Səfər ayının 5-i Hz.Rüqəyyə-nin şəhadəti günüdür

İmam Hüseyn (ə.s.)-ın üç-dörd yaşlarında Rüqəyyə adında kiçik bir qızı vardı. Hz. Rüqəyyə Aşura günü atasının və digər Kərbəla igidlərinin şəhid edilməsindən sonra əsirlərlə birlikdə Şama aparıldı. Şam xarabalıqlarında davamlı atasının harada olduğunu soruşurdu. Ona atan səfərə çıxdı, deyirdilər.

Bir gecə atasını yuxusunda gördü. Oyanınca şiddətlə ağladı və atasını istədi. Hər nə etdilərsə onu susdura bilmədilər. Rüqəyyənin ağlaması orada olan əsirlərin hamısına təsir etdi. Hər kəs başlarına və üzlərinə vuraraq ağlamağa başladı.

Yezit səsləri eşidincə nələr olduğunu soruşdu. Vəziyyəti öyrənincə İmam Hüseynin mübarək başını bir qabın içərisinə qoydurdu və Rüqəyyəyə aparmalarını əmr etdi. Rüqəyyə qabın üstündəki örtüyü qaldırdı və bu baş kimindir, deyə soruşdu. Atanın başıdır, dedilər. Bunu eşidən Rüqəyyə atasının başını bağrına basaraq “Atacığım səni kim öz qanına boyadı? Atacığım kim boğazını kəsdi? Atacığım, kim məni bu yaşda yetim buraxdı?” deyə ağılar oxudu. Rüqəyyə bu sözlərin ardından artıq dözə bilmədi və orada vəfat etdi.

Mübarək bədənini orada dəfn etdilər. Qəbri zamanla sevənlərinin ziyarət yeri oldu. Allahın sonsuz salamı onun üzərinə olsun. (Məalis-Sibteyn, c. 2, s. 170)

Allah şəfaətlərindən ayırmasın!