RAMAZAN AYININ FƏZİLƏTİ

RAMAZAN AYININ FƏZİLƏTİ

Bərəkət, rəhmət, məğfirət, günahlardan təmizlənmə və sonu da cəhənnəmdən azad olma ayı olan Ramazan ayına girdik. Ramazan ayını ən gözəl şəkildə dəyərləndirmək, onun nemətlərindən istifadə etmək istəyənlər üçün Ramazan ayının önəmini- fəzilətini bildirən hədisləri siz oxuyucularımıza çatdırırıq:
Allah Rəsulu (s.ə.v.) buyurdu:
“Ayların əfəndisi Ramazan, hörmət baxımından ən üstün olan ay isə Zilhiccədir” (Bəzzar, 960 saylı hədis).
“Ramazan ayı girdiyi zaman Cənnət qapıları açılar; Cəhənnəm qapıları bağlanar; şeytanlar zəncirə vurular” (Malik, 59 saylı hədis, s. 310; Əhməd, II, 378, 357; Darimi, II, 26).
Tirmizidə yer alan bir rəvayət belədir:
“Ramazanın ilk gecəsi olduğu zaman, Cəhənnəm qapıları bağlanar və heç bir qapısı açılmaz. Cənnət qapıları açılar və heç biri bağlanmaz. Təllal belə səslənər: ‘Ey xeyir istəyən, gəl! Ey şər istəyən, (pisliklərə qarşı) özünü tut!’ O ayda Allahın cəhənnəmdən azad etdikləri vardır. Bu, Ramazan bitənədək hər gecə gerçəkləşər” (Tirmizi, 682 saylı hədis və İbn Macə, 1642 saylı hədis). “Cənnət ildən ilə, Ramazan ayı üçün süslənər və belə deyər: ‘Allahım, bizim üçün bu ayda qullarından bizdə qalacaq insanlar qıl!’ Hurilər də belə dua edərlər: ‘Allahım! Qullarından bu ayda bizə ərlər ehsan eylə!’
Kim bu ayda özünü mühafizə edib içki içməz, iftira və böhtanla bir mömini rahatsız etməzsə, xəta və günahlardan da qorunarsa, Allah ona hər gecə yüz dənə huri verər, bundan əlavə ona qızıl, gümüş, yaqut və zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) bir köşk tikər. Bütün dünya bir yerə yığışıb o köşkə qonsa, bir keçi bağlanacaq qədər yer işğal edərdi. Kim də Ramazan ayında içki içər, bir möminə iftira edər, ya da bir günah və qüsur işləyərsə, bir illik əməlini Allah ləğv edər. Onun üçün Ramazan ayına qarşı diqqətli olun. Çünki o, Allahın ayıdır. Bu ayda həddindən artıq diqqətli olmağımız vacibdir. Tam on bir ay yeyib-içirsiniz, hər növ nemət və zövqdən faydalanırsınız, heç olmasa Ramazanda diqqət edib özünüzə gəlin. Nəfsani arzu və istəklərinizdən uzaq durun!” (Tabərani, əl-Mucəmul-Əsvat).
Allah Rəsulu (s.ə.v.) buyurdu:
“Beş vaxt namaz, iki cümə və iki Ramazan; insan böyük günahlardan çəkindiyi müddətcə, aralarında keçən günahlara kəffarət olarlar” (Əhməd, II, 400; Müslim, təharət 16, s. 209).
“Ramazana çatıb, lakin bağışlanmayan, Allahın rəhmətindən uzaq olsun!” (Tabərani, əl-Mucəmul-Kəbir).
Hafs ibn Qiyas rəvayət edir:
Əbu Abdullahdan (Cəfər Sadiq əleyhissəlamdan) “Ramazan ayı ki, Quran onda nazil oldu…” ayəsini soruşdum və “Biz Quranın başdan sona (təxminən) iyirmi ildə nazil olduğunu bilirik” dedim. Belə buyurdu: “Quran bir dəfəyə bir bütün olaraq Ramazan ayında Beytül-Məmura endi. Sonra (təxminən) iyirmi il müddətində oradan (hissə-hissə) endirildi”.
Ardından İmam belə buyurdu: “Nəbi (s.ə.v.) belə buyurmuşdur: İbrahimin (əleyhissəlam) suhufları Ramazan ayının ilk gecəsində, Tövrat Ramazanın altıncı gecəsində, Zəbur Ramazanın on səkkizinci gecəsində, Quran isə Ramazan ayının iyirmi üçüncü gecəsində nazil olmuşdur” (Prof. Dr. Haydar Baş, İmam Cəfər Sadiq, s. 636; Üsuli-Kafi, c. 2, s. 1005-1006).

Yeliz Yücel (Tərcümə edən: Anar Salayev)