9 Noyabr – Dövlət Bayrağı Günüdür

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa Vətəndir.

Bayraq, bir millətin kimliyini tərənnüm edən ən vacib atributdur. Bayraq məna etibarı ilə həm dövləti, həm milləti təmsil edir. Bizim bayrağımız da o qədər geniş məna ilə yüklüdür ki, milli kimliyimizi, irsimizi, inancımızı, mövqeyimizi, həyata baxışımızı və s. əks etdirir.

Mübarək şəhid qanı ilə boyanmış bir bayrağa, mübarək şəhid qanı ilə yoğrulmuş bir Vətən torpağına sahib olmaq dünyada hər xalqın, hər millətin nəsibində yoxdur. Bu səbəbdən Qiyamət sabahına qədər Vətənimizin və millətimizin var olmasını istəyiriksə, Bayrağımıza sahib çıxıb haqq etdiyi dəyəri vermək borcumuzdur.

Ulu öndər Heydər Əliyev

“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” demişdir.

Mərhum Türk İslam dünyasının dühalarından olan Prof. Haydar Başın çox dəyərli bir kəlamı da vətən və bayraq mövzusunda çox təqdirəlayiqdir: “Milli bayramlarını qeyd etməyənlər dini bayramlarını da qeyd edə bilməzlər. Evlərinizə bayraq asın. Yoxsa düşmən gələr, öz bayrağını asar.” Həqiqətən də, sahib çıxmadığımız bir Vətən, bir bayraq olmazsa, dinimizi yaşamağa da bir yurdumuz olmaz.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən şanlı bayrağımıza dövlətimiz tətəfindən daim ən ali səviyyədə sahib çıxılıb. Bayrağımızın düzgün istifadə olunması və qorunması ilə əlaqədar qanunlar qəbul edilib, sərəncam verilib.

Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Dövlət Bayrağı Günümüz günümüz mübarək. Şanlı bayrağımız daim zirvələrdə dalğalansın!