Müsəb ibn Umeyr #2

Bir gün müsəlmanlarla və qonaqlarla söhbət edərkən Mədinənin rəislərindən biri olan Üseyd b. Hudeyr əlindəki nizə ilə əsəbi halda Hz. Müsəbə yaxınlaşaraq dedi: «Sən buraya nə üçün gəldin? Bir neçə ağıldan kəm və zəif adamları aldadıb yolundan döndərirsən. Canını sevirsənsə, dərhal buradan get!». Hz. Müsəb təmkinlə və özünə arxayın halda: «Hələ bir az səbr et, otur, sözümü bir dəfə dinlə, məqsədimizi öyrən. Bəyənərsən qəbul edərsən, bəyənməzsən o zaman bizə mane olarsan» dedi. Hz. Müsəbin bu cavabı, islama olan inamının nə qədər qüvvətli olduğunu göstərirdi. O, qarşısındakı insanın yemək-içmək kimi imana da möhtac olduğunu bilərək, yola gətirə bilməyəcəyi təqdirdə ölümünü gözünün qarşısına almışdır. Deməli, təbliğçi iman və islamın fitri olduğunu bilərək apardığı haqq mübarizəsinə yüz faiz inanmalıdır. Bu isə yalnız islamı həqiqətən yaşayaraq qazanıla bilər. Çünki praktikada öz əksini tapmayan hər bilgi, imanı yetərincə qüvvətləndirə bilmədiyi üçün qarşısındakına da təsiri məhdud olacaqdır.

Hz. Müsəb, daha sonra Üseydə İslamiyyətdən danışdı və Quran oxudu. Quranın qeyri-adiliyi qarşısında məst olan və dərhal oradaca kəlməyi-şəhadət gətirərək müsəlman olan Üseyd: «Mən gedib sizə birini göndərim. O da imana gələrsə, Mədinədə imana gəlməyən qalmaz» buyurdu. Onun bəhs etdiyi bu adam, Səd b. Muaz idi. O, həqiqətən Quranı və islamı Hz. Müsəbin mübarək ağzından eşidən kimi müsəlman oldu. Hz. Səd müsəlman olduqdan sonra Müsəb b. Umeyrin (ra) ən böyük köməkçisi olmuş, insanların hidayətə qovuşması yolunda eşq və vəcd ilə çalışaraq dininə xidmət etmişdir.