Yaşayan şəhid Zeynəb (s.ə.)

İmam Rza (ə.s) Hz. Əlidən (ə.s) belə nəql edir:

“Allahın Rəsulu (s.ə.v) buyurdu: “ Kim nicat gəmisinə minmək və Allahın möhkəm ipindən yapışmaq istəyirsə, Əlini sevsin və onun övladlarından olan rəhbərlərə tabe olsun”. (Şevahis’üt- Tenzil, cild 1, səh. 168/177).

Əhli-beytin kişiləri kimi qadınları da İslam uğrunda mübarizədə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, ən çətin şərtlərdə belə ümmətin nicatı üçün hidayət və irşad vəzifələrindən əl çəkməmişlər.

Kərbəla günü Hz. Zeynəb (s.ə.) anamız qardaşı İmam Hüseynin (ə.s.) yanında idi. Məhəmməd və Avn adlı iki oğlunu Hz. Hüseynə (ə.s.) təqdim etdi. Məhəmməd on nəfəri öldürdükdən sonra şəhid oldu. Avn iyirmi bir nəfər piyada və atlını öldürdükdən sonra şəhid edildi. Bu kədərli mənzərə Hz. Zeynəbin (s.ə.) gözünün qabağında baş verirdi.

Böyük qardaşı Hz. Həsənin (ə.s.) on üç yaşlı oğlu Qasım və digər övladı Abdullah da Kərbəla günü Hz. Zeynəbin (s.ə.) gözləri önündə şəhidlik şərbətini içdilər və Hz. Zeynəb (s.ə.) şəhidlərin ağası İmam Hüseynin (ə.s) şəhadətinin canlı şahidi oldu.

İmam Hüseyn (ə.s.) son nəfəsini Onun qucağında verdi. Hz. Zeynəb (s.ə.) döyüş meydanına gəlib İmamı sinəsinə söykədi. O, şəhadət anında əlli yeddi yaşında olan İmamın otuz dörd qılınc və otuz üç nizə yarası ilə vücudunun parçalandığını gördü; mübarək bədəninin atlar tərəfindən tapdalanmasının çarəsiz halda şahidi oldu. Mübarək qardaşının barmağının kəsilərək üzüyünün oğurlanmasına, alt köynəyinə qədər çılpaq soyundurulmasına çarəsiz şəkildə ağladı. İmam Hüseynin (ə.s.) parçalanmış cəsədini görəndə ilk sözü “Allahım! Qurbanımızı qəbul et” oldu.

Deyirlər ki, İmam Hüseyn (ə.s.) Kərbəla faciəsinin şəhidi, Hz. Zeynəb (s.ə.) isə şahididir. Hz. Zeynəbin (s.ə.) Kərbəladan sonra “yaşayan şəhid” adlandırılması, bu qiyamlara şahid olaraq ağlasığmaz bir səbirlə təmkinli olmasındandır. Hz. Hüseynin (ə.s.) şəhadətindən sonra əsirlərlə birlikdə Şama, Yezidin sarayına aparılarkən Əhli-Beyt nümayəndəsi olaraq batil qarşısında əsla əyilməmiş; hər yerdə və hər fürsətdə Əhli-Beytin əzəmətini, Allahın yanındakı dəyərini və törədilən cinayəti hayqırmışdır.

Anası Hz. Fatimə (s.ə.), Hz. Əlinin (ə.s.) qəsb edilmiş xilafət haqqına görə Mədinədə xütbələr oxuduğu kimi, Hz. Zeynəb (s.ə.) də Kufə və Şamda Yezidin sarayında söylədiyi xütbələrlə Əhli-Beytin haqları haqqında insanları oyandırmağa çalışmışdır:
“Ey Yezid! Sən bu etdiklərinlə ancaq öz dərini soydun və yalnız öz ətini parçaladın. Çox keçməz ki, Peyğəmbər övladlarının qanını tökmək və Onun Əhli-Beytinə hörmətsizlik etməklə yükləndiyin bu məsuliyyətin altında Peyğəmbərin hüzuruna gələcəksən. O gün Allah onları bir yerə toplayacaq və haqlarını alacaqdır”.

Prof. Dr. Heydər Baş.