Hz. Fatimə (s.ə.) Validəmizin şəhadəti

İmam Sadiq (ə.s.) buyurur ki:

“Kunfuzun, Hz. Zəhranın (s.ə.) mübarək bədəninə endirdiyi zərbə, Onun uşağını düşürməsinə, bədəninin gündən günə zəifləməsinə və bilavasitə xəstə yatağına düşməsinə səbəb oldu. Belə ki, Hz. Əli (ə.s.) və Ümeys qızı Əsma Ona baxmaq məcburiyyətində qaldılar.”

Biharü’l-Ənvar’da Hz. Fatimənin (s.ə.) son anlarında Hz. Əli (ə.s.) üçün ağladığı bildirilməkdədir:

“Fatimə (s.ə.) can vermək üzrə ikən ağlayırdı. Əli (ə.s.): ‘Nə üçün ağlayırsan?’ deyə soruşdu.

Hz. Fatimə (s.ə.): ‘Sənin gələcəkdəki müsibətlərinə ağlayıram’ dedi.

Hz. Əli (ə.s.): ‘Ağlama, Allaha and olsun, bu kimi şeylər Mənim üçün heç əhəmiyyətli deyil’ buyurdu.”

Hz. Fatimə (s.ə.) öləcəyini anladığı zaman Hz. Əliyə (ə.s.) bunla­rı vəsiyyət etmişdir:

“Ey əmim oğlu! Şübhəsiz, ölüm xəbərim Mənə verilmişdir. Vəziyyətimin necə olacağını bilməsəm də, bir neçə saat sonra Atama qovuşacağam. İçimdə saxladığım bəzi şeyləri Sənə vəsiyyət edəcəyəm.”

Əli (ə.s.) ona bu qarşılığı verdi:

“İstədiyin şeyi Mənə vəsiyyət et ey Rəsulullahın (s.ə.v) qızı!”

Əli (ə.s.) Fatimənin (s.ə.) baş ucuna oturdu, evdə olan digər kəsləri çölə çıxardı. Sonra Fatimə (s.ə.) danışmağa başladı:

“Ey əmim oğlu, Səninlə birlikdə olduğum gündən bəri, Sənə heç yalan danışmadım və xəyanət etmədim, Mənimlə yaşadığın müddətdə Sənə qarşı gəlmədim.”

Əli (ə.s.) belə dedi:

“Allaha sığınıram. Sən Allahı ən yaxşı bilən, yaxşılıq və təqva sa­hibi, comərd, Allahdan çox qorxan birisən. Allaha and içirəm ki, Mənə qarşı gəlmisən deyə səni qınayacağım heç bir davranışın olmamışdır.

Sənin ayrılığın və Səni itirməyim Mənə ağır gəlir. Ancaq bun­dan qaçınmaq mümkün deyil. Allaha and içirəm ki, Rəsulullahı (s.ə.v.) itirməklə yaşa­dığım müsibətimi yenilədin. Sənin ölümün və Səni itirməyim böyük bir müsibətdir. Biz Allahdan gəldik və O`na dönəcəyik. Nə faciəvi, nə əzab verici, nə yaralayıcı və necə də hüzn verici bir müsibətdir bu! Bu müsibət qarşısında heç bir təsəlli Məni təskin et­məz, heç bir başsağlığı unutdurmaz bu ağrını. Bir uçurumdur ki, geridə heç­bir şey buraxmır.”

Sonra birlikdə uzun müddət ağladılar. İmam Əli (ə.s.) Fatimənin (s.ə.) başını sinəsinə qoydu və bunları söylədi: “Mənə istədiyini vəsiyyət et. Mənə əmr etdiyin hər şeyi etdiyimi görəcəksən. Sənin əmrini, Sənin işlərini Öz işlərimdən üstün tutacağam.”

Bunun üzərinə Hz. Fatimə (s.ə.) bunları söylədi:

“Mənə qarşı sərgilədiyin bu davranışından ötəri Allah Səni xeyirlə mükafatlandırsın. Ey əmim oğlu! Əvvəlcə Sənə bunu tövsiyə edirəm: Məndən sonra evlən. Çünki kişinin bir xanımı olması lazımdır.”

Ardından sözlərini belə davam etdirdi:

“Mənə haqsızlıq edən bu adamlara cənazəmi göstərməməyini töv­siyə edirəm. Onlar Mənim və Rəsulullahın (s.ə.v) düşmənləri­dir. Onların və onlara tabe olanların cənazə namazımı qılmalarına icazə vermə. Cənazəmi, gözlər yuxuya getdiyi, hər kəsin yatdığı gecə dəfn et.”

