Kəbənin inşası və müqəddəs dua

Hz. İsmayıl dağdan daş daşıdı, Hz. İbrahim də Kəbənin divarlarını hördü. Divarlar yüksəldikcə Hz. İsmayıl, bu gün də (Məqami-İbrahim) ziyarət edilən və Hz. İbrahimin oğlunu və ailəsini görməyə gələndə, heyvanından enib minəndə ayağını basdığı daşı gətirdi. O, bu daşa çıxıb inşaat işini davam etdirdi. Tikinti bitdikdən sonra ata və oğul: «Ey Rəbbimiz! Tikdiyimiz bu evi tərəfimizdən təqdim edilən bir qulluq ərmağanı kimi qəbul et. Ey Rəbbimiz, sən şübhəsiz ki, dualarımızı çox yaxşı eşidir, niyyətimizi  də  bilirsən. Ey Rəbbimiz, bizim hər ikimizi və itaətkar nəslimizdən yetişənləri sənə təslim olan ümmət et, bizə həccin əməllərini və itaət qaydalarını göstər, tövbəmizi qəbul et! Həqiqətən sən tövbələri qəbul edənsən və mərhəmətlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən Sən yenilməz qüvvət və hikmət sahibisən» (Bəqərə, 127-129).

İbrahim və İsmayılın (ə.s) duaları qəbul olundu.

Bundan sonra insanları Həccə dəvət etmək əmrini alan (Həcc, 20) Hz. İbrahim: «Ya Rəbbi, mənim səsim yetişməz» dedi. Uca Allah: «Sən səslən, yetişdirən mənəm» – buyurdu. Bundan sonra o, Məqami-İbrahimdə olan daşın üstünə (başqa bir rəvayətə görə isə Əbu Qubeys dağına) çıxıb şəhadət barmaqlarını qulağına dirədi və şərq, qərb, şimal, cənub istiqamətlərinə yönələrək: «Ey insanlar! Beytullahı təvaf və ziyarət etməyinizi Rəbbiniz sizə fərz qıldı. Rəbbinizin dəvətini qəbul edin» – deyə səsləndi. Onun səsini şərqdə, qərbdə, sahilyanı  ölkələrdə, dünyanın hər tərəfində – ana bət­nində, ata belində həcc ziyarəti qismətində olanlardan «Ləbbeyk, Allahümmə ləbbeyk» (Buyur Allahım, buyur əmrinə hazıram) nidaları ilə qəbul etməyən bir kəs qalmadı. Yer üzərində ilk qurulan Allah evi (Beytullah) Kəbə idi (Ali İmran, 96). O dəvətin bərəkəti ilə bu gün möminlər eyni eşqlə Kəbəyə yönəlirlər.

Prof. Haydar Baş, Rəhmətən lil Aləmin Hz. Muhamməd (s.ə.v.), cild 1., Səh. 32.