HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbu Əyyub əl-Ənsari (Xalid b. Zeyd Hazrəci) #2

Əbu Əyyubun Əbu Bəkrin xəlifəliyinə etirazı

Hz. Əbu Bəkr xəlifə seçiləndə içlərində Əbu Əyyubun da olduğu on iki nəfər məscidə gedib ona etiraz etmək qərarına gəldilər. Lakin əvvəlcə Hz. Əli (ə.s) ilə məsləhətləşərək, qərarlarını O’na da bildirdilər. Hz. Əli (ə.s) onlara belə dedi:

“Mən sadəcə Əbu Bəkrin yanına gedərək Rəsulullah’dan (s.ə.v) barəmdə eşitdiklərinizi ona söyləməyinizə, beləcə hüccəti (dəlili) tamamlamağınıza və onların Peyğəmbərin əmrindən uzaqlaşdıqlarına daha bir aydınlıq gətirməyinizə icazə verirəm”.

Həmin dəstə məscidə getdi. Əbu Əyyub orada belə çıxış etdi:

“Ey Allah’ın qulları! Peyğəmbərinizin (s.ə.v) Əhl-i Beyt’i barədə Allah’dan qorxun və çəkinin! Rəsulullah’ın (s.ə.v) onlara qoyduğu haqlarını onlara qaytarın. Sizlər müxtəlif yerlərdə dəfələrlə Allah Rəsulu’nun (s.ə.v) belə buyurduğunu eşitdiniz:

‘Əhl-i Beyt’im Məndən sonra sizin imamlarınız və rəhbərlərinizdir. (Hz. Əli’ni nəzərdə tutaraq) Bu adam yaxşı insanların əmiri və rəhbəri, kafirlərin canını alandır. O’nu tək qoyan, Allah tərəfindən tək buraxılar. O’na yardım edənə isə, Allah yardım edər.’

“Peyğəmbər ailəsinə etdiyiniz zülmə görə tövbə edin! Allah tövbələri qəbul edəndir. Allah’ın yolundan üz çevirməyin!”.

İmam Rza (ə.s) belə buyurur:

“Səlman, Əbuzər, Miqdad, Ammar, Huzəyfə və Əbu Əyyub əl-Ənsari Əmirə’l-möminin Əli’nin vəlayətini və Peyğəmbərin yolunu mətinliklə davam etdirən, əsla yolunu azmayan şəxslər kimi tanınmalıdır.”

Xəlifə Osmanın dövründə Hz. Əli (ə.s) və Əbu Əyyub əl-Ənsarinin də iştirak etdiyi iki yüzdən çox səhabə yığışaraq, imamət və xilafət məsələsini müzakirə edirdilər. Hz. Əli onlara Qədr-i Xum hadisəsini xatırlatdı. Orada Qədr-i Xum günü Peyğəmbərin (s.ə.v) söylədiklərini təsdiq edənlərin başında Əbu Əyyub gəlirdi. Hz. Əli (ə.s) öz xilafəti dövründə xalqı xəbərdar etmək üçün Rəsulullah’ın (s.ə.v) əshabından Qədr-i Xum hadisəsi barədə şahidlik etmələrini istədi və onlara and içdirdi. Hz. Əli (ə.s) hicrətin 35-ci ilində Kufə meydanında çıxış edərək, “Aranızdan Qədr-i Xum günü Peyğəmbərin söylədiklərini eşidənlər qalxaraq şahidlik etsinlər!” buyurdu. Başda Əbu Əyyub olmaqla on iki nəfər ayağa qalxaraq şahidlik etdi.

Riyah b. Haris Nəhai deyir:

“Kufədə Hz. Əli’nin (ə.s) yanında otururduq. Birdən dəvələrin üstündə bir dəstə adamın bizə tərəf gəldiyini gördük. Onlar Hz. Əli’yə (ə.s) salam verdilər. Əli (ə.s) salamlarını aldıqdan sonra, ‘Siz kimsiniz?’ deyə soruşdu. Onlar, ‘Biz Sənin kölələrinik’ dedilər. Hz. Əli (ə.s) gülərək, ‘Ərəb olduğunuz halda, necə kölələrim ola bilərsiniz?’ dedi. Onlar dedilər ki: ‘Biz Qədr-i Xum’da Allah Rəsulu’nun (s.ə.v) Sənin əlini tutaraq, ‘Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır. Mən kimin rəhbəri isəm, Əli də onun rəhbəridir’ buyurduğunu eşitdik.” Hz. Əli (ə.s) bundan sonra, ‘Buna şahidlik edirsinizmi?’ deyə soruşdu. Onlar, ‘Bəli, edirik’ dedilər. Hz. Əli (ə.s), ‘Haqlı olaraq şahidlik etdiniz’ buyurdu. Daha sonra onlar getdilər. Mən də arxalarınca getdim. Onlardan birinə, ‘Siz kimsiniz?’ deyə soruşdum. Adam, ‘Biz ənsardanıq. Bu da Əbu Əyyubdur’ dedi.

Hz. Osmanın şəhadətindən sonra özlərini Osmanın tərəfdarı kimi tanıdan bir dəstə, xalqı Muaviyənin xilafətinə çağırırdı. Ammar b. Yasir və yoldaşları isə, buna qarşı çıxaraq Peyğəmbərin (s.ə.v) Hz. Əli’ni (ə.s) öz xəlifəsi təyin və elan etdiyini xalqa bildirirdilər. Bir dəfə, Hz. Əli (ə.s) Kufədə ordusuna and içdirərək onlardan bildirdiyi bir sıra məsələlərə şahidlik etmələrini istədi və onlara Qədr-i Xum hadisəsini xatırlatdı. Bundan sonra yetmiş nəfər qalxaraq Əli’nin (ə.s) sözlərinin düz olduğunu təsdiq etdilər.

Daha sonra onlardan dörd nəfər (Ammar, Əbi’l Həysəm, Əbu Əyyub və Hüzəyfə) qalxaraq bu şəkildə şahidlik etdilər:

“Şəhadət edirik ki, bu sözləri Rəsulullah’dan eşitdik və beynimizə yerləşdirdik. O gün Əli Peyğəmbərin yanında durmuşdu”.

Rəsulullah buyurdu ki:

“Ey insanlar! Allah Mənə Quran’da itaətini möminlərə fərz qıldığı xəlifəmi və sizin imamınızı tanıtmağımı əmr etmişdir. Ey insanlar! Şəhadət edirəm ki, vəlayət və imamət Əli’yə məxsusdur.

O’nun xəlifələri övladlarım və xəlifəm olan qardaşımın övladlarıdır. Onların ilki Əli, ikincisi Həsən, üçüncüsü Hüseyn və sonra da Hüseyn’in övladlarından gələn doqquz imamdır. Onlar Kövsər hovuzu başında Mənə çatanadək Quran’dan ayrılmazlar.

 

Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 242-243