İmam Zeynəlabdin (ə.s) belə buyurdu: “Quran Əhli-Beyt ilə, Əhli Beyt isə Quran ilə birlikdədir. Bu ikisi Allahın möhkəm ipləridir. Rəsulullahın (s.ə.v.) da buyurduğu kimi, onlar bir-birindən heç vaxt ayrılmazlar”. Əli ibn Hüseyn (ə.s) buyurdu: Bir gün Rəsulullah (s.ə.v) səhabələri ilə birlikdə məsciddə oturarkən belə buyurdu: “Bir azdan cənnətlik olan bir nəfər, bu qapıdan içəri girərək bəzi suallar verəcək”. Bunu dedikdən sonra, Muzar qəbiləsinin adamlarına bənzəyən bir adam içəri girdi. İrəliyə keçərək Rəsulullaha (s.ə.v) salam verib oturdu və belə bir sual verdi: “Ya Rəsulallah! Allah nazil etdiyi bir ayədə buyurur ki, “Allahın ipinə möhkəm sarılın və ondan ayrılmayın!”. Möhkəm sarılaraq əsla ayrılmamağımız əmr olunan bu ipin açıqlamasını verə bilərsinizmi?” Rəsulullah (s.ə.v) bir müddət başını önə əydikdən sonra mübarək başını yenidən yuxarı qaldıraraq Əli ibn Əbu Talibi göstərdi və buyurdu: “Allahın həmin ipi məhz odur; kim ona sarılarsa dünyada xilas olar, axirətdə də zəlalətə düşməz”. O şəxs ayağa qalxaraq Hz. Əlini (ə.s) qucaqladı və: “Allahın və Rəsulunun ipinə sarıldım” – deyərək çıxıb getdi. O vaxt səhabələrdən biri ayağa qalxaraq soruşdu: “Ya Rəsulallah! Onun yanına gedərək Allahdan məni bağışlaması üçün dua etməsini istəyə bilərəmmi”? Rəsulullah (s.ə.v) buyurdu: “Əgər onu tapa bilsən, istə”. Səhabə həmin adamı taparaq özü üçün Allaha dua etməsini istədi. O isə buyurdu: “Rəsulullahın mənə nə dediyini və mənim də ona nə cavab verdiyimi başa düşdünmü”? O da: “Bəli” – dedi və sözünə belə davam etdi: “Əgər o ipə sarılsan Allah səni bağışlayar, əks təqdirdə isə heç vaxt səni bağışlamaz”. Əgər Allahın, ona möhkəm sarılaraq ayrılmamağımızı əmr etdiyi bu ipin nə olduğunu Rəsulullah (s.ə.v) bizlərə izah etməsəydi və onun Hz. Əli (ə.s) olduğunu bildirməsəydi, inadcıl insanlar bunu başqalarına ünvanlayacaqdılar. Amma Rəsulullah (s.ə.v) Vida həcci zamanı Hayf məscidindəki məşhur xütbəsində belə buyurmuşdur: “Mən sizin rəhbərinizəm və siz Mənə Kövsər hovuzunun başında qovuşacaqsınız. O hovuzun genişliyi Səna ilə Bəsrə arasındakı məsafə qədərdir. Göydəki ulduzların sayı qədər orada qədəhlər vardır. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: böyük əmanət Qurandır. Kiçik əmanət isə itrətim – Əhli-Beytimdir. Bu ikisi, Allah ilə aranızda olan, Allahın sizə uzatdığı ipdir. Ona sarılsanız, yolunuzdan azmayacaqsınız. Onun bir ucu sizdə, digər ucu isə Allahdadır. Hər şeydən xəbərdar və lütf sahibi olan Allah, o ikisinin əsla bir-birindən ayrılmadan mənə yetişəcəklərini bildirdi – eynilə bu iki barmağım kimi: (əvvəlcə şəhadət barmaqlarını, sonra isə şəhadət və orta barmaqlarını göstərdi) – və əlavə etdi: Bunu ondan üstün tutdu”. Beləliklə, Quran Əhli-Beyt ilə, Əhli Beyt isə Quran ilə birlikdədir. Bu ikisi Allahın möhkəm ipləridir. Rəsulullahın (s.ə.v) da buyurduğu kimi, onlar bir-birindən heç vaxt ayrılmazlar. Bu da Allahın, gözünü və qəlbini açdığı quluna açıq-aşkar bir dəlilidir: əgər bir nəfər, Quran elmini, onun təfsirini, təşviqini, məqsədini, oradakı halal və haramı, bütün ümumi və xüsusi cəhətlərini Allah və Rəsulunun (s.ə.v) əmr etdiyi məhz Əhli-Beytdən deyil, başqasından öyrənə biləcəyini zənn edərsə, o zaman həm özü yanılıb zillətə düçar olar, həm də başqalarının yollarını azmasına və həlak olmalarına səbəb olar (Qeybəti-Numani, Şeyx Muhəmməd ibn İbrahim-i Numani ).