HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbuzər Qifari #5

 Əbuzərin Rəbəzə çölündə vəfatı:

Əbuzər susuz və səssiz-səmirsiz Rəbəzə çölündə min bir əzaba qatlandı. Oğlunu burada itirdi. Bu yaşanan acı hadisələri, Allah Rəsulu (s.ə.v) 23 il əvvəl Təbuk səfərində xəbər verərək, belə buyurmuşdu:

“Əbuzər tək yaşadı və tək öləcəkdir. Məhşər günü tək qalxacaq və cənnətə tək girəcəkdir.”

Əbuzər Rəbəzə çölündə can verəndə vəfalı həyat yoldaşı ona baxaraq ağlayırdı. O, niyə ağladığını soruşanda dedi:

“İndi ölürsən, yanımızda səni kəfənləyəcək bir paltar belə yoxdur.”

Əbuzər belə cavab verdi:

“Ağlama! Bir vaxt, bir dəstə səhabə ilə Allah Rəsulu’nun yanında idim. O, bizə baxaraq belə buyurdu: ‘İçinizdən biri səssiz-səmirsiz çöllü-biyabanda, insanlardan uzaq bir halda öləcəkdir. Bir dəstə mömin gəlib onu dəfn edəcəkdir.’ O gün həmin yığıncaqda mənimlə olanların hamısı insanların yaşadığı izdihamlı yerlərdə vəfat etdilər. Onlardan bir mən sağ qaldım. Buna görə də Allah Rəsulu’nun xəbər verdiyi adam şübhəsiz ki, mənəm. Mən öldükdən sonra İraq hacılarının yolu üzərində otur. Çox keçmədən möminlərdən bir dəstə gələcəkdir. Mənim ölümümü onlara xəbər ver! Onlar nə lazımdırsa edəcəklər.”

Həyat yoldaşı, “Artıq karvanların keçmə vaxtı qurtardı” deyərək ümidsizliyə qapıldı. Ancaq Əbuzər, “Sən yolu gözlə! Allah’a and olsun ki, nə mən yalan söyləyirəm, nə də mənə xəbər verən yalan söyləmişdir.” Bu onun son cümlələri idi. Sonra Haqqın rəhmətinə qovuşdu. Az sonra Əbuzərin dediyi kimi, uzaqda bir karvan göründü. Bu karvanda Abdullah b. Məsud, Hucr b. Adiyy və Malik b. Əşdər kimi böyük şəxsiyyətlər var idi. Abdullah b. Məsud dəyərli dostunun vəfat etdiyini görəndə göz yaşlarını saxlaya bilmədi və belə dedi:

“Bəli, Allah Rəsulu doğru söyləmişdir. Sən tək yaşayar, tək ölər və məzarından tək dirilərsən.”

Daha sonra namazını qılıb, Əbuzərin əziz bədənini dəfn etdilər.

 

Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 240-241