Hz. Peyğəmbərimizin (s.ə.v.) şəhadəti

Əhli-Beyt qaynaqlarının ifadəsinə görə Rəsulullah (s.ə.v) vəziyyəti çox ağırlaşınca, “Mənə qardaşımı və dostumu çağırın” buyurdu.
Aişə Əbubəkri, Hafsa isə Öməri çağırdı. Ancaq Rəsulullah (s.ə.v) belə buyurdu: “Dağılın, əgər sizə ehtiyacım olsa sizi çağıraram.”
Əfəndimiz təkrar, “Mənə qardaşımı və köməkçimi çağırın” buyurdu. Ümmü Sələmə, “Əlini çağırın, Əfəndimiz Ondan başqasını istəmir” dedi. Əlini çağırdılar.
Rəsulullah (s.ə.v) Ona yaxınlaşmasını işarə etdi. Hz. Əli Ona sarıldı. Və uzun müddət Rəsulullah (s.ə.v) Hz. Əlinin qulağına bir şeylər söylədi.
Artıq Rəsulullahın vəfatı an məsələsi idi. Ruhunu təslim etmədən az əvvəl Əliyə (ə.s), “Ya Əli, başımı qucağına al, Allahın əmri gerçəkləşmək üzrədir. Ruhumu təslim edincə başımı özünə doğru çək. Məni qibləyə doğru yatırt. Mənə özün qüsl ver və sən kəfənlə. Hər kəsdən əvvəl sən Mənə namaz qıl və Məni dəfn etmədən əvvəl Məndən ayrılma və bütün bunları edərkən də Allahdan kömək dilə” buyurdu.
Bu əsnada Hz. Fatimə (s.ə) atasının üzərinə gələrək ağlamağa başladı. Rəsulullah (s.ə.v) Ona yaxınlaşmasını söylədi. Hz. Fatimə (s.ə) Ona yaxınlaşınca Əfəndimiz qızına yavaşca bir şeylər söylədi. Və Hz. Fatimənin (s.ə) ağlaması yüngülləşdi.
Əbu Əyyub əl-Ənsari belə deyir:
“Hz. Rəsulullah (s.ə.v) xəstələndi. Fatimə Onun ziyarətinə gələrək ağladı. Rəsulullah Onun bu vəziyyətini görüncə belə buyurdu: “Ey Fatimə! Allah səni çox sevir. Səni keçmişi hər kəsdən parlaq olan və elmi hər kəsdən daha çox olan biriylə evləndirdi. Allah yer üzündəki insanlara xüsusi bir şəkildə təvəccüh edib onların arasından Məni seçdi. Məni mürsəl bir peyğəmbər etdi, yenə yer üzünə təvəccüh etdi. Onların arasından ərini seçdi. Və səni onunla evləndirmək və onu qəyyum etməyim üçün Mənə vəhy etdi. Ey Fatimə! Ən üstün peyğəmbər bizdəndir. O da Atandır. Ən üstün qəyyum bizdəndir. O da yoldaşındır. Ən üstün şəhidlər bizdəndir. Onlar da atanın əmisi Həmzə və iki qanadıyla cənnətdə uçan və cənnətdə istədiyi yerə gedən atanın əmisi oğlu Cəfərdir. Cənnət gənclərinin əfəndiləri olan Həsən və Hüseyn bizdəndir. Və sənin övladlarındır. Canım əlində olan Allaha həmd olsun ki, bu ümmətin Mehdisi bizdəndir. O da sənin soyundandır.”
Allah Elçisi (s.ə.v) ruhunu təslim etdi. Əli (ə.s) sağ əliylə Əfəndimizin (s.ə.v) çənəsini tuturdu. Onu qibləyə doğru yatırdıb çənəsini bağladı. Üzərini örtərək qüsl və kəfən işlərinə başladı.
Hz. Əli (ə.s) Hz. Peyğəmbərə (s.ə.v) qüsl verdi, hanut etdi və Allah Rəsulunu kəfənlədi. Fəzl b. Abbas bu işlərdə Ona kömək edirdi. Qüsl və kəfən işlərini bitirincə Hz. Əli (ə.s) tək başına Ona namaz qıldı.
Ardından çöldə gözləyən kütləyə belə dedi: “Rəsulullah sağlığında da, öldükdən sonra da bizim imamımızdır. Kimsə imamlıq etmədən qrup qrup əfəndimizə namaz qılın. Allah hansı peyğəmbərin ruhunu harada alsa ora onun dəfn ediləcəyi yerdir. Mən Əfəndimizi vəfat etdiyi otağına dəfn edəcəyəm” dedi.
Daha sonra Məkkənin məzar qazıyanı Əbu Ubəydə b. əl-Cərrah və Mədinənin məzar qazıyanı Zeyd b. Salhı çağıraraq məzar qazdırdı. Məzar hazır olunca Hz. Əli (ə.s), Hz. Abbas və Fəzl b. Abbas, Usamə b. Zeyd və Ənsardan Avs b. Huli Peyğəmbərimizin (s.ə.v) mübarək nəşini məzara yerləşdirdilər. Hz. Əli (ə.s) şəxsən öz əliylə baş tərəfdən açıb üzünün sağ tərəfinə yatırdıb qiblə istiqamətinə istiqamətləndirdi. Və ovucuyla torpaq götürüb üzərini örtdü.
Bu acı hadisə Hicrətin 11-ci ilində Səfər ayının 28-ində bazarertəsi günü meydana gəldi.
Allah Təala aləmlərə rəhmət Hz. Muhamməd (s.ə.v.) və Əhli Beytinin şəfaətlərindən cümləmizi nəsibdar etsin!
Mənbə: Rəhmətən Li’l-Âləmîn Hz. Muhamməd (s.a.v.), 2-ci cild, Prof.Dr. Heydər BAŞ