Azərbaycan Respublikası Silahlı Qüvvələr günü

Azərbaycan Respublikası Prezidentinin 22 may, 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.

1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

Müasir Azərbaycanda isə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi.

1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində 2020-ci ilin sentyabr 27-dən başlayan xüsusi əməliyyat sayəsində şanlı ordumuz Qarabağımızı terrorçuların işğalından azad etdi.
Bü gün müstəqil Azərbaycanın bayrağı Qarabağımızda qürurla dalğalanır.

Silahlı Qüvvələr gününüz mübarək!