Bu nur Mənim nurumdandır

Uca Allah belə buyurdu: “Bu nur Mənim nurumdandır; əvvəli nübüvvət, davamı isə imamətdir. Nübuvvət Mənim qulum və Rəsulum olan Məhəmmədə, imamət isə vəlim və höccətim olan Əliyə aiddir. Əgər o ikisi olmasaydı, bu aləmi yaratmazdım”.

İmam Həsən əl-Əsgəri (ə.s) buyurdu: “Rəbbimiz belə nida etdi :

“Ey Məhəmmədin ümməti! Rəhmətim qəzəbimin önünə, əfvim də cəzamın önünə keçdi. Siz Mənə dua etmədən əvvəl duanızı qəbul etdim. Məndən istəmədən Mən sizə verdim. Kim Mənim hüzurumda “Lə ilahə illəllah” deyərək şəhadət gətirər, Məhəmmədin Mənim qulum və Rəsulum olduğuna, Onun doğru sözlü və mübarizəsində haqlı olduğuna inanar, Əli ibn Əbu Talibin Onun qardaşı, Özündən sonrakı xəlifəsi və vəlisi olduğunu qəbul edər, eyni ilə Məhəmmədə itaət etdiyi kimi Ona da itaət edər və Ondan sonra gələn Allahın höccətləri, dəlilləri olan pak və seçilmiş vəlilərin vəlayətini qəbul edərsə, günahları dənizin damlaları qədər olsa belə ona cənnətimdə yer verəcəm” (Bixarul-Ənvar, c.26, s.276, 17-ci hədis).

Mufəzzəl ibn Ömər belə rəvayət edir: İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Allah mömin qullarına kəfil oldu!”

“O kəfalət nədir?”- deyə soruşdum.

İmam (ə.s) buyurdu: “Əgər mömin bəndə Allahın Rəbliyini, Rəsulullahın (s.ə.v) peyğəmbərliyini, Hz.Əlinin vəlayətini təsdiq edər və fərz buyurduğu şeyləri yerinə yetirərsə, ona öz yanında yer verəcək”.

Bunu eşidəndə dedim: “Vallahi bu elə bir kəramətdir ki, digər insanlara verilən heç bir kəramətə bənzəmir”.

Sonra İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Az əməl etsəniz belə, əvəzi qat-qat artırılmış olaraq verilər” (Sirrul-İman, s.22, Bəşarətul Musafadan rəvayət).

“Allah Hz. Rəsulullaha (s.ə.v) belə vəhy etdi: Mən ancaq sənin nübüvvətini və Əlinin vəlayətini təsdiq edənin əməllərini qəbul edərəm. Kim “Lə İlahə İlləllah və Muhəmmədən Rəsulullah” deyərsə və Əlinin vəlayətinə sarılarsa cənnətə girəcəkdir”(Bəşarətul Mustafa, s.92) .

İmam Cəfər Sadiq (ə.s) təkrar buyurdu: “Allah varlıqları yaratmadan iki min il öncə Hz. Məhəmməd və Hz. Əli Allah qatında bir nur idilər. O nuru gördükləri zaman mələklər nurun mənbəyini və parıldayan uzantılarını seyr edərək soruşdular:

“İlahımız və seyidimz, bu nur nədir?”

Allah onlara belə vəhy etdi: “Bu nur Mənim nurumdandır; əvvəli nübüvvət, davamı isə imamətdir. Nübuvvət Mənim qulum və Rəsulum olan Məhəmmədə, imamət isə vəlim və höccətim olan Əliyə aiddir. Əgər o ikisi olmasaydı, bu aləmi yaratmazdım” (Bixarul-Ənvar, c.15, s.11 və 12, Maanil Ahbardan)