Hz. Əli’nin (ə.s.) Əshabı – Cabir ibn Abdullah #1

Cabir ibn Abdullah

Cabir Hazrəc qəbiləsindən Abdullah ibn Amr ibn Hirman Ənsarinin oğludur. O, kiçik yaşlarında atasıyla birlikdə ikinci Əqəbə beyətində 70 nəfərlik bir dəstəylə Məkkədə Peyğəmbərin (s.ə.v) yanında beyət etdi. Zəhəbiyə görə Cabir Peyğəmbərimizlə (s.ə.v) bərabər Bədr, Uhud olmaqla cəmi 18 döyüşdə iştirak etdi və 94 yaşında vəfat etdi. Allah Rəsulu’nun (s.ə.v) vəfatından sonra Peyğəmbərin (s.ə.v) gerçək xəlifəsi və vasisi olan Hz. Əli’nin (ə.s) tərəfdarı oldu. Siffin döyüşündə Hz. Əli’nin (ə.s) ordusunda yer alıb, Muaviyəyə qarşı döyüşdü. Cabir b. Abdullah çox uzun bir ömür sürdü. Peyğəmbərin (s.ə.v) salamını beşinci imam Muhamməd Baqirə (ə.s) çatdırdı. O, İmam Hüseyn’in (ə.s) şəhadətindən sonra Kərbəlada O’nun məzarını ilk ziyarət edən şəxsdir.

İmam Sadiq (ə.s) Cabirin Əhli-Beyt’ə olan sevgisini belə anladır: De: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən (Əhl-i Beytə sevgidən) başqa bir şey istəmirəm. (Şura, 23). Bu ayə enəndə Allah’a and olsun ki, Səlman, Əbuzər, Ammar, Miqdad, Cabir və Peyğəmbərin köləsi Zeyd b. Ərkamdan başqası itaət etmədi.”

Əllamə Əmini belə nəql edir: “Həccac b. Yusuf Saqafi Zübeyrin oğlunu öldürdü və sonra Məkkəni işğal etdi. Oradan Mədinəyə hərəkət etdi. Həccac Mədinədə Hz. Əli’nin (ə.s) yaxınlarına əziyyət və işkəncə verdi. Hz. Əli’nin (ə.s) dostlarına qızarmış dəmirlə dağ basdı. Bu işkəncə­lərlə başqalarına göz dağı verirdi. Həccac Cabir b. Abdullah Ənsarini də qızarmış dəmirlə dağlayaraq işkəncə verdi.”

İmam Səccad (ə.s) belə buyurur: “Bir gün Cabir Hz. Həsən və Hz. Hüseyn’in əllərini və ayaqlarını öpürdü. Bunu görən bir qüreyşli dedi: ‘Sən Rəsulullah’ın ən böyük səhabələrindən birisən. Niyə bu iki nəfərin əl və ayaqlarını öpürsən?Cabir belə dedi: ‘Ey zavallı! Məndən uzaqlaş! Sən də bu iki dünya ağasının uca məqamlarını və üstünlüklərini mənim qədər bilsəydin məni qınamazdın. Əksinə, onların ayaq basdığı torpağı öpər və qoxusunu alardın.’