Əhli-Beytin Ramazanı

Şeyx Saduq, etibarlı bir sənəd ilə İmam Rza (ə.s) -dan, o da atalarından, onlar isə Hz. Əmirəlmöminin Əli (ə.s) -dan belə nəql etmişlər:
Bir gün Allah Rəsulu (s.ə.v) bizə bir xütbə oxuyaraq dedi: “Ey insanlar! Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə sizə tərəf gəlməkdədir. Bu elə bir aydır ki, Allah yanında ən üstün bir aydır. Onun günləri ən fəzilətli günlər, gecələri ən fəzilətli gecələr, saatları isə ən fəzilətli saatlardır. Bu ayda siz Allahın ziyafətinə dəvət edilmiş və Allahın dəyər verdiyi insanlardan sayılmısınız. Nəfəsləriniz bu ayda təsbeh (zikr), yuxunuz isə ibadət sayılır. Əməlləriniz və dualarınız qəbul olunur. Buna görə də Allahdan doğru niyyətlə və təmiz qəlblə istəyin ki, sizi bu ayın orucunu tutmağa və Onun Kitabını (Quranı) oxumağınıza müvəffəq etsin, çünki şübhəsiz ki, əsl bədbəxt (kimsələr) bu uca ayda Allahın bağışlanmasından məhrum olanlardır.
Bu ayda aclıq və susuzluğunuzla qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Kasıblara və yoxsullara sədəqə verin. Yaşlılarınıza hörmətlə yanaşın, kiçiklərinizə qarşı mərhəmətli olun; qohum-əqrəbanı ziyarət edin. Dilinizi qoruyun, gözlərinizi haramlara yumun, qulaqlarınızı haram olan şeylərə tıxayın. Xalqın yetimlərinə mərhəmət göstərin ki, sizin də yetimlərinizə mərhəmət göstərilsin. Günahlarınız üçün Allaha tövbə edin. Namaz vaxtları ən fəzilətli vaxtlardır. Namaz vaxtlarında Allah qullarına rəhmət gözüylə baxar. Ondan istədikdə cavab verər, Onu çağırdıqları zaman ləbbeyk deyər, Ona dua etdikdə qəbul edər.