Ramazan ayı xeyirlərə vəsilə olsun

İslam aləmi mübarək Ramazan ayına qədəm qoyur. Bəqərə surəsində bu ay haqqında “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183) buyrulmuş və oruc tutmaq əmr edilmişdir. Yenə Quranda Allah-Təala, “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir” (Bəqərə, 185).
Allahın razılığını umaraq orucumuzu tutacağımız və xilas yoluna aparan Qurani- Kərimi xətm edəcəyimiz mənəvi bir iqlimi (mühiti) yaşamağa başlayırıq.
Ramazan ayı, “Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım” deyən Allah-Təalanın yaradılış qayəsinə uyğun bir ibadət şüurunu qazanmağın ən gözəl vəsiləsidir.
Bugün Yaradanın unudulduğu, haqla batilin bir-birinə qarışdığı günləri yaşayırıq. Allahın Kitabı təəssüf ki, oxunmur. Onun əmrlərinə, haram və halal qıldıqlarına əhəmiyyət verən qalmamışdır.
Peyğəmbər Əfəndimizin (s.ə.v), “Mən sizə iki əmanət qoyub gedirəm. Onlara sıx şəkildə sarılsanız, əsla yolunuzu azmayacaqsınız. Bunlar Allahın Kitabı və mənim Əhli – Beytimdir” hədisində bəyan etdiyi Əhli – Beyti də haradasa könüllərdən silinmiş vəziyyətdədir.
Ali – İmran surəsinin 19-cu ayəsində belə buyrulur: “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır”. Əgər bizim məqsədimiz Allaha varmaqdırsa, bunun yeganə yolu ayə və hədislərdə bəyan edilən şəkildə yaşamaqdır.
İllərdir İslam aləminin Ramazan ayına qan və göz yaşları ilə girdiyini xüsusi vurğulamaq istərdik. Halbuki Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “Bir Müsəlmanın nahaq olaraq canına qəsd edən bizdən deyildir; bir Müsəlmanı qəsdən öldürən əbədi olaraq cəhənnəmlikdir”.
Təəssüf ki, İslam dünyası bir-birinə silah çəkən müsəlmanları barışdırmaq əvəzinə bu xaosa qarşı səssiz davranaraq Qərb dünyasından gələn əmrlərə rahat boyun əyməkdədir.
Hz. Peyğəmbər (s.ə.v), müsəlmanlar arasındakı bu ixtilafın və qəflət halının onların vətənlərini müdafiə etmələrinə də mane olacağını buyurmuşdur:
“Hz. Səvban (r.a) belə rəvayət edir: Rəsulullah (s.ə.v) belə buyurdu: “Süfrə başına yığılanlar kimi, əcnəbi qövmlərin sizin üzərinizə hücum edərək bir-birlərini çağıracağı zaman çox yaxındır”.
Orada olanlardan biri : “O gün sayımızın azlığına görəmi?” – deyə soruşdu. Rəsulullah (s.ə.v) belə cavab verdi: ‘Xeyr. Əksinə, o gün siz çox olacaqsınız. Sadəcə sizlər, selin özüylə bərabər yığıb gətirdiyi və heç bir ağırlığı olmayan çör-çöp kimi olacaqsınız. Allah düşmənlərinizin qəlbindən sizə qarşı qorxu hissini çıxaracaq və sizin qəlblərinizə zaafı atacaq!’
‘Zaaf nədir, ey Allahın Rəsulu?’ – deyə soruşulduqda Hz. Peyğəmbər (s.ə.v) buyurdu: “Dünya sevgisi və ölüm qorxusu” (Əbu Davud, Məlahim, 5).
Bu vəziyyət günümüzün reallığı deyilmi ?
Məqaləmizi Rəsulullahın (s.ə.v) bir xəbərdarlığı ilə bitirmək istərdik. Rəsulullah (s.ə.v) belə buyurdu: “Saleh əməllərə yapışın. Saleh əməllərə yapışın. Qiyamət qopmamışdan əvvəl gecə qaranlığının parçaları kimi fitnələr zühur edəcək. O dövrdə insanlar səhər mömin olaraq oyanar, axşama kafir olarlar. Axşam düşdükdə mömin olar, səhərə kafir olaraq çıxarlar. Bir çox insanlar dinlərini azacıq bir dünya mənfəətinə satarlar. ” (Tirmizi, Fitən, 30)
Ona görə də qarşıda idrak edəcəyimiz Ramazan ayı, tutulan oruclar, qılınan təravihlər və digər ibadətlər vasitəsilə saleh əməllərə yapışaraq Allahın rizasını qazanacağımız xüsusi bir dövrdür. Allah haqqıyla faydalanmağı nəsib etsin.