimizi (s.ə.v) öldürmək istəyirdilər. Ancaq  Peyğəmbərimizin  (s.ə.v)  əmisi  Əbu Talib  Rəsulullahın  (s.ə.v)  başına gələcək  təhlükələri  görüb  onu  Haşimoğullarından  ibarət  (Əbu Talib  Məhəlləsi)  adlanan  yerdə  yerləşdirdi.  Buradakı  insanlar  İslama  olan  imanını  çəkinmədən  etiraf  etdikləri  üçün  üç  il  mühasirədə  aclığa  və  qıtlığa  məruz  qaldı. Süddən kəsilən Hz. Fatimə (s.ə), Rəsulullah’ın (s.ə.v) can təhlükəsizliyi üçün gecələri Onun başının üstündə keşik çəkən müsəlmanları şəxsən öz gözləriylə görmüşdür.

Peyğəmbərimiz (s.ə.v)  başda  olmaqla,  əmisi  Əbu Talib  və  Hz. Xədicə  anamız  bu  dövrdə böyük fədakarlıqlar göstərmişlər.  Bu ağır dövr bitəndə Hz. Fatimə (ə.s) beş yaşında idi. Hz. Fatimə’nin (s.ə) beş yaşınadək olan uşaqlıq dövrü müsəlmanların ağır mücadilə dövrü ilə üst-üstə düşmüşdür. O, bu dövrdə atasının, anasının və digər müsəlmanların əziyyətinə, aclığına, yoxsulluğuna və eyni zamanda onların inancları uğrunda hər şeyə dözdüklərinə şahid olmuşdur. Hz. Fatimə (ə.s) Atasından İslamın yayılması yolunda hər şeydən keçməyin vacib olduğunu öyrənmiş və bu düşüncə onun gələcək həyatını istiqamətləndirmişdir.

Peyğəmbərliyin  10-cu  ili  “Hüzn İli” adlanır  və  bu  ildə  Hz. Xədicə  anamız  ilə  Əbu Talib  vəfat  etmişdir. Bu, Hz. Fatimə (s.ə) üçün çətin bir dövrün başlanğıcı idi, çünki anasına ən çox ehtiyacı olduğu bir dövrdə, yəni beş yaşında onu itirmişdi. Hz. Peyğəmbər (s.ə.v) dəfn işlərini həll edib Hz. Fatimə’nin yanına dönəndə “Atacan! Anam haradadır?” deyə soruşdu. Ona necə cavab verəcəyini düşünəndə Cəbrayıl (ə.s) nazil oldu və dedi: “Ya Muhamməd! Fatimə’yə cavabında de ki, anan zümrüd daşından olan bir sarayda tam dinclik və rahatlıq içində yaşayır.”

Rəsulullah (s.ə.v) Hz. Fatimə’ni (s.ə) bağrına basaraq sevgi və mərhəməti ilə anasının yoxluğunu unutdurmağa çalışdı. O, üç il evlənmədi və bütün diqqətini Hz. Fatimə’yə (s.ə) yönəltdi. Mənbələrdə göstərilir ki, Rəsulullah (s.ə.v) daima səfərdən dönəndə və yatmamışdan əvvəl Hz. Fatimə’nin (s.ə) saçlarından və üzündən öpərdi. Rəsulullah (s.ə.v) evləndikdən sonra da Hz. Fatiməni (s.ə) öz şəfqət və qayğısından məhrum etməmişdir. Bu, İslamın qız uşaqlarına verdiyi dəyərin canlı bir nümunəsidir.

Mənbə: Prof. Dr. Haydar Baş, Hz. Fatıma, s. 43-47;

Hazırlayan: Eyvazlı Fatimə.