Rəsulullahın (s.ə.v) həyatını nəyə görə araşdırırıq?

Hz. Peyğəmbərin həyatının araşdırılmasında məqsəd sadəcə İslam tarixinin müəyyən bir dövrünü deyil, əksinə, Səadət Əsrinin nuruyla yaşanan zamanı və gələcək çağları işıqlandır-maqdır.

Məhz Səadət Əsri dinə sahib çıxmaqda bizə, «inandım» deyən hər kəsə bir güzgü rolunu oynayır və konkret nümunələr göstərir. Qurani-Kərim bu ölçünü belə göstərir: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» (Əhzab, 21). Bu nümunə bəzən qəti bir əmr, bəzən tövsiyə, bəzən də bir hikmət və xəbərdarlıq edən bir ibrətdir.

Hər müsəlman Allahın kitabını və dinini anlayıb yaşamaq üçün Rəsulullahın yoluna, rəhbərlik və nümunəsinə möhtacdır. Çünki bir çox ayə Peyğəmbərin həyatındakı hadisələrlə aydın olur. Hz. Peyğəmbər (s.ə.v) Quranın canlı bir nümunəsidir. Onun əxlaqı Qurandır. Buna görə də Quranı anlamaq, Allahın istədiyi kimi olmaq Rəsulullahı mükəmməl şəkildə anlamaqdan və nümunə götürməkdən asılıdır. Rəsulullahı ən yaxşı anlayanlar ona varis olan və onun tərəfində dayanan kamil insanlar, Haqq dostlarıdır.

Rəsulullahın həyatında müşahidə olunan peyğəmbərlik şəxsiyyəti onu ideal bir nümunəyə çevirmişdir. Yaradılışına görə hər bir insan ideal bir nümunəyə möhtacdır. Nə qədər axtarılsa da Hz. Muhəmməddən daha ideal və daha gözəl bir nümunə tapmaq mümkün deyildir. İnsan onu tanıdığı, ona yaxınlaşdığı, onun varislərinə dost olduğu, onun mübarizəsinə sahib çıxanlarla bərabər olduğu zaman tədricən kamilləşir. Məhz Səadət Əsri bu dostluq və qardaşlığın yaşanmasında möminə yol göstərən bir nişanədir.

Allah Rəsulunun həyatını araşdıranda onun yaşadığı psixoloji halları, hadisələr qarşısında davranışlarını müşahidə etmək mümkündür. Bu isə öz növbəsində eyni yolu təmsil edənlərin çətinlik və müxtəlif hadisələr qarşısında davranış, diqqət və tədbirlərində gözünü açmaq və yol göstərmək baxımından mühüm rol oynayır.

Hər cür çirkinliyin yaşandığı cahiliyyə dövrünü Səadət Əsrinə çevirən Rəsulullah (s.ə.v) və onun kadrları diqqətdən yayındıqları zaman, insan xeyirxahlıq, gözəllik, ədalət və fəzilətlə bağlı nə varsa hamısını bir anda itirmək təhlükəsiylə qarşılaşır. Buna görə də «İslam» kimi bütün bəşəriyyətə təqdim edilmiş Allahın kamil mübarizəsi ancaq kamil bir rəhbər və kadrla davamlı inkişaf etdirilərək hədəfə çatdırıla bilər.

Hz. Peyğəmbərin həyatını öyrənib insanlarla münasibətinə nəzər yetirdikdə, onun təbliğ metodlarını anlamaq mümkün olur. İslamı təbliğ edərkən istifadə etdiyi metod və hissiyyat bizim üçün ən gözəl nümunədir.

Sirlər xəzinəsi, hikmətlər yurdu olan Səadət Əsrinin memarı Hz. Peyğəmbərin həyatını bilmək və onun nümunəvi həyatını yaşamaq, sülh, səadət, əmin-amanlıq və səadətin axtarıldığı hər əsrdə insanlığın yeganə məqsədi olmalıdır.

Mənbə: Prof. Heydər Baş, Rahmətən-lil aləmin, səh 20-22