Avropada törədilən Srebrenitsa faciəsindən 26 il keçir

Srebrenitsa qətliamı və  1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 7 minə yaxın bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırımdır.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilən serb ordusu tərəfindən törədilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak ediblər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.