Məni üç yerdə görəcəksən

Məni üç yerdə görəcəksən

Rəsulullah (s.ə.v) bəzi səhabələrinə belə buyurdu:
“Ey Allahın qulu! Allah üçün sev, Allah üçün nifrət et; Allah üçün dost ol və Allah üçün düşmən ol. Həqiqətən, Allahın vilayətinə yalnız bununla çatarsan. Əgər belə etməsə, namazı və orucu nə qədər çox olsa da, insan həqiqi imanı dada bilməz. Bu gün insanların bir-biri ilə qardaş olması daha çox dünya üçündür. Onlar dünya üçün bir-birilərini sevər və bir-birilərinə nifrət edərlər” (İləluş-Şərayi, 140/1).

İmam Sadiq (ə.s) buyurdu: “Bir-biriylə görüşən iki mömin insandan ən üstünü, qardaşını daha çox sevəndir” (əl-Məhasin, 1/411/937).

Yenə İmam Sadiq (ə.s) belə buyurdu: “Kim din üçün sevməz və din üçün də nifrət etməzsə, onun dini yoxdur” (əl- Kafi, 2/127/16).

İmam Cavad (ə.s) isə belə buyurmuşdur: “Allah peyğəmbərlərindən birinə belə vəhy etdi: Sənin dünyadan üz döndərməyin sənin rahatlığını, hər kəsi tərk edib Mənə tərəf yönəlməyin isə Mənim yanımda dəyərli olmağını təmin edər. Görəsən, Mənim üçün kiməsə düşmənçilik edib və ya kimisə sevmisənmi”? (Töhəful-Uqul, 455).
Peyğəmbər (s.ə.v) və Əhli- Beyt (ə.s) sevgisi barəsində isə Rəsulullahın (s.ə.v) bəzi hədisləri belədir:

“Qul məni özündən, nəslimi nəslindən, ailəmi ailəsindən və canımı canından çox sevmədikcə iman etmiş olmaz”. (İləluş-Şərayi, 140/3).

“Sizə verdiyi nemətlərə görə Allahı, Allahı sevdiyiniz üçün Məni, Mənə görə isə Əhli-Beytimi sevin”.

“Kim biz Əhli-Beyti sevsə, Allaha ilk nemət üçün həmd etməlidir”.

Rəsulullahdan, “Bəs ilk nemət nədir”? – deyə soruşduqda belə buyurdu: “Gözəl doğulmaqdır (halalzadəlikdir). Çünki bizi yalnız doğuluşu təmiz olanlar (halalzadə olanlar) sevər” (Mişkatul – Ənvar, 81).

İmam Əli (ə.s), bir gün günorta yanına gələn Həris Həmdanidən soruşdu: “Səni buraya nə gətirdi”?

O da, “Allaha and olsun ki, sənin sevgin” cavabını verdikdə Əli (ə.s) belə buyurdu: “Əgər doğru danışırsansa məni üç yerdə görəcəksən: Ruhun buraya -əliylə boğazına işarə edərək- gələndə, Sirat körpüsündən keçəndə və (Kövsər) hovuzunun yanında”. (əd-Dəavat, Ravəndi, 249/699 və Emali ət-Tusi, 278/531).

İmam Baqir (ə.s), Allah-Təalanın “Həqiqətən o artıq ən möhkəm ipdən yapışmışdır” ayəsi haqqında belə buyurmuşdur: “Bu, biz Əhli – Beytin sevgisidir” (Nurus-Səqəleyn, 1/263/1054) (Məhəmməd Məhəmmədi Reyşəhri, Mizanul-Hikmət).