Hicrətdən təqribən iyirmi il əvvəl Mədinədə Hazrəc boyundan bir övlad dünyaya gəldi. Adını Xalid qoydular. Ancaq sonralar xalq onu Əbu Əyyub əl-Ənsari kimi tanıdı. O, hicrətdən bir il əvvəl (b.e. 621) Minadakı boğazda yəni ikinci Əqəbə beyətində müsəlman olduğunu açıq şəkildə təsdiq etmişdir. Allah Rəsulu (s.ə.v) onlara, “Aranızdan on iki nəfər seçin” deyə buyurdu və aralarında Əbu Əyyub əl-Ənsarinin də olduğu bu heyətə Mədinədəki insanları doğru yola gətirmək və təbliğat işlərini həyata keçirmək vəzifəsini tapşırdı. Onlar sayəsində Mədinə xalqı İslam dinini qəbul etməyə hazır oldu. Əbu Əyyub əl-Ənsari Peyğəmbərin hicrətindən sonar O’nu evində qonaq etmək şərəfinə nail olmuşdur. Səlman Farisi deyir:
“Rəsulullah (s.ə.v) Mədinəyə daxil olanda, xalq dəvəsinin yüyənini tutub təkidlə O’nu evlərinə dəvət edirdilər. Amma Peyğəmbər (s.ə.v), ‘Dəvə kimin evinin önündə dayansa onun evinə qonaq olacam’ deyirdi. Nəhayət dəvə Əbu Əyyubun evinin önündə dayandı. Əbu Əyyub, ‘Anacan, qapını aç! Allah’ın seçilmiş elçisi gəldi’ deyə səsləndi. Gözləri görməyən Əyyubun anası qapını açaraq dedi ki, ‘Kaş, gözlərim görəydi! Allah Rəsulu’nun (s.ə.v) nurlu üzünü bir dəfə görsəydim!’ Allah Rəsulu (s.ə.v) mübarək əlini onun gözlərinə sürdü və qadının gözləri görməyə başladı. Beləcə, Allah Rəsulu’nu (s.ə.v) görmək arzusu yerinə yetdi. Bu, Rəsulullah’ın (s.ə.v) Mədinədəki ilk möcüzəsi idi.
” Əbu Əyyub yoxsul olmasına baxmayaraq hicrətin ikinci ilində Hz. Fatimə (ə.s) ilə Hz. Əli (ə.s) evlənəndə toy hədiyyəsi olaraq bir qoyun hədiyyə etdi. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə qoyunu kəsmək istəmədi. Lakin sonra Əbu Əyyubun xətrinə dəyməmək üçün hədiyyəsini qəbul etdi və ona dua oxudu.