Fitrə sədəqəsi

Fitrə sədəqəsi Ramazan ayının sonuna gəlib çatan və nisab miqdarı mala sahib olan hər bir müsəlman üçün verilməsi vacib olan bir sədəqədir.

Bu kəlmə dilimizdə keçmişdən bəri “fitrə” şəklində işlədilir ki, bu da mənşəcə ərəb dilindəki “fitra” sözündən alınaraq mənası “yaradılış”, “fitrət” deməkdir. Buna görə də fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir.

Fitrə sədəqəsinin verilmə vaxtı Ramazan Bayramınin birinci günü fəcrin doğulmasından sonra vacib olsa da, bundan qabaq və bundan sonra da verilə bilər. Əvvəlcədən verilsə ehtiyacı olanlar bayramlıq ehtiyaclarını qarşılamış olarlar.

Fitrə verərkən mütləq niyyət etmək lazımdır. Bir müsəlman həm özünün, həm də ailəsinin fitrəsini yığıb bir yoxsula verməlidir ki, onunla bir ehtiyacı aradan qaldırmaq mümkün olsun.

Bu fitrələri birdən çox yoxsul arasında bölüşdürmək caiz olsa da, ən fəzilətlisi onu bir yoxsula verməkdir. Nisab miqdarı mala sahib şəxslərə fitrə vermək olmaz. Müsəlmanın baxmaqla mükəlləf olduğu ana, ata, həyat yoldaşı, uşaq, nəvə, baba və nənə kimi yaxınlarına fitrə verməsi caiz deyil.

Fitrə sədəqəsinin miqdarı bir nəfər üçün 3.3 kq buğda,arpa,düyü,xurma,quru üzüm və bu kimi qida maddələrindən və ya bunun dəyərində pul ilə verilə bilər. Həmçinin bir yoxsulun bir günlük (gündə iki dəfə yemək) qida ehtiyacı hesablanaraq buna uyğun da verilə bilər.