Hz. Əli’nin (ə.s.) Əshabı – Hucr ibn Atiyy Kindi #2

…Hucr Siffin döyüşündə İmam Əli’nin sərkərdələrindən biri idi. O, bu döyüşdə böyük qəhrəmanlıqlar göstərdi. İmam Əli (ə.s) Siffinə doğru hərəkət edəndə Hucr b. Atiyy və bir dəstə yoldaşı İmam’ın yanına gəldilər. Onlar dərhal Şama gedib Muaviyənin işini bitirmək üçün təkid etdilər. Hucr İmam’a belə dedi: “Ey Əmirə’l-möminin! Biz döyüşün övladlarıyıq. Döyüşü bitirmək istəyirik. Sənin əmrinə tabeyik. Şərqə, qərbə və hara desən Sənin yanındayıq. Verdiyin hər əmrə sözsüz itaət edəcəyik! Hz. Əli (ə.s), “Qəbilən də sənin kimi düşünür?” deyə soruşdu. Hucr, “Mən onlardan yaxşılıqdan başqa bir şey görmədim. Bu əlim, onların adından Sənə səs verməyə hazırdır” dedi. Bundan sonra Hz. Əli (ə.s) ona dua etdi.

Hz. Əli’nin (ə.s) şəhadətində Hucr b. Atiyy

İbni Atiyy Ramazan ayının 19-cu gecəsi Kufə məscidində ibadətlə məşğul idi. İbn-i Mülcəm və yoldaşlarının məscidə girib-çıxmalarından bir şey planlaşdırdıqlarından şübhələndi. Mülcəmin yoldaşı Əşasa dönərək, “Ey təkgöz! Yoxsa İmam Əli’ni öldürmək istəyirsiniz?” deyərək məsciddən çıxdı. Vəziyyəti Hz. Əli’yə (ə.s) anlat­maq üçün evinə doğru hərəkət etdi. Ancaq Hz. Əli (ə.s) o gecə hər dəfə məscidə getdiyi yolla getmədi. Hucr məscidə qayıdanda, İmam Əli’nin mehrabda saqqalının qana boyanmış halda yerə yıxıldığını gördü. Xalq, “Əli öldürüldü” deyə bağırırdı.

İmam Əli İbn Mülcəmin qılınc zərbəsiylə yaralandıqdan sonra bir neçə gün yaşadı. Bu günlər ərzində Hucr Hz. Əli’nin (ə.s) başından bir an olsun belə ayrılmadı. Hz. Əli (ə.s) ona, “Bir gün səni Mənə lənət etməyə və söyməyə məcbur etsələr, nə edərsən?” deyə soruşdu. Hucr dedi: “Ey Əli! Allah’a and içirəm ki, məni qılıncla parça-parça doğrasalar, atəşə atıb yandırsalar, Səni sevməkdən əl çəkmərəm. Səni tərifləməkdən başqa bir şey söyləyə bilmərəm” İmam Əli dedi: “Allah sənə bütün işlərində xeyir və uğur gətirsin! Səni Rəsulullah’ın ailəsi tərəfindən mükafatlandırsın!”

Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 267