İmam Zeynəlabidinin (ə.s) mövludu

Əhli-Beyt imamlarının dördüncüsü İmam Əli ibn Hüseyndir. O, “ibadət edənlərin bəzəyi” mənasını verən Zeynəlabidin və “çox səcdə edən” mənasını verən “Səccad” ləqəbləri ilə məşhurdur.

Bir gündə və bir gecədə 1000 rükət namaz qılan bu böyük İmam, etdiyi səcdələrin izi olan alın qabarlarını hər il kəsmək məcburiyyətində qalırdı. Bir imamdan digərinə keçən vəsiyyət şəhidlərin əfəndisi İmam Hüseyndən İmam Zeynəlabidinə (ə.s) keçdiyi zaman O, özünə məxsus olan möhürü açdı və bunları oxudu: “Başını önə əy və sus. Evindən çıxma və ölüm gələnə qədər Allaha ibadət et”.

İmam Zeynəlabidinin (ə.s) həyatı araşdırıldığı zaman bu vəsiyyətə uyğun yaşadığı üçün açıq qiyam yolu ilə deyil, dua və nəsihətlər yolu ilə xalqı irşad etdiyini görəcəksiniz. Mübarək atası ilə ömrünün 22 ilini keçirən İmam imamət məqamı ilə şərəfləndikdən sonra bu vəzifəsini 57 yaşına qədər davam etdirmişdir.

İmamət məqamına atası İmam Hüseyn (ə.s.) şəhid edildiyi anda keçən Əli ibn Hüseynin imamlığına ilk etirazı əmisi Muhəmməd ibn Hənəfiyyə etmişdir.

İmam Zeynəlabidin (ə.s), Muhəmməd ibn Hənəfiyyənin “Mən Həsən və Hüseyndən sonra Əmirəlmömininin ən böyük oğluyam və mən imamlığa daha çox layiqəm, onu mənə təhvil verməyin daha düzgün olar” tələbindən sonra Hacərül Əsvədi aralarında hakim təyin etmişdir.

“Belə ki, onlar Hacərül Əsvədin yanına getdilər. İmam, Muhəmmədə dönüb dedi: Sən məndən böyük olduğuna görə önə keç və ondan şahidlik etməsini istə”.

Muhəmməd gedib iki rükət namaz qıldı və əgər imamət onun haqqıdırsa, ona şahidlik etməsini istədi, lakin daş cavab vermədi. Daha sonra İmam Səccad (ə.s) qalxıb iki rükət namaz qıldıqdan sonra səsləndi:

“Ey daş! Ey Allahın evinin ziyarətçilərinə şahid qılınan! Əgər imamətin Mənim haqqım olduğunu və Allahın hər qulunun Mənə itaət etməsi lazım olduğunu bilirsənsə, şahidlik et ki, əmim imamətdə haqqı olmadığını öyrənsin”.

Hacərül Əsvəd gözəl bir ərəb dilində danışmağa başladı: “Ey Muhəmməd ibn Əli, imamət haqqında Əli ibn Hüseyn (ə.s.) ilə mübahisə etmə. Sənin və bütün qulların Ona itaət etməsi fərzdir. Onun sözünü dinlə, ona itaət et”.

İmam Zeynəlabidin (ə.s) Əməvi dövlətinin təzyiq və zülmünə baxmayaraq, istər İmam Hüseynin şəhadətini davamlı surətdə xatırlayaraq, istərsə də duaları vasitəsilə yetişdirdiyi tələbələriylə bir Əhli-Beyt məktəbi təşkil etmişdir.

Allah şəfaətlərindən məhrum etməsin!

Mənbə: Prof. Dr. Haydar Başın “İmam Zeynelabidin” əsəri