HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbuzər Qiffari #2

Əbuzərin müsəlman olması

Əbuzər, uzun mənəvi axtarışlardan sonra, Məkkədə bir Peyğəmbərin zühur etdiyini eşitdi. Geniş məlumat almaq üçün qardaşını Məkkəyə yolladı. Qardaşı dönəndə qısa şəkildə belə bir xəbər gətirmişdir: “O, insanları yaxşı işlərə çağırır, pis işlərdən çəkindirir və uca əxlaqi fəzilətlərə dəvət edir.” Bu xəbər Əbuzəri sevindirdi və o, Məkkəyə getmək qərarına gəldi.

Məkkəyə çatanda Peyğəmbər (s.ə.v) ilə görüşməyin heç də asan olmadığını gördü. Bir tərəfdən O’nu və evini tanımırdı, digər tərəfdən də müsəlmanların vəziyyətinin gərgin olduğunu gördü. Qüreyşlilərdən birinə Məhəmməd’i (s.ə.v) axtardığını söyləməyin təhlükəli olacağını anladı. Buna görə də axşamadək Peyğəmbər ilə necə görüşəcəyini bilmədi.

Gecə hava qaralanda, Məscidü’l Haramda gecələmək istədi. Onun qərib olduğunu Hz. Əli (ə.s) anladı və yaxınlaşaraq hansı qəbilədən olduğunu soruşdu. Əbuzər Qifar qəbiləsindən olduğunu söylədi. Əli (ə.s) onu evinə dəvət etdi.

Əbuzər gecəni Hz. Əli’nin (ə.s) evində keçirdi. Amma sirrini O’na açmadı. Hz. Əli (ə.s) də bir şey soruşmadı. Əbuzər, ertəsi gün yenə Peyğəmbəri (s.ə.v) axtardı. Amma tapa bilmədi. Axşam yenə gecələmək üçün Məscidü’l Harama getdi. Hz. Əli (ə.s) yenə ona yaxınlaşaraq, “Öz evinin yolunu tanımağın vaxtı gəlmədimi?” deyərək, evinə dəvət etdi. Hz. Əli’nin (ə.s) bu nəzakətli dəvət ilə bir gecə də orada qaldı.

Yenə nə Əli (ə.s), nə də Əbuzər heç bir şey soruşmadı. Ancaq Əbuzər evdən çıxanda Hz. Əli’yə (ə.s) “Heç kimə deməzsən? Sənə bir şey demək istəyirəm” dedi. Hz. Əli (k.v) söz verdi. Əbuzər yanlız Peyğəmbəri (s.ə.v) görmək üçün Məkkəyə gəldiyini söylədi. Əli (ə.s) ona belə dedi: “Mən sabah səni Peyğəmbərin olduğu yerə aparacam. Amma O’nun düşmənləri bunu bilsə O’na əziyyət verərlər. Yaxşısı budur ki, sən Məni təqib et! Yolda Peyğəmbərin düşmənləriylə qarşılaşsam özümü bir işlə məşğul olan adam kimi göstərəcəm. O vaxt, sən yoluna davam et! Mən sənə çataram. Onlarla üzləşməsəm Məni təqib edərsən və girdiyim evə sən də girərsən.” Beləcə, qərarlaşdıqları kimi Əbuzər Hz. Əli’ni (ə.s) təqib edərək Peyğəmbəri (s.ə.v) görmə şərəfinə nail oldu.

Mənbələr qeyd edir ki, Əbuzər yanına gələndə Rəsulullah (s.ə.v) Quran surələrindən birini oxuyurdu. Əbuzər diqqətlə O’nu dinləyirdi. Bir müddətdən sonra Əbuzər yüksək səslə belə dedi: “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və Rəsuluhü.” Əbuzər Peyğəmbərə (s.ə.v) iman edən dördüncü, ya da beşinci adam idi. 

İslam dininin ortaya çıxdığı ilk günlərdə iman edənlərdən olduğu üçün İslam dininin öncüllərindən sayılırdı. Çünki Quran’da (Vaqiə, 10-11) bildirilir ki, Rəsulullah’ın (s.ə.v) Peyğəmbərliyinin ilk günlərində iman edənlərin məqamı, O’na sonralar iman edənlərdən daha ucadır. Əbuzər Qifari alim, arif, fəzilət sahibi, həm də həkim və xətib idi. İbn-i Həcər bildirir ki, “Əbuzər Qifarinin üstünlük və fəzilətlərinin sayı-hesabı yox idi.” O, müsəlman olduqdan sonra Peyğəmbər (s.ə.v) ilə birlikdə Allah (c.c) yolunda mücadilə etməyə başladı. Şeyx Tusi qeyd edir ki, “Əbuzər Qifari İmam Əli’nin (ə.s) ən böyük və sadiq dostlarından, Ərkan-ı Ərbaa’dan idi.” 

Əbuzər insanların ağaclardan yonub düzəltdikləri bütlərə sitayiş etmələrini böyük səhv hesab edirdi. Məkkədə bir müddət qaldıqdan sonra Rəsulullah’dan (s.ə.v) nə iş görəcəyini soruşdu. Rəsulullah (s.ə.v) ona belə buyurdu: “Sən öz qövmünün arasında İslam dinini təbliğ edə bilərsən. İndi öz qəbilənə dön və əmrlərimi gözlə!” Əbuzər dedi ki: “Qövmümün yanına qayıtmadan əvvəl bu xalqa, qadağalara baxmayaraq İslam dininin səsini çatdıracam.” Məscidü’l Haramda qüreyşlilər bu qərarla əlaqədar müzakirə aparırdılar. O, məscidə girərək yüksək səslə “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və Rəsuluhu” deyə bağırdı.

Tarixi mənbələrə görə bu səs, qüreyşliləri açıq döyüşə çağıran ilk səs idi. Onlar Əbuzərin üstünə cumub, onu vəhşicəsinə döydülər. Bu xəbər Peyğəmbərin (s.ə.v) əmisi Abbasa çatanda, məscidə gələrək onu xilas etmək üçün qüreyşlilərə belə dedi: “Siz hamınız tacirsiniz. Karvanlarınız qifar qəbiləsinin yanından keçir. Ona bir şey etsəniz, Qüreyşin ticarəti təhlükəyə düşər və oradan heç bir ticarət karvanı sağlam keçə bilməz.”

Abbasın bu sözləri onların özbaşınalıqlarına son qoydu və Əbuzər sərbəst buraxıldı. Ancaq Əbuzər ertəsi gün yenə həmin yerə gələrək eyni sözləri təkrarladı və yenə qüreyşlilər tərəfindən bərk döyüldü. Abbas yenə əvvəlki sözləri deyərək onu xilas etdi. Bir neçə gündən sonra Əbuzər Kə’bəni təvaf edərkən bir qadının Kə’bənin yanına qoyulan “asaf” və “nailə” adlı iki bütdən kömək istədiyini gördü. Əhvalı pozuldu və qadına belə dedi: “Bu ikisini evləndirsənə…” Qadın bu sözlərə hirslənərək bağırdı: “Sən müsəlman olmusan.” Qadının səsini eşidən gənc qüreyşlilər yenə Əbuzərin üstünə cumub onu döyməyə başladılar. Amma Bəkroğulları qəbiləsindən bir dəstə onu müşriklərin əlindən qurtardı.