Biharü’l-Ənvar’da vəsiyyəti ilə əlaqədar bunlar yazmaqdadır:

“Ey əmim oğlu! Başımda ağladıqdan sonra, Məni yu, vücu­dumu açma. Çünki Mən pak və təmizlənmişəm. Üzərimə atam Rəsulullahın (s.ə.v) üzərinə tökdüyünüz kafurdan qalanı tök. Na­mazımı qıl, sonra qohumlarımdan digərləri ard-arda gəlib qılsınlar.

Məni gündüz deyil, gecə, açıqca deyil, kimsə görmədən giz­licə dəfn et. Qəbirimin izlərini yox et, müəyyən olmasın. Mənə zülm edən heç kimə cənazəmi göstərmə. Ey əmim oğlu! Məndən sonra evlənmədən yaşaya bilməyəcəyini bilirəm. Əgər bir qadınla evlənsən, bir gün və gecəni ona, bir gün və gecəni də uşaqlarıma ayır. Ey Əbül-Həsən! Oğullarımın üzünə qışqırma. Qanadı qırıq kimsəsiz yetimlər kimi görməsinlər özlərini. Çünki Onlar dünən Babalarını itirdilər, Bu gün anala­rını itirəcəklər”

Hz. Fatimə (s.ə.) xəstə yatağında Əsma binti Ümeysə belə bu­yurmuşdur:

“Ya Əsma! Cənazələrin üstünə bir örtü örtürlər, bax o örtü, altındakı cənazənin bütün bədənini göstərir, kişimi, qa­dın mı olduğu müəyyən olur. Mən bu adəti çox pis görürəm və heç sevmirəm.”

Əsma belə dedi:

“Ey Peyğəmbərin qızı Fatimə (s.ə.)! Mən Əlinin qardaşı, ilk ərim Cəfər Təyyar (r.a.) ilə birgə hicrət etdiyimiz Həbəşistanda ikən oralılar cənazələrini indi sənə təsvir edib göstərəcəyim kimi qaldırırdılar.”

Hz. Əsma, budağından və yarpağından soyulmuş, yaş, nə incə nə də qalın xurma budaqları istədi, gətirdilər. O budaqları bü­küp büküb əydi və yay kimi edib, uclarını yerə batırdı. Üzərinə bir çarşaf atdı və örtdü. Üzərinə həsir örtülmüş Mühacir kəcavəsi kimi bir şey oldu.

Hz. Fatimə (s.ə.) bunu görüncə çox məmnun oldu və dedi ki:

“Ya Əsma! Bax bu üsul çox gözəl və yaxşı imiş. Bax ya Əsma! Mən sənə vəsiyyət edirəm. Mən ölüncə tabutumu eynilə belə et və Əli ilə ikiniz Məni yuyun. Yuyub kəfənlərkən yanıma kimsənin girməsinə icazə verməyin.”

Əsmadən rəvayət edilir:

Fatimə (s.ə.) son nəfəsini vermək üzrə ikən Əsmaya belə dedi:

“Rəsulullah (s.ə.v.) vəfat edərkən, Cəbrayıl Cənnətdən kafur gə­tirmişdi. Rəsulullah (s.ə.v.) bu kafuru üç qismə ayırdı; bir qisimini Özü üçün, bir qisimini Əli (ə.s.) üçün və bir qisimini də Mənim üçün. Kafur qırx dirhəm ağırlığında idi.”

Sonra belə dedi:

“Ey Əsma! Atamın filan yerdə olan kafurunun geri qalanı­nı gətir və başımın ucuna qoy.”

Əsma kafuru gətirib başının ucuna qoydu. Sonra namaz qılmaq üçün dəstəmaz aldı, Əsmaya belə dedi:

“Sürtdüyüm qoxunu gətir. Namaz qılarkən geydiyim paltarlarımı gətir.”

Sonra dəstəmaz aldı. Örtünü üzərinə sərdi və belə dedi:

“Bir az gözlə, sonra Məni çağır. Cavab verdimsə bir şey yox de­məkdir. Amma cavab vermədimsə, bil ki Atamın yanına getmişəm. O zaman dərhal Əlini çağır.”

Artıq ölüm anı çox yaxınlaşınca, pərdə qalxdı və Fatimə Validəmiz (s.ə.) iti bir baxış yönəltdi və belə dedi:

“Cəbrayıla salam olsun! Rəsulullaha (s.ə.v.) salam olsun! Al­lah’ım Rəsulunun (s.ə.v.) yanına al! Allahım məmnuniyyətinə, qatı­na, yurduna, əmin-amanlıq yurduna al!..”

Sonra belə dedi:

“Bu göy xalqının karvanıdır. Bu Cəbrayıl, bu da Rəsulullahdır (s.ə.v.). Mənə səslənir: Qızım! Gəl! Burada Səni qarşılayacaq olan Sənin üçün daha xeyirlidir.”

Gözlərini açdı və belə dedi:

“Və əleykəssəlam, ey ruhları alan! Tələs. Mənə acı vermə.”

Və ardından belə dedi:

“Gəlişim Sənə olsun Rəbbim, atəşə deyil!”

Göz qapaqları yumuldu, əlləri yana düşdü, ayaqları boyun­ca uzandı.

Əsma səsləndi, cavab vermədi. Üzündəki örtüyü qaldırdı, Fatı­mə (s.ə.) həyatdan ayrılmışdı.

Üzərinə qapandı, bir tərəfdən öpür, bir tərəfdən də belə deyirdi:

“Ey Fatimə! Atan Rəsulullahın (s.ə.v) yanına getdiyin zaman Əsma binti Ümeysdən salam de.”

Həsən (ə.s.) və Hüseyn (ə.s.) evə gəldiklərində analarının üzə­rinin örtülmüş olduğunu gördülər.

Dedilər ki:

“Anamız bu saatda nə üçün yatır?”

Əsma dedi ki: “Ey Rəsulullahın (s.ə.v.) oğulları! Ananız yatmır. O bu dünyadan ayrıldı.”

Həsən (ə.s.) anasının üzərinə qapandı. Bir tərəfdən öpərkən, bir tərəfdən də belə dedi:

“Anacığım ruhum bədənimdən ayrılmadan bir dəfə daha mənimlə danış.”

Hüseyn (ə.s.) anasının ayaqlarını öpür və belə deyirdi:

“Mən oğlun Hüseyn, ürəyim çatlayıb ölmədən əvvəl danış mə­nimlə!”

Əsma, Həsən (ə.s.) və Hüseyn (ə.s.) dedi ki:

“Ey Rəsulullahın (s.ə.v.) oğulları! Gedin Atanıza Ananızın vəfat etdiyini xəbər verin.”

Həsən (ə.s.) və Hüseyn (ə.s.) məscidin yaxınlarına qədər gəldilər. Artıq özlərini tuta bilməyib yüksək səslə ağlamağa başladılar. Bu sırada bəzi səhabələr yanlarına gəlib, niyə ağladıqlarını sor­dular.

“Anamız Fatimə (ə.s.) öldü” dedilər. Bunu eşidincə Hz. Əli (ə.s.) üzü üstə yerə düşdü:

“Kim Mənə təsəlli verəcək, ey Muhammədin (s.ə.v.) qızı!”

Hz. Əli (ə.s.) Fatimənin (s.ə.) yanına gələrək üzündəki örtüyü qaldırdığında baş ucunda bir məktub gördü:

“Rəhman və Rahim Allahın adıyla. Bu, Rəsulullahın (s.ə.v.) qızı Fatimənin (s.ə.) vəsiyyətidir.

Fatimə, Allahdan başqa ilah olmadığına, Muhammədin (s.ə.v.) Onun qulu və elçisi, cənnət və cəhənnəmin haqq və qiyamətin qop­masında şübhə olmadığına və Allahın ölüləri dirildəcəyinə şahidlik edir.

Ey Əli! Mən Peyğəmbərin (s.ə.v.) qızı Fatiməyəm. Allahu Təala dünya və axirətdə Səninlə birlikdə olmağım üçün Məni Səninlə evlən­dirdi. Sən digərlərindən Mənə daha layiqsən; gecə Mənə qüsl ver, Məni kəfənlə, Mənim namazımı qıl, heç kimə xəbər vermədən məni torpağa tapşır; Səni Allaha ismarlayır və övladlarıma qiyamətə qədər salam göndərirəm.”

Hz. Əli (ə.s.) Fatimənin (s.ə.) vəsiyyəti üzərinə, kimsəyə xəbər etmədən Ona gecə gizlicə qüsl verib kəfənlədi və yalnız Salman, Əbuzər, Mikdad kimi bir neçə məxsus səhabənin iştirakıyla giz­licə dəfn etdi.

Qəbrinin tanınmaması üçün də dəfn edildiyi yeri yerlə bir etdi və ayrıca qırx dənə simvolik qəbir düzəltdi.

İmam Sadiq (ə.s.) belə buyurur:

“Hz. Fatimənin (s.ə.) şəhadətə çatmasının səbəbi budur:

İkinci xəlifənin qohumu olan Kunfuz, onun əmriylə əlindəki qı­lıncın qınıyla Hz. Fatiməyə (s.ə.) ağır bir zərbə vurdu, bu zərbənin nəticəsində oğlu Muhsin düşük oldu və ağır bir şəkildə xəs­tələndi, xəstə yatağına düşdüyündə, Ona zülm edən kəslərin Onu ziyarətə gəlməsinə icazə vermədi.”

Alimlərin fikir ittifaqına görə Atasından sonra yaşadığı müddətin bir ildən az olduğu qəbul edilməkdədir.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: “Hz. Fâtıma”, Prof. Dr. Haydar Baş