Hz. Ammarın müsəlman olması və işkəncələrə dözümü:
Məkkədə İslam dininin ilk illərində onun məzlum ana və atası ilk müsəlmanlardan olduqları üçün müşriklər tərəfindən böyük işkəncə və zülmlərə məruz qalmışlar. Allah Rəsulu (s.ə.v) yanlarından keçərkən onları bu böyük işkəncə qarşısında səbrli olmağa dəvət edər və cənnətlə müjdələyərək belə buyururdu: “Ey Yasir ailəsi! Səbr edin! Vəd edilən cənnət sizin üçündür.” Başqa bir mənbədə belə qeyd olunur: “Peyğəmbərimiz (s.ə.v) Ammarın yanından keçərkən müşriklərin onu oda atmaq istədiklərini gördü və bundan çox mütəəssir olaraq Ammara belə buyurdu: ‘Ey od! Hz. İbrahim’i yandırmadığın kimi Ammarı da yandırma! Onun üçün sərin ol!’ Od Ammarı yandırmadı.” Ammar barