Gənclik böyük bir nemətdir.
Onu bilin ki, gənc qalmaq yalnız ölümsüz bir inanca sahib olmaqla və mütləq həqiqətə təslim olaraq ona xidmət etməklə mümkündür. İman ibadətlə isbatlanar. Bir məhkəmə işində şahidə ehtiyac olduğu kimi, inancınızın isbatında da sizdən şahid tələb olunar.
Sizin şahidiniz isə ibadətlərinizdir. Ona görə də namazı huşu ilə qılın, oruc tutun, mümkünsə həcc ziyarətinə gedin və zəkatınızı verin. Haramları tərk edin.
Diqqət yetirin: bugün insanların içindəki əsl böhran ölümdən sonra baş verəcək dirilişə inanmaq məsələsidir; bəşəriyyət dirilməyə şübhə edir. Yaxşıca yadda saxlayın: bu, nəfsin və şeytanın vəsvəsəsidir. Qiyamət (yenidən dirilmə) şübhəsiz baş verəcəkdir. Mülk Sahibi üçün bu heç də çətin deyildir. Gecəni, gündüzü gördüyünüz kimi, ətraf aləmi seyr etdiyiniz kimi, eləcə də o biri aləmi, hətta bu dünyadan da açıq-aydın şəkildə görəcəksiniz. Bax elə onda etdiklərinizin hesabını verəcəksiniz. Buradakı kiçik hesablar əslində o böyük hesaba hazırlıqdır.
Haqq sizi bu dünyaya ən mükəmməl memar olaraq göndərmişdir. Ona görə də əlinizdə olan “xammalı” yaxşı emal edin, ondan səmərəli istifadə edin. Bu səbəbdən kimsənin sizi tənqid etməsinə də imkan verməyin. Sizin bir qolunuz bu dünyada, digər qolunuz da o biri dünyadadır.
Qədim əcdadlarınız çox möhtəşəm mədəniyyətlər qurdu. Siz də onlara varis olmalısınız.
Əgər sizin inancınız mütləq həqiqətə və onun əsaslarına sıx sarılsa, qüvvətli olar. Vətəniniz müqəddəs və şərəflidir. Çünki sizin vətəniniz şəhidlərin qanı ilə yoğrulmuş, övliyanın nəfəsi ilə həyat tapmış bir məkandır. O sizin namusunuzdur. Vətəninizə bu məntiqlə sahib çıxın.
Vətəninizə qarşı gizli planları olan düşmənlərin, namusunuza göz dikən alçaq xainlərdən heç bir fərqi yoxdur. Vətəninizə sahib çıxmaq sizin həm haqqınız, həm də borcunuzdur.
Həsəd böyük xəstəlikdir. Qabil bu xəstəlik ucbatından qardaşı Habili öldürdü. Neçə – neçə qəbilələr də bu xəstəlikdən həlak oldular.
Həm də onu da bilin ki, Allahın qədərinin sizin üzərinizdə bir hesabı, bir planı var. Bu plan həyata keçdiyi zaman “Niyə belə olur?” deməyin, qədərə razı olun.
Haqqınız olmayan heç bir şeyi istəməyin, haqqınız olan hər şeyə isə sahib çıxın. Əgər haqqınızı tələb etməsəniz və ona sahib çıxmasanız, haqqınıza qarşı ən böyük ədalətsizlik etmiş olarsınız.
Heç bir canlını incitməyin; imkan daxilində hər canlıya mərhəmət göstərin. İnsanlara yardım əlinizi uzadın, yaxşılıq etməkdə hər kəsdən öndə olun.
Özünüzü heç kimdən üstün görməyin; əsl izzət və ucalıq təvazökarlıqdadır. Nə qədər çox təvazökar olsanız, bir o qədər ucalacaqsınız. Lakin yalnız Haqq üçün təvazökar olun. Əks halda bu, nəfsiniz üçün göstərdiyiniz riya olar, ona görə də ölçülü olun. Ölçünüz Quran və Əhli-Beyt olsun.
Hamınız Hz. Adəmin nəslindənsiniz. Hz. Adəm isə torpaqdandır. Deməli, siz yaradılış baxımından torpaq kimi heç kimdən üstün ola bilməzsiniz. Ancaq Allahdan qorxaraq Ona itaət etsəniz, o zaman üstün olarsınız. Cənabi – Haqq sizin Ona qul olmağınızı istəyir. Onu da yadınızda saxlayın ki, qulluq məqamı ən böyük məqamdır.
Hər an sizə nəzarət edən və sizi görən mütləq Qüdrəti unutmayın. Onun hesabı ədalətlidir. Siz də ədalətli olmaq istəyirsinizsə, nəfsinizi hesaba çəkin, ona nəzarət edin. Siz hesaba çəkilmədən öncə nəfsinizi hesaba çəksəniz, aqibətiniz xeyir olar.
Ey gənclər!
Unutmayın ki, möminlər qardaşdırlar. Onları hər zaman sevin. Ən yaxşı sərmayəniz Haqq üçün sevməkdir. Əgər sevgi Haqq naminə olarsa, bu sevgi sizi hər cür pis xasiyyətdən təmizləyər, nəfsinizi islah edər. Əgər sevib sevilərsinizsə, hər kəsi öz amalınıza ram edərsiniz. Belə ki, bu amala ram edə bilməyəcəyiniz heç kimsə yoxdur.
Keçmişdə qəbilələrin məhv olmasına səbəb olan xəstəliklərdən biri də nifaq olmuşdur. Nifaq böyük bir xəstəlikdir. Əgər bir millətin içinə nifaq girərsə, ədalət yox olar. Ədalətin olmadığı yerdə isə zülm baş qaldırar. Ona görə də bu məsələdə çox diqqətli olun, nifaqa vəsilə olmayın. İnsanları bu barədə xəbərdar edin.
Haqqa yönəlin, Haqq ilə olun, haqlı olun. Hamınız Haqqa əmanət olun.
Prof. Heydər Baş