Hz. Peyğəmbərin (s.ə.v) doğumuna yer şəhadət etmişdir

* Rəsulullah (s.ə.v) dünyaya gəldiyi gecə Rəbiü’l-əvvəl ayının 12-də (11-dən 12-sinə keçən gecə; 07.10-08.10.2022-ci il), yer üzündə olan bir çox büt düşüb qırılmışdır.
* İran hökmdarı Kisranın tikdirdiyi tağlı sarayın on dörd qülləsinin bütün eyvanları həmin gecə aşmışdır.
* Kisranın Dəclə çayının sahilində tikdirdiyi böyük saray, o gecə çayın daşmasıyla yer üzündən silinmişdir.
* Məcusilərin əsrlərdən bəri yanan atəşləri həmin gecə sönmüşdür.

O zaman ərəblərdə olan ənənəyə görə, körpənin süd anasına verilməsi qərara alındı. Ancaq, heç bir süd anası, yetim bir uşağı almaq istəmirdi. Bu zaman, əmisi Əbu Ləhəbin cariyəsi Süveybə, körpəni bir müddət əmizdirdi. Qardaşı oğlunun doğumuna sevinən Əbu Ləhəbin, onun şərəfinə Süveybəni azad etdiyini və bu gün əzabının bir az yumşaldığını mənbələr bizə xəbər verir.

Nəhayət, Bəni Sə’d qəbiləsindən Həlimə binti Əbi Züeyb, Hz. Muhammədi (s.ə.v) qəbul etdi. O zaman Bəni Sə’d yurdu qıtlıq çəkirdi. Hz. Həlimə, körpənin gəlməsiylə inəklərin südünün artdığını, çadırın ətrafının yaşıllaşdığını, evinə bərəkətin gəldiyini bildirir. Rəsulullah (s.ə.v), bu köçəri süd anasının yanında çox sadə bir həyat tərzi sürmüşdür. Gündüz otlaqda sürülərə baxır, ailəyə yardım edirdi. Çox zaman xurma və süd ilə günlərini keçirirdilər. Hz. Muhamməd (s.ə.v) süd qardaşlarıyla çöllərdə oynayır və qoyunlara nəzarət edirdi. Bir gün, süd qardaşı Şeymanın çiynini bilinməyən bir səbəblə elə sıxmışdır ki, izi ömrü boyu silinməmişdir. Bir neçə ildən sonra bir döyüşdə əsir düşən Şeymanı, Rəsulullah (s.ə.v) bu yara izindən tanımış və gözləri yaşarmışdır.

«Şəqqu’s-Sədr» (köksün yarılması) hadisəsi də Hz. Həlimənin himayəsində olduğu vaxt baş vermişdir. Çöldə oynayan Hz. Muhammədin (s.ə.v) yanına gələn Cəbrail (ə.s) onun köksünü yararaq, qəlbini çıxardı. Kiçik bir parçasını göstərərək «Bu şeytanın səndəki nəsibidir» dedi. Sonra qəlbini zəmzəm suyuyla yuyub yerinə qoydu. Bu hadisə, Allahın onu seçdiyinə aid olan nişanələrdəndir.

Hz. Həlimə, Hz. Muhammədi (s.ə.v.) öz uşaqlarından çox sevirdi. Lap ilk gündən, onun fərqli olduğunu hiss edən Həlimə, onu gözü üstə qoruyurdu. Rəsulullah (s.ə.v) onun sağ döşündən süd əmər, sol döşünü isə qardaşlarına saxlayardı. Beş yaşında olanda, ondakı möcüzələr və üstün hallardan ürkən Hz. Həlimə, uşağı anasına təhvil verdi. Qısa bir müddətdən sonra anası, zənci cariyə Ümmi Əymən və bir xidmətçiylə Mədinəyə doğru yollandılar. Nəccaroğulları qəbiləsindən birinin evində qalıb, Rəsulullahın atasının qəbrini də ziyarət etmişlər. Rəsulullah (s.ə.v), bu səfər ərəfəsində bir su hövzəsində üzməyi öyrənmiş və Üneysə adlı bir qız qohumuyla oynadığını sonralar xatırlamışdır.

Hz. Aminə geri qayıdan zaman yol üstündə Əbva deyilən yerdə vəfat etdi və orada dəfn olundu. Rəsulullah (s.ə.v) o vaxt altı yaşında idi (Ailədə kişilər qədər qadınların da düşüncə səviyyələrinin yüksəldiyini göstərən amil, Hz. Aminənin bir çox şe’rləri ilə tanınması idi).
Zənci cariyə Ümmü Eymən ilə Məkkəyə qayıdan Hz. Muhamməd (s.ə.v), çox yaşlı olan babası Əbdülmütəllibin himayəsinə keçdi. Dərin tövhid inancına sahib olan bu şəfqətli insan, tənha və yetim nəvəsini çox sevir və onunla birgə Hira dağına çıxdığı və inzivaya (tənhalıq) çəkildikləri rəvayət olunur.

Peyğəmbərin (s.ə.v) əcdadından olan Əbdü-Mənaf oğlu Haşim, mərdliyi ilə tanınan bir tacir idi. Karvanlarının yolu Mədinədən keçərdi. Haşim, burada gözəl bir dul qadınla evləndi və bu evlilikdən Əbdülmütəllib dünyaya gəldi. O, yüksək xakarterli bir insan kimi tanınmışdır. İzi tamamilə silinən Zəmzəm suyunun yerini, gördüyü bir yuxuya əsasən axtarıb tapan bu inanclı insan, on uşağından birini Allaha qurban verməyə əhd etmişdir. Dua və istəyi yerinə yetdiyi zaman o, uşaqları arasında zər atdı və qurbanlıq kimi Rəsulullahın atası Abdullah çıxdı. Bir kahin qadının tövsiyəsiylə (Arrafə), müəyyən sayda dəvə və Abdullah, zər seçiminə buraxıldılar. Buradan hər dəfə oğlu çıxanda o, qurbanlıq heyvanın sayını artırırdı. On dəvə ilə başlayan bu seçim, yüz heyvanla bitdi və yüz dəvə qurban kəsildi.

Bu əhdi ilə bizə Hz. İbrahimi xatırladan Əbdülmütəllib, nəvəsi Hz. Muhamməd (s.ə.v) adına Allaha hər dua edəndə duası qəbul olunurdu. Babası vəfat edən zaman, Hz. Muhəmməd (s.ə.v), digər dörd əmisindən daha çox sevdiyi Əbu Talibə əmanət edildi. Çünki, o etibarlı, ağıllı, mərd və pak qəlbli bir insan idi. Digər əmisi Əbu Ləhəb isə, yüngül həyat tərzi keçirən əyyaş və əxlaqsız bir insan idi. Rəvayətlərə görə, o müğənni qadınlara şərab almaq üçün Kə’bəyə hədiyyə edilən zinətləri oğurlayırdı.

Əsasən, uşaqlıq dövründən başlayaraq Rəsulullah (s.ə.v) ilə Əbu Ləhəbin aralarının olmaması müşahidə olunur. Bir mübahisə ərəfəsində özünü deyil, Əbu Talibi müdafiə edən Muhəmmədə «Mən də sənin əminəm. Lakin qəlbim səni əsla sevməyəcək» deyə qışqıran Əbu Ləhəb, həyatı boyunca Hz. Muhammədə və onun mubarizəsinə qarşı çıxan bir nömrəli düşmən olmuşdur.

Rəsulullah (s.ə.v), çox zəngin olmayan, lakin mərdliyi ilə tanınan əmisinin yanında rifah içində yaşamırdı. Ancaq, Əbu Talib və zövcəsi, ona öz uşaqlarından daha yaxşı baxır, digər uşaqlar kimi süfrəyə atılmayan Rəsulullaha (s.ə.v) ayrıca yemək verirdilər. Rəsulullahın yengəsinə olan sevgisi, bir ana sevgisindən fərqlənmirdi.

Əbu Talib, Suriyaya yollanan zaman Rəsulullahın (s.ə.v) 9 (digər bir rəvayətə görə 12) yaşı var idi. Şam ilə Qüds arasında Busra deyilən bir yerdə karvan qonaqladı. Bura, Bizans ərazisinə aid olduğu üçün yaxınlıqda bir monastır var idi. Orada xristianlığı bilən və İncilin dərinliklərini araşdıran Bəhira adlı bir rahib, son peyğəmbərin tezliklə gələcəyini bilirdi. O, Əbu Talibə uşağın kim olduğunu soruşdu və «oğlum» cavabını alanda «O sənin oğlun ola bilməz. Bu uşağın atası çox güman ki, vəfat etmişdir» dedi. Əbu Talib, onun əmisi olduğunu söyləyəndə o, uşağı tezliklə həmin yerdən götürüb geri qayıtmasını tövsiyə etdi. Əbu Talib, Məkkəyə qayıtmağa tələsdi.

Allah Təala şəfaətinə nail etsin.

Mənbə: Prof. Dr. Haydar Baş, Rəhmətən Lil-Aləmin Hz. Muhamməd (s.ə.v.), cild-1, s.49.