HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Səlman Farisi #3

Səlman haqqında olan hədislər

Allah Rəsulu’nun (s.ə.v) Səlmana xüsusi sevgisi vardı. Ona belə buyurmuşdur:

“Səlman, biz Əhl-i Beyt’dəndir.”

Bir gün Səlman, Peyğəmbərin (s.ə.v) yanına gəldi və Allah Rəsulu (s.ə.v) onu ehtiramla yanında oturtdu. O məclisdə olan Hz. Ömər bundan narahat olaraq, “Bu əcəm kimdir ki, ərəbdən daha üstün bir yerdə oturmuşdur” dedi.

Allah Rəsulu (s.ə.v) belə buyurdu:

“Hz. Adəm’dən günümüzə qədər insanların hamısı bir darağın dişləri kimi eynidirlər. Ərəbin əcəmdən və ağdərilinin zəncidən təqvadan başqa heç bir üstünlüyü yoxdur. Səlman dərin dəniz və tükənməyən bir xəzinədir. Səlman biz Əhl-i Beyt’dəndir. Elm, hikmət və dəlil ondan qaynaqlanar.”

İbn-i Burəyddən gələn bir rəvayətdə isə, Peyğəmbərin (s.ə.v) belə buyurduğu söylənilir:

“Uca Allah sevdiyi dörd nəfəri, Mənim də sevməmi əmr etdi. Bunlar Əli, Əbuzər, Miqdad və Səlmandır.”

Ənəs b. Malik belə rəvayət edir:

“Cənnət bu üç nəfəri görməyə tələsir: Əli, Ammar və Səlman.”

Səlman Hz. Peyğəmbərin (s.ə.v) vəfatından sonra ömrünün sonunadək Hz. Əli’nin xilafətini müdafiə etdi. O, Hz. Əbu Bəkrin xilafətinə açıq şəkildə qarşı çıxanlardan olmuşdur.

İmam Baqir (ə.s) Hz. Əli’dən (ə.s) belə rəvayət edir:

“Yer üzü Peyğəmbər ümmətindən yeddi nəfər üçün dardır. Onların varlığıyla insanlara ruzi (rızq) verilir. Onların vasitəsilə rəhmət yağışları yağdırılır. Səlman Farisi, Miqdad, Əbuzər, Ammar və Huzəyfə o yeddi nəfərə aiddir.”

Hz. Əli (ə.s) sonra belə buyurdu:

“Mən onların imamı və rəhbəriyəm. Onlarla birlikdə Fatimə’nin cənazə namazını qıldım. Səlman hər şeyini Allah (c.c) yolunda sədəqə verər və dolanışığını əl zəhməti ilə təmin edərdi. Geyindiyi cübbənin yarısını döşəkcə kimi istifadə edərək üstündə oturar, digər yarısını da yatanda üstünə sərərdi. İbn-i Əbi’l Hadid deyir ki, onun yaşamağa evi yox idi. Mədinəlilərin evlərinin kölgəsində oturardı. Bir gün biri ona, “Sənə yaşamaq üçün bir ev tikək” dedi. Səlman, “Mənim evə ehtiyacım yoxdur” deyə cavab verdi. Adam təkid edərək onu razı saldı. Ona genişliyi və yüksəkliyi öz boyu qədər olmaq şərtiylə bir ev tikildi.

Səlmanın gündəlik yeməyi quru çörək və su idi. Səlman Hz. Ömərin dövründə bir müddət Mədain valisi olmuşdur. Vali olmasına baxmayaraq, dünya ləzzətlərindən, büsatlarından qaçmış və görkəmsiz kiçik bir komada sadə həyat tərzi sürmüşdür. Mədain şəhərini sel basanda xalq mallarını toplayarkən, Səlman evində güzəranını təmin edən üç-beş parça sadə malını alıb təpəyə çıxan ilk adam olmuşdur.

Səlman xalqın pərişan halını görəndə belə dedi:

Qiyamətdə də az yükü olanlar xilas olacaqlar.”

Məsudi belə deyir:

“Səlman daima yun paltar geyinər, palansız miniyə minər və arpa çörəyi yeyərdi.

Son nəfəsində Sa’d b. Əbi Vəqqas belə dedi:

“Bizə bir az tövsiyə et!”.

Səlman dedi:

“Bir iş görmək istəyəndə, hökm verəndə, mal böləndə, xülasə hər bir halda Allah’ı xatırla!”.

Səlman bunları deyəndən sonra ağlamağa başladı. Sa’d b. Əbi Vəqqas, “Niyə ağlayırsan?” deyə soruşdu.

Səlman dedi ki:

“Allah Rəsulu’nun (s.ə.v) belə buyurduğunu eşitdim:

‘Qiyamətdə aşılması çətin olan yamaclar vardır. O yamaclardan sadəcə yükü və dünya malı az olanlar keçə biləcəkdir.’ Mənim ətrafımda gör nə qədər çox şey vardır.”

Sad b. Əbi Vəqqas deyir:

“Səlmanın ətrafına baxdım. Evində bir dənə qələm, su çuvalı və kuzədən başqa heç nə görmədim.”

Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 246-247.