Namaz ilə bütün günahlar təmizlənər

Rəsulullah (s.a.a) belə buyurmuşdur: “Nə zaman ki, namaza durar, qibləyə yönələr, Ümmül-Kitabı (Fatihə surəsini) özün üçün mümkün olan digər bir surə ilə oxuyar, sonra rükuya gedər, rükunu kamil bir şəkildə yerinə yetirib səcdə edər, təşəhhüdə oturar və salam verərsənsə, öncəki namazdan bu namaza qədər etdiyin bütün günahlar bağışlanar” (Bihar, 82/205/6).

İmam Əli (ə.s) buyurmuşdur: “Kim namazı haqqını bilərək yerinə yetirərsə, günahları bağışlanmış olar” (əl-Hisal, 628/10).

Rəsulullah (s.a.a) əshabı ilə bərabər bir ağacın kölgəsində oturmuşdu. Peyğəmbər (s.a.a) bir budaqdan tuttu, onu yellədi və bir yarpaq yerə düşdü. Sonra etdiyi bu hərəkətin səbəbini əshabına belə buyurdu: “Müsəlman bir qul namaz qıldıqda, bu ağacın yarpaqları töküldüyü  kimi onun bütün günahları tökülər” (Bihar, 82/208/17).

İmam Əli (ə.s) buyurmuşdur: “Allah Rəsulunun (s.a.a) belə buyurduğunu eşitdim: ‘Allahın Kitabında olan ən ümidverici ayə “Günün iki ucunda və gecənin bir bölümündə namaz qıl” ayəsidir. Ya Əli! Məni haqq üzrə müjdələyici və xəbərdar edən kimi göndərənə and olsun ki, sizdən biri dəstəmaz aldıqda günahları əzalarından tökülər. Üzü və qəlbi ilə Allaha yönələrsə, namazı bitməmiş üzərində heç bir günah qalmaz və yeni doğulmuş körpə kimi olar. İki namaz arasında olan günahları da təmizlənər’.

Peyğəmbər (s.a.a) sıra ilə beş vaxt namazı saydı, sonra belə buyurdu: ‘Ya Əli! Ümmətim üçün beş vaxt namaz sizdən birinizin evinin qapısından keçən çaya bənzəyər. Əgər birinizin bədəni kirlənər və hər gün beş dəfə o çayda yuyunarsa, bədənində kirdən əsər – əlamət qalarmı? Allaha and olsun ki, beş vaxt namazın da ümmətim üçün belə bir hökmü vardır” (Məcmə’ül Bəyan, 5/308).

Rəsulallah (s.a.a) belə buyurmuşdur: “Siz (günah atəşindən) yanarsınız. Lakin sübh namazını qıldıqda onu yuyarsınız. Təkrar olaraq yenə yanarsınız. Lakin zöhr namazını qıldıqda onu yuyarsınız. Sonra yenidən yanarsınız. Lakin əsr namazını qıldıqda onu yuyarsınız. Sonra yenidən yanarsınız. Məğrib namazını qıldıqda isə onu yuyarsınız. Sonra yenidən yanarsınız. Lakin işa namazını qıldıqda onu yuyarsınız. Nəhayət  yatarsınız və sizlərə heç bir günah yazılmaz, özünüzü (günahdan) təmizlədiyiniz zaman sizə heç bir günah yazılmaz” (Bihar, 82/223/46).

Rəsulallah (s.a.a) belə buyurmuşdur: ” Hər namaz vaxtı gəldikdə bir carçının, ‘Ey insanoğlu! Qalxın və canınız üçün yandırdığınız atəşi söndürün’ deyə səsləndiyini eşitdim. Beləliklə, insanlar qalxar, təmizlənər və bu işləri ilə gözlərinin günahları tökülər. Namazlarını qılarlar və iki namaz arasında işlədikləri bütün günahlar bağışlanar. Sonra yenə canlarında günah atəşini yandırarlar. Günorta vaxtı gəldikdə o carçı yenidən ‘Ey insanlar! Qalxın və canınız üçün yandırdığınız atəşi söndürün’ deyə səslənər. İnsanlar da dəstəmaz alıb namaz qılarlar. İki namaz arasında olan bütün günahları bağışlanar. Əsr vaxtı gəlib çatdıqda eyni qayda ilə əməl edərlər. Məğrib və işa namazlarında da eyni qayda ilə bunlara riayət edərlər. Nəticədə bağışlanmış bir halda yuxuya gedərlər” (Bihar, səh. 224/46).

Mənbə: (Məhəmməd Məhəmmədi Reyşəhri, Mizanu’l Hikmət)