Örnəyimiz Hz. Muhamməd Mustafadır (s.ə.v.)

Cənabı Haqq (c.c.), İnşirah surəsinin birinci ayəsində, “(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?!” buyurar.

Səhabə-i Kiram, “Ey Allahın Elçisi qəlbin yarılıb açılması nədir?” deyə soruşar.

Allahın Sevgilisi, “Qəlbin yarılması, Allahın nəzərinin o qəlbə təcəlli etməsidir. Allah məhəbbətinin və qorxusunun ürəyə girməsidir. Qısaca ürəyin, qəlbin İslam olmasıdır” buyurar.

Siz, Peyğəmbəri (s.ə.v) aradan qaldırsanız bu ayəni izah edə bilməzsiniz. Peyğəmbər (s.ə.v) izahı olmadan İslamı doğru anlamaq və yaşamaq barədə söz gedə bilməz.

Çünki Allah (c.c.) sevgisinin və qorxusunun ürəyə girməsi, Allah rizası istiqamətində yaşanacaq bir həyata bağlıdır.

Hz. Peyğəmbərin (s.ə.v) gəlişinin məqsədi Quran-i Kərimədə belə ifadə edilir: “Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.” (Bəqərə, 151)

Hz. Peyğəmbər (s.ə.v), Allahın ayələrini oxuyan, pisliklərdən təmizləyən və hikməti təlim edən olaraq vasf edilir. Demək ki, O olmadan bunların edilə bilməsinə imkan yoxdur.

İman, insanı insan edən cövhərdir.

İnsan, görmədiyi, eşitmədiyi və hiss etmədiyi bir aləmin varlığına inanmaqla mükəlləfdir.

Yəni iman görülməyən bir şeyədir. Əgər görərək inanmış olsaydıq, bunun riyaziyyat düsturundan fərqi olmazdı.

Ağıl yolu ilə Allahın tanınmasına, bilinməsinə imkan yoxdur və Cənabı Haqq-ın (c.c.) bilinməsi Sünnətullah gərəyi, qəlb, könül yolu ilə olur.

İbadətlərin nəticəsində təcəllilər ilə Onu tanıma imkanı taparıq.

Baxın, Allahın Sevgilisindən səhabə soruşur: “Ya Rəsulallah, namazı necə qılacayıq. Əmr edildi amma necə edək?”

“Anladığınız kimi’ demir.

“Quranı açın oxuyun anladığınız kimi qılın” demir.

“Məndən necə görürsünüzsə elə qılın” buyurur.

İslamı, “Hz. Peyğəmbər (s.ə.v) modelinə” görə anlamağa məcburuq. Ancaq bu yolla Haqqın muradına görə yaşaya bilərik.

İnsanların qənaətkar olması lazımdır deyirik. Görəsən Peyğəmbərin qənaəti necə idi?

Peyğəmbər Əfəndimiz (s.ə.v) xanımlarını sevdi. Amma necə sevdi?

İnsanları sevdi. Necə sevdi?

Məsələn xanımından, səhabələrindən küsdü. Buna biz, xalqın arasında “incinmək” deyirik. Bunun tərzi necə idi?

Xasiyyət dediyimiz bu halların yaşanmasında ölçü, Muhamməd Mustafa (s.ə.v.) olmaq məcburiyyətindədir.

Hamımızın məqsədi Ona bənzəmək olmalıdır. Əxlaq baxımından, xasiyyət baxımından… Sünnə demək bax bu nümunə həyatın xasiyyət olaraq bizə köçməsidir. Yəni Hz. Peyğəmbərin (s.ə.v) əxlaqına bürünməkdir. Hz. Peyğəmbərdə (s.ə.v) olan o gözəl Əxlaqi-Hamidənin bizim iç təbiətimizdə hakim olmasıdır. Sünnənin əsl mənası budur.

Bu baxımdan Sünnə bir əxlaq tərzidir.

İnsanı Allaha layiqli qul edəcək bu nümunələr Rəsulullahın rihlətindən sonra Əhli-Beytim dediyi Hz. Fatimədə (s.ə.), Hz. Əlidə (ə.s.), Hz. Həsəndə (ə.s.) və Hz. Hüseyndə (ə.s.) toplanmışdır. Bu vəzifəni onlardan sonra da Əhli-Beyt soyundan gələn imamlar boynuna götürmüşlər.

İndiki vaxtda da eyni cövhərdən bəslənən mənəviyyat ərbabı Allah dostları vəzifəni davam etdirir.

İndiki vaxtda həyatından bezmiş, cinnət keçirən, bədbəxt fərdlərdən şikayət ediriksə bunun səbəbi, Allahın (c.c.) muradı olan “nümunə insanların” unudulduğu bir həyatı davam etdirmədəki isrardır.

Bu vəsilə ilə bu gecə idrak edəcəyimiz Mövlud Qəndilinizi təbrik edir, xeyirlərə vəsilə olmasını Uca Allahdan niyaz edirik.