Məhərrəm ayı

Qəməri ayların birincisi olan Məhərrəm ayı müsəlman aləminə xeyirli olsun! Məhərrəm ayı Allahın haram qıldığı aylardandır. Haram aylar haqqında Cənabi- Haqq belə buyurmuşdur:

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!” (Tövbə, 36).

Xüsusilə Məhərrəm ayında oruc tutmağın fəzilətilə əlaqədar Rəsulullahın (s.ə.v.) xeyli nəsihətləri vardır.

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Ramazandan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə namazıdır” (Müslim; hədis no: 1163).

Əli ibn Əbu Talibdən (ə.s) belə  rəvayət edilmişdir:

“Bir adam, “Ramazan ayından sonra hansı ayda oruc tutmağımı əmr edirsən?”- deyə soruşdu. Əli (ə.s) ona dedi: “Mən Rəsulullahın yanında oturarkən bir nəfərdən başqa heç kəsin bu barədə soruşduğunu eşitmədim.”. Həmin şəxs: “Ey Allahın Elçisi! Ramazan ayından sonra hansı ayda oruc tutmağımı əmr edirsən?”- deyə soruşdu. Rəsulullah (s.ə.v.) “Ramazandan sonra oruc tutacaqsansa, Məhərrəm ayında tut. Çünki o, Allahın aylarından ilk aydır. O ayda bir gün vardır ki, o gündə Allah bir cəmiyyətin tövbəsini qəbul edib bağışlamışdır. Başqa bir cəmiyyəti də bağışlaya bilər.”- deyə buyurdu” (Tirmizi).

Ənəsdən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.v) belə buyurdu:

“Kim haram aylarda (Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb) üç gün oruc tutarsa, o şəxsə  900 illik ibadət savabı verilər.”.

Rəsulullah (s.ə.v) buyurdu:

“Kim hər hansı bir haram ayda Cümə axşamı, Cümə və Şənbə olmaqla  üç günü oruclu keçirsə, ona (hər günə qarşılıq) 900 il ibadət savabı yazılar.”. (Taberani).

“Hər kim Məhərrəm ayından bir gün oruc tutsa, ona hər günə qarşılıq 30 gün (oruc savabı) yazılar.” (Gunyetü’t-Talibin).

Hədislərdən, İslam dünyası üçün Hicri yeni ilin başlanğıcı olan Məhərrəm ayının orucla keçirilməsinin fəzilətli olduğunu görmək olar. Lakin bununla belə, bu ayda Rəsulullahın (s.ə.v) oğlum dediyi Hz.İmam Hüseynin (ə.s) şəhid edildiyi bir matəm ayıdır və Kərbəla faciəsi Hz. Hüseynin (ə.s) şəhid edildiyi gün kimi öz əhəmiyyətini bu gün də saxlamaqdadır. İmam Hüseynin (ə.s) haqsızlığa, İslam dininin yox edilməsinə qarşı apardığı mübarizənin ardından, şəhadəti ilə Allaha qovuşub, vüslat şərbətini içmiş, nübüvvətdən sonra əldə ediləcək ən yüksək məqama, yəni şəhadət dərəcəsinə çatmışdır. İmam Sadiqdən (ə.s.) belə rəvayət edilir:
“Hüseynin (ə.s) başına gələnlərdən başqa heç bir müsibətə ağlamaq yaraşmaz. Hüseyn ibn Əliyə ağlamağın böyük bir fəziləti və savabı vardır.”.
“Möminlərin ürəyində Hz. Hüseynin (ə.s) ölümü haqqında əbədi sönməyəcək bir hərarət vardır.”
Kərbəla faciəsi üzərindən əsrlər keçməsinə baxmayaraq, dünyanın hər yerində, eləcə də, ölkəmizdə xüsusilə Məhərrəm ayında Hz. Hüseyn (ə.s) böyük ehtiram, sevgi, rəhmət və dualarla yad edilir.
Bu müqəddəs Məhərrəm ayının bütün İslam dünyası üçün xeyirlərə vəsilə olması və Hz. Hüseynin (ə.s) şəfaətlərinə layiq olmaq diləyi ilə, Allah (c.c) Kərbəla və Qarabağ şəhidlərimizə rəhmət eləsin.

Mənbə: “İmam Hüseyn”, Prof. Dr. Haydar Baş