Qurban Bayramınız mübarək olsun !

Bu gün Qurban Bayramını qeyd edirik. İslam aləminə mübarək olsun. “Qurban” sözünün mənası “yaxınlaşmaq” deməkdir. Allaha yaxınlaşmağa vəsilə olan qurban kəsmə ibadəti, hicrətin ikinci ilində müsəlmanlara vacib edilmişdir.

Qurban kəsmənin Qurandakı dəlili Kövsər surəsidir. Bu surədə Allah Təala, Rəsulullah əfəndimizə xitab olaraq: “فصل لربك وانحر – Rəbbin üçün namaz qıl və qurban kəs“- deyə buyurmaqdadır.

Qurban kəsməkdən məqsəd Allahın razılığıdır. Yoxsa Həcc surəsi 37-ci ayədə bəyan edildiyi kimi, “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz, lakin sizin təqvanız çatar.

Bu ibadət əsnasında Allahın zikri də əmr edilmişdir. “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üzərlərinə Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz!” (Həcc, 22/36).

Cabir (r.ə.)dən rəvayət edildiyi üzrə: “Peyğəmbər (sav.) ilə birlikdə namazgahda Qurban namazı üçün hazır oldum. Xütbəsini bitirincə minbərdən endi. Orada Peyğəmbərin bir qoçu vardı, Rəsulullah onu “Bismillahi Allahu Əkbər; bu, məndən və ümmətimin qurban kəsə bilməyənlərindən” deyərək öz əliylə kəsdi.

Qurban ediləcək heyvanlar barəsində Ənam surəsində buyrulan (Ən’am, 6/143) “qoyun, keçi, dəvə, mal-qara” erkək və dişi heyvanların səkkizinin də böyüklərinin qurban olaraq kəsiləbiləcəyi Hz. Peyğəmbərin sünnəti ilə bəyan olunmuşdur.

Qurban ətinin paylaşılmasına, ehtiyacı olan yaxınlarımızdan başlamaq lazımdır.
Bayram namazından əvvəl qurban kəsilməməlidir.

Bəvan b. Azibdən: “Rəsulullah (sav) bir qurban günü bizə xütbədə buyurdu: “Heç kim namaz qılana qədər qurban kəsməsin.” Bunun üzərinə dayım qalxdı: “Ey Allahın Elçisi! Bu gün ət günüdür, mən xanəmiz əhlini və qonşularımı doyurmaq üçün qurbanımı tələsik kəsmiştim. Bunda bir məkruh varmı?” – deyə soruşdu. Rəsulullah: “Elə isə bir daha kəs”- deyə buyurdu.

Ey Allahın Elçisi, yanımda bir südlük oğlaq var, iki ətlik qoyundan daha xeyirlidir, onu kəsimmi?“- soruşdu. “Bəli, o sənin iki qurbanının yaxşısıdır” -deyə Rəsulullah buyurdu.

Bu gün dünyanın ən zəngin qaynaqlarına sahib İslam aləminin böyük əksəriyyəti aclıq və səfalət içindədir. Belə ki, savabı böyük olan bu ibadəti maddi ehtiyac səbəbindən həyata keçirə bilməyən milyonlarla insan vardır.

Müsəlman dünyasının, savaşın və işğalın kölgəsində girdiyi mübarək bayram günündə, İslam aləminin üzərindəki zillətin bitməsini, haqq etdiyi zənginliklərə, rifaha və əmin-amanlığa qovuşmasını niyaz edirik.

Qurban bayramınız mübarək olsun !