Hz. Fatimə’nin (ə.s) Əsmaya vəsiyyəti

İslamda tabutun ilk dəfə tətbiqi:

Hz. Fatimə (ə.s) xəstə yatağında Əsma binti Üməysə belə buyurmuşdur:

“Ey Əsma! Cənazələrin üstünü zərif bir örtüklə örtərlər. Lakin o örtük altındakı cənazənin bütün bədəni görünür. Onun kişi və ya qadın olduğu bəlli olur. Mənə görə bu yaxşı adət deyildir. Mən onu heç sevmirəm.”

Əsma dedi:

“Ey Peyğəmbərin qızı Fatimə! Mən Əli’nin qardaşı, ilk ərim Cəfər Təyyar ilə bərabər hicrət etdiyimiz Həbəşistanda olarkən gördüm ki, oranın insanları cənazələrini indi sənə tərif edib göstərəcəyim kimi qaldırırdılar.”

Əsma istədi ki, onun üçün budağından və yarpağından soyulmuş, yaş, nə incə, nə də qalın xurma budaqları gətirsinlər. O budaqları büküb əyərək yay kimi uzatdı və uclarını yerə batırdı. Üstünə bir çarşab ataraq örtdü. Bu, üstünə həsir örtülmüş mühacir arabalarına bənzədi. Hz. Fatimə (ə.s) bunu görəndə sevindi və dedi:

“Ey Əsma! Bax, bu üsul çox gözəl və yaxşıdır. Sənə vəsiyyət edirəm ki, Mən öləndə tabutumu bu cür edin və Əli ilə sən məni yuyun! Yuyub kəfənləyəndən sonra yanıma heç kimin girməsinə izin verməyin!”.

İmam Cəfər Sadiq (ə.s) bu barədə belə söyləyir:

“İslamda ilk tabut adəti, Fatimə’nin (ə.s) cənazəsinin tabuta qoyulması ilə başlamışdır. Fatimə (ə.s) sonunda vəfat etdiyi xəstəliyə tutulanda Əsmaya belə dedi:

‘Mən çox zəiflədim. Bədənim qurudu. Öləndə bədənimi gizlətmək üçün bir şey fikirləşə bilməzsiniz?’

Əsma dedi:

‘Mən Həbəşistanda olarkən onların bir şey düzəltdiklərini görmüşdüm. Sənə də ona bənzər bir şey düzəldimmi? Bəyənsən, sənin üçün də düzəldərəm.’

Hz. Fatimə (ə.s) də, ‘bəli’ dedi. Bunun üçün Əsma bir divan istədi. Gətirilən divanı tərsinə çevirdikdən sonra, xurma çubuqlarının gətirilməsini istədi və divanı dik tutduğu çubuqların üstünə bağladı. Sonra da üstünə bir örtük sərdi. Əsma dedi:

‘Onların belə düzəltdiklərini görmüşdüm.’

Fatimə (ə.s) dedi:

‘Mənə də eynisini düzəlt! Məni ört ki, Allah da səni atəşdən qorusun.’

 

Prof. Heydər Baş – Hz. Fatimə əsərindən