Hz. Hüseyn (ə.s)ın şəhadəti – Aşura günü

Əhli-Beyt imamlarının üçüncüsü, şəhidlərin əfəndisi Hz. Hüseyndir (ə.s).

Hz. Peyğəmbərin (s.ə.v) “əti mənim ətimdəndir” dediyi mübarək insan.

Cənnət gənclərinin əfəndilərindən olan Hz. Hüseyn (ə.s), xəlifəyə qarşı silahlı qiyama başlayan ilk imamdır.

Yezidin xəlifə olduğu dövr “şərab içən, meymunlarla yoldaşlıq edən, kişi və qadınlarla zina edən və bu halını xalqdan gizlətməyən” bir adamın dövrü idi. Sünnət artıq tamamilə tərk edilmiş, Qurandan uzaqlaşma gözlə görülən işlərə çevrilmişdi.

Bu şəraitdən narahat olan Kufəlilər, xəlifəsiz qaldıqlarını minlərlə məktubla Hz. Hüseynə (ə.s) bildirdilər. Məktubların sayı 15 minə çatanda xəlifə məqamına keçmək üçün addım atmaq xalqa qarşı məsuliyyətin bir göstəricisi olacaqdı.

Hz. Hüseyn (ə.s) də buna görə fəaliyyətə keçdi. Amma böyük qardaşı İmam Həsənə (ə.s) xəyanət edən Kufəlilər, “bizim xəlifəmiz ol” deyərək çağırdıqları Hz. Hüseynə (ə.s) də eyni xəyanəti etdilər.

Kufəyə doğru irəliləyərkən, Məkkə ilə Huneyn arasında Şair Fərəzdak ilə qarşılaşması və Fərəzdakın “Xalqın qəlbi sizinlədir, ancaq qılıncları əleyhinizədir” sözləri Kufəlilərdən görəcəyi rəftarı göstərirdi.

Hz. Peyğəmbər (s.ə.v) Hüseynin (ə.s)  anadan olmasından etibarən şəhid ediləcəyini bir çox hədisdə xəbər vermiş, hətta harada və kimin tərəfindən şəhid ediləcəyini də bildirmişdi.

Buna baxmayaraq, Hz. Hüseyn (ə.s)  bir an belə qorxu hiss keçirtmədən  şəhid ediləcəyi torpaqlara doğru yoluna davam etmişdir. Sanki bildiyi və gözlədiyi ölümə getməkdə idi.

Kərbəla hadisəsində əsas qayə isə Haqqı hakim qılmaqdır. Hz. Hüseyn (ə.s) İlahi-Kəlimətullah üçün ölümü belə əvvəlcədən nəzərə almışdı.

Öləcəyindən xəbərdar olması, yaşayacağı qədəri bilərək ona boyun əyməsi müdhiş bir təslimiyyətdir. Öldürüləcəyini bildiyi halda əl çəkmədiyi bu qətiyyətli qiyam, xəlifənin yanlışlarının ortaya çıxması, ümmətin oyanması və Quran əhkamına geri dönüşün başlanğıcıdır. Qiyamla başlayan bu proses qaranlıqların səhəridir ki, İmam canını bu yolda əsirgəməmişdi.

Burada Əhli-Beyt imamlarının bir imamdan digərinə keçən vəsiyyətindən bəhs etmək yerinə düşər.

“Allah, Nəbisinə vəfatından əvvəl bir yazı endirdi və dedi: ‘Ey Muhamməd! Bu, sənin soyundan seçilmişlərə ediləcək vəsiyyətdir.

Peyğəmbərimiz (s.ə.v): ‘Seçilmişlər kimlərdir, ey Cəbrayıl?’ – deyə soruşdu.

‘Əli ibn Əbu Talib və onun soyu’.

Yazının üzərində qızıldan möhürlər var idi.

Rəsulullah (s.ə.v) bu vəsiyyəti Əmirəlmömininə verdi. Bir möhrü açmasını və içərisində yazılı olanlara görə hərəkət etməsini əmr etdi. Əmirəlmöminin bir möhrü açdı və içində yazılı olan tövsiyyələrə uyğun olaraq yaşadı.

Sonra vəsiyyəti oğlu Həsənə (ə.s) verdi. Həsən (ə.s) möhürlərdən birini açdı və içində yazılı olan vəsiyyətə görə əməl etdi. Sonra vəsiyyət Hüseynə (ə.s) keçdi. Hüseyn (ə s) möhürlərdən birini açdı və orada bunların yazılı olduğunu gördü: Bir dəstə ilə bərabər şəhadətə çatmaq üçün hərəkətə keç. Onlar ancaq səninlə birlikdə olsa şəhadətə çata bilərlər. Özünü Allaha həsr et”.

Hz. Hüseyn (ə.s) bu yazılı vəsiyyətə görə əməl etmişdir. Kufəyə doğru irəliləyərkən, yanına gələn adamlara belə buyurmuşdur:

“Fəryadımızı eşitməməyiniz, qaraltımızı görməməyiniz üçün bu bölgədən uzaqlaşın. Çünki kim fəryadımızı eşidib və ya qaraltımızı görüb bizə bundan sonra yardım etməzsə, Allah Təalanın onu üzü üstə cəhənnəmə atmasına layiq olmuşdur”.

75 nəfərlik nur karvanı, Yezidin sərkərdəsi İbn Ziyadın başçılığı altında olan 30 min nəfərlik ordu ilə Kərbəla deyilən yerdə qarşılaşdı.

Bu ordudan ilk oxu heç kim ata bilmədi. Yaşanan qorxu, iman qarşısında küfrün əzilməsi idi. Nəticədə Allah Rəsulunun (s.ə.v) “oğlum” dediyi İmam Hüseyn Əfəndimiz (ə.s) şəhid edildi.

Kufəlilər Allahın ayəsinə qarşı əks getmək bahasına Yezidin gücündən qorxdular və İslamın ən böyük cinayətlərindən birini işlədilər. Yenə də gücün arxasında olmaq uğrunda Allahın ayəsinin əksinə gedən bir camaatın örnəyi…

Yenə az bir mənfəətə imanlarını satanların davranışı…

Böyük İmamın apardığı mübarizə zirvə nöqtəsində olan şücaətin isbatıdır.

“Humeyd ibn Müslim belə rəvayət etməkdədir: Bu günə qədər vücudunun müxtəlif yerlərindən yaralandığı, uşağı, ailəsi və yoldaşları gözünün önündə öldürüldüyü halda, onun kimi cəsarətini itirməyən, zərrə qədər bir qorxu əlaməti göstərməyən başqa birini heç görmədim. Piyada dəstələri ona hücum etdikləri zaman o da qılıncı ilə həmlə edir, qurdun keçi sürüsünə hücum edib sürünü iki yerə bölməsi kimi, sağından və solundan onları iki yerə yarırdı” (Əlamul Vera, c.1, səh. 67).

Kərbəla səhnəsinə əvvəlcə İmamın (ə.s) əshabı çıxdı. Özlərini ona sipər etmək üçün bir-birləri ilə yarışır, ölümə doğru qaçaraq gedirdilər.

Sonra isə Əhli-Beytin şəhadət şərbətini içmə növbəsi gəlib çatdı.

Əliyyül Əkbər, Müslim ibn Aqilin oğlu Abdullah, Hz. Qasım ibn Həsən, İmam Əlinin oğlu Ömər, İmam Əlinin digər oğlu Osman, Hz. Abdullah ibn Həsən, İmam Hüseynin (ə.s) qundaqdakı oğlu Əli Əsgər, Hz. Abbas şəhid edildilər.

İmamın mühafizəsi, cənnətə getməyin vəsiləsi və Cənabi Haqqın rizasına qovuşmanın yolu olmuşdur.

İmam Hüseyn (ə.s), apardığı misilsiz mübarizənin ardından Cümə günü günortadan sonra şəhid edildi. Şəhid edildiyi zaman 57 yaşında idi.

Şəhadət anında vücudunda 33 nizə və 34 qılınc yarası var idi.

Təəssüflər olsun ki, Səqifə kölgəliyində yaşananlar ilə dəyişməyə başlayan İslam nizamı xalqın arasında zamanla xoş qarşılanmış və xalq “Xəlifə belə edir, doğrudur” deyə danışmağa başlamışdır.

Allah Təala Quran və Sünnətdən yolunu azan xalqı düzəltmək üçün qanını və canını fəda edən İmam Hüseynin (ə.s) şəfaətindən ayırmasın. (Amin)

Prof. Heydər Baş