Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Gəncə, müxtəlif dövrlərdə təqiblərə məruz qalan böyük şəxsiyyətlərə qucaq açaraq onları himayə edən diyarlarımızdandır.
Gəncəni digər şəhərlərdən fərqləndirən əsas cəhət onun Əhli-Beytə olan bağlılığıdır. Belə ki, Gəncənin “İmam Hüseyn şəhəri” adlandırılması da təsadüfi deyildir. Bu mənəvi çalarları özündə ehtiva edən Gəncənin bu adı daşımasının müxtəlif əsasları vardır.
Onlardan biri də Comərd Qəssab adlı şəxslə bağlı söylənilən rəvayətlərdir. Rəvayətə görə, Comərd Qəssab orta əsrlərdə müsəlman sənətkarların halal qazanc əldə etmək və ticarət şəbəkəsi qurmaq məqsədilə yaratdığı “Əxilər hərəkatı”nın Gəncədəki liderlərindən sayılmış və Həzrət Əliyə (ə) olan bağlılığı ilə seçilmişdir. Bu gün onun adına ucalan “Comərd Qəssab” məqbərəsi ziyarət yeridir. Onu “Gəncənin tarixi vəsiqəsi” də adlandırırlar.
Bu şəhəri Əhli-Beytlə əlaqələndirən əsas amil isə beşinci İmam Muhamməd Baqirin (ə) oğlu Mövlana İbrahimin adı ilə bağlıdır.
Əməvi xəlifələri Əhli-Beytə qarşı haqsızlıq və zülm nümayiş etdirmişlər. İmam Baqir (ə) də bu zülmdən əziyyət çəkənlərdən olmuşdur. Onun ailə üzvləri bu təqiblərdən qorunmaq üçün dəfələrlə xilafətin müxtəlif yerlərinə köçmək məcburiyyətində qalmışlar.
Rəvayətdə deyilir ki, İranda təqiblərə məruz qalan şahzadə İbrahim, İsmayıl adlı qardaşı ilə birlikdə Şimali Azərbaycana qaçmış və Bərdə hökmdarının yanında sığınacaq tapmışdır.
Xilafət mərkəzindən göndərilmiş xüsusi dəstə şəhərə daxil olmuş və İsmayılı qətlə yetirmişlər (Bərdədə onun qəbri üzərində ucaldılan türbə xalqın pənah apardığı ziyarətgahdır).
Şahzadə İbrahim isə qaçaraq canını qurtara bilmişdir. Təqibə məruz qalan İbrahim Gəncə yaxınlığında yerləşən indiki Əhmədbəyli kəndinə sığınmışdır.
Onun məzarı üzərində ucaldılmış İmamzadə türbəsi tarixin hər dönəmində öz əzəmətini qoruyub saxlaya bilmiş, xalqın inanc yeri kimi həmişə ziyarət olunmuşdur. Günümüzə gəlib çatan bu müqəddəs ocağın türbə və əsas tikililəri XIV-XV əsrlərdə inşa edilmişdir. XVII-XVIII əsrlərdə isə burada əlavə olaraq məscid, sərdabə və digər türbələr tikilərək əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanmışdır.
Mənbə: Azərbaycanda Əhli – Beyt irsi “Elm və təhsil” BAKI – 2013
Nahid MƏMMƏDOV (ilahiyyatçı) – Gəncə İmamzadə tarixi kompleksi