Böyük alim, mütəfəkkir, Əhli-Beyt aşiqi prof. Heydər Başın vəfatından bir il keçdi

Düz bir il əvvəl, 14 aprel 2020-ci ildə Türk-İslam dünyası öz dəyərli övladını – prof. Heydər Baş bəyi itirdi. Onun vəfatı ailəsi, sevənləri ilə yanaşı həm də, həqiqi İslam tarixinin və Əhli Beyt irsinin araşdırıcısı, davamçısı kimi, İslam elmi üçün də böyük itki oldu.

Mərhum prof. Heydər Başın Əhli Beytin tanıdılması, təbliği, insanların könlündə Əhli Beyt sevgisinin yaranmasında xidmətləri əvəzsizdir. Ona görə də bu acı xəbər həm də ən çox Əhli-Beyti sevən insanları dərindən məyus etdi.

“Tövhidin, birliyin mərkəzi Əhli-Beytdir. İslamda Əhli-Beytdən başqa yol yoxdur. Əhli-Beyti sevmək Uca Allahın və onun Rəsulunun əmri, imanın gərəyi, İslamın gerçəyidir” – deyərək yola çıxan prof. Heydər Baş, başda Hz. Muhamməd (s.ə.v.), Hz. Əli (ə) və Hz. Fatimə (ə) olmaqla 12 İmamlarımızın (ə) həyatını və fəaliyyətlərini 15 cilddən ibarət “Əhli-Beyt külliyatı”nda qələmə aldı.

Öz həyatında da yalnız Əhli-Beytin mübarək əxlaqını əsas götürən prof. Heydər Baş Türkiyənin demək olar ki, bütün bölgələrində Əhli-Beyt simpoziumları, proqramları, seminarları təşkil edərək insanların Əhli-Beyti tanımasına, öyrənməsinə və sevməsinə vəsilə olmuşdur.

Azərbaycana və xalqımıza dərin sevgisi olan, ölkəmizi də öz doğma vətəni hesab edən prof. Heydər Başa Allah Təala rəhmət etsin, çox sevdiyi və həyatını həsr etdiyi Peyğəmbərimizə (s.ə.v.) və Onun Əhli-Beytinə qonşu eləsin, ailəsinə və bütün sevənlərinə səbr versin.