Həzrət Əbülfəzl Abbas (ə.s.)
“Qəməri Bəni-Haşim” ləqəbi ilə tanınmış Hz. Əbülfəzl ibn Əli (ə.s.) hicrətin 26-cı ili, şaban ayının 4-də dünyaya gəlmişdir. İslam aləmində Həzrət Əbülfəzl (ə.s.) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məşhurlaşmışdır. Atası, Allahın Vəlisi Hz. Əli (ə.s.), anası isə öz şücaətləri ilə ad qazanmış “Kilab” qəbiləsindən olan Ümmülbənidir. Hz. Fatimə (ə.s.) dünyasını dəyişdikdən sonra Hz. Əli (ə.s.) qardaşı Aqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Aqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ümmülbənini Hz. Əliyə (ə.s.) tövsiyə elədi.
Hz. Əlidən (ə.s) tərbiyə alan Hz. Əbülfəzl (ə.s) bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuş, şücaəti, qəhrəmanlığı ilə tarixdə silinməz və əvəzolunmaz izlər buraxmışdır. İmam Cəfər Sadiq (ə.s.) belə buyurur: “Bizim əmimiz Hz. Əbülfəzlin (ə.s.) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O, İmam Hüseynlə (ə.s.) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı və Onun (ə.s.) yolunda canını fəda edib şəhid oldu”.
İmam Səccad (ə.s.) Onun barəsində belə buyurur: “Hz. Abbas (ə.s.) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Hz. Peyğəmbərin (s.ə.v) varisi və vəlisi Həzrəti Əlinin (ə.s.), həmçinin behişt gənclərinin ağaları olan Həsən (ə.s.) və Hüseynin (ə.s.) elmindən faydalanmışdır”.
Hz. Abbasın (ə.s.) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: “Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Hz. Əlinin (ə.s.) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə.s.) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə.s.) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən Əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Hz. Əbülfəzl (ə.s.) onu da məğlub edərək öldürdü”. Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi.
Hz. Əbülfəzl (ə.s.) ömrünü qardaşı İmam Hüseynin (ə.s.) yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir.
Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Hz. Əbülfəzl (ə.s.) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətini qəhrəmancasına müdafiə edərkən, Əhli-Beyt xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn “amannamə”yə yox cavabı verən Hz. Abbas (ə.s.) bir daha öz vəfasını göstərdi. İmam Səccad (ə.s.) Hz. Əbülfəzlin (ə.s.) məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: “Allah Təala əmim Abbasa (ə.s.) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq Cənnətə daxil olsun. Onun Allah-Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər”.
İmam Sadiq (ə.s.) Hz. Əbülfəzl (ə.s.) haqqında belə buyurur: “İlahi haramları sənin haqqında halal bilən və səni öldürməklə İslamın hörmətini tapdalayanlara Allah lənət eləsin”. Əbülfəzlin (ə.s.) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: “Məhərrəm ayının 7-də İmam Hüseynin (ə.s.) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə.s.) su gətirmək üçün İmam Hüseyndən (ə.s) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Hz. Abbas (ə.s.) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi”. Aşura gecəsi İmam Hüseyn (ə.s.) öz xeyməgahında ibadətlə məşğul olarkən Hz. Əbülfəzl (ə.s.) onu mühafizə etmiş və daim Əhli-Beytin xidmətində durmuşdur. O gecə Hz. Əbülfəzl (ə.s.) qardaşlarına xitab edərək buyurdu: “Bu gün elə bir gündür ki, gərək Cənnəti satın alaq və canımızı İmam Hüseynə (ə.s.) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, İmam Hüseyn (ə.s.) Allahın yer üzündəki hüccətidir”. Bunu eşidən İmam Hüseyn (ə.s.) buyurdu: “Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin”. Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə.s.) İmamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün İmam Hüseyndən (ə.s.) icazə alaraq növbə ilə meydana getdiyi halda Hz. Əbülfəzl (ə.s.) İmam Hüseynin (ə.s.) əmrini gözləyirdi. Sonda o, İmam Hüseyndən (ə.s.) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Hz. Əbülfəzl (ə.s.) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Hz. Əbülfəzl (ə.s.) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə.s.) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə.s.) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən onu ox və nizə ilə yaraladılar. Hz. Əbülfəzl (ə.s.) fəryad edərək buyurdu: “Məndən sənə salam olsun ey əba Abdullah”. Bunu eşidən İmam Hüseyn (ə.s.) onun yanına gələrək mübarək başını qucaqlayaraq buyurdu: “İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı”. Hz. Əbülfəzl (ə.s.) Kərbəlada İmam Hüseynin (ə.s.) hərəminin yaxınlığında dəfn olunub. Onu vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən diləklər tezliklə qəbul olur. Elə bu səbəbə görə Hz. Əbülfəzli (ə.s.) “Hacətlər qapısı” da adlandırırlar.
Allah şəfaətindən məhrum etməsin!