‘Axirət gerçək bir vəddir’
Axirət həyatını dünya həyatından üstün tutanlar haqqında Quranda belə buyrulur:
“O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar” (Bəqərə, 4).
“Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər) çox əsir almaq yaramaz. (Ey mö’minlər!) Siz müvəqqəti və puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Ənfal Surəsi, 67).
“İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi” (Ali İmran, 152).
“Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı yoxdur” (Şüra, 20).
Bu barədə İmam Əli (ə.s) bunları buyurmuşdur:
“Ey insanlar! Bilin ki, şübhəsiz dünya hazır bir məhsuldur; yaxşı və pis hər kəs ondan yeyər, axirət isə gerçək bir vəddir. O gün Qadir olan Məlik (Allah) sizin haqqınızda hökm verəcəkdir” (Kənzul – Ümmal, 44225).
“Dünyanın vəziyyəti təsadüflərlə əlaqədardır. Axirətin vəziyyəti isə ləyaqət və haqqa bağlıdır” (Qurərul – Hikəm, 2036).
“Şübhəsiz, dünya arxa çevirmiş, vidalaşacağını elan etmişdir. Axirət isə sizə tərəf yönəlmiş və aşkar olmuşdur. Bu gün hazırlaşma, sabah isə yarışma günüdür” (Kənzul – Ümmal, 44225).
“Kim axirəti şiddətlə arzulayarsa (ona yönələrsə), ona sahib olar. Kim dünyanı şiddətlə istəsə həlak olar” (Qurərul – Hikəm, 8441-8442).
“Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qələbəsidir” (eyniadlı əsər, 694-695).
“Axirətin üçün dünyadan öz nəsibini al” (eyniadlı əsər, 2429).
“Özünüzü, qaçılması mümkün olmayan axirət işilə məşğul edin” (eyniadlı əsər, 2558).
“Axirətə sarıl, dünya xor bir halda sənə tərəf gələr” (eyniadlı əsər, 6080).
“Bugün əməl vardır, hesab isə yoxdur. Sabah isə hesab vardır, əməl yoxdur” (eyniadlı əsər, 11000).
“Gözlərin heyrətlə baxıb qaldığı, dəhşətindən ağılların dayandığı və bəsirətlərin yox olduğu günə hazırlaşın” (eyniadlı əsər, 2573).
“Şübhəsiz, dünya səndən ayrılmaqda, axirət isə sənə doğru yaxınlaşmaqdadır” (Nəhcül-Bəlağə, 32-ci məktub).
“Siz axirətə doğru getməkdəsiniz və Allahın hüzurunda hazır olacaqsınız” (Qurərul – Hikəm, 3821). (Məhəmməd Məhəmmədi Reyşəhri, Mizanul- Hikmət).