HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Adiyy b. Hatəm-i Tai #3

Adiyy b. Hatəmin Hz. Həsən’ə (ə.s) beyəti:

Adiy Hz. Əli’nin (ə.s) şəhadətindən sonra İmam Həsən’ə (ə.s) beyət etdi. İmam ilə Muaviyə arasında Nuhayla deyilən bölgədə baş verən döyüşdə Hz. Həsən’in (ə.s) ordusunda döyüşdü. O’nun ordusuna qatılan ilk şəxs idi.

Muaviyə bir gün Adiyy b. Hatəmə Hz. Əli’nin (ə.s) necə bir şəxsiyyət olduğunu soruşanda o belə cavab verdi: “Ey Muaviyə! Allah’a and içirəm ki, Əli dərin düşüncəli, sağlam iradəli, dilindən ədalət saçan kamil bir insan idi. O, elm və hikmət mənbəyidir. Dünyapərəstlikdən uzaq gecənin zülmətində Rəbbinə dua edən bir aşiq idi. Çox düşünüb, çox ağlayardı. Tənhalıqda nəfsini hesaba çəkərdi. Əli kasıb həyat tərzi sürər və köhnə paltar geyinərdi. O, aramızda bizlərdən seçilməzdi. O’ndan bir şey istəyəndə, bizi yanına çağırardı. Çox təvazökar idi. Lakin buna baxmayaraq, ciddiliyi və əzəməti qarşısında dilimiz tutulurdu. Danışanda ağzından dürr və hikmətli sözlər tökülürdü. Yoxsulları və kimsəsizləri çox sevərdi. Güclü insanlar O’nun zülmündən qorxmaz, zəiflər də ədalətindən ümid kəsməzdi. Allah’a and içirəm ki, bir gecə öz gözlərimlə O’nu ibadət edəndə gördüm. Mehrabda qiyam halında ilan çalan adam kimi ağlayırdı. Mübarək səsi hələ də qulağımdadır. O, dünyaya belə müraciət etdi: “Ey dünya! Mənə yönəlmə, get başqalarını aldat! Mənim səninlə işim yoxdur. Səni üç təlaq ilə boşadım və artıq Mənə dönə bilməzsən. Sənin ləzzətin keçicidir, ah! Yol uzun, ərzaq az…” Adiyy bunları söylərkən Muaviyə özünü saxlaya bilmədi və ağlamağa başladı. Göz yaşlarını silərək belə dedi: “Allah Əli’yə rəhmət etsin!

Həqiqətən, anlatdığın kimi uca bir şəxsiyyət idi.” Sonra Adiyydən belə soruşdu: “İndi söylə! Əli’nin ayrılığına necə dözürsən?” Adiyy belə dedi: “O’ndan ayrılmağın dərdi, eynilə oğlunun başı ətəyində kəsilən bir ananın dərdinə bənzəyir. Heç bir zaman göz yaşları qurumamış və qəmi bitməmişdir.”

Muaviyə belə soruşdu: “Heç Əli’ni unutduğun bir gün oldumu?”Adiyy belə dedi: “Dünya Əli’nin xatirələrini başımdan çıxara bilərmi? Adiyy b. Hatəm hicrətin 68-ci (və ya 69) ilində Kufədə 120 yaşında Haqqın rəhmətinə və dostu Hz. Əli’yə (ə.s) qovuşdu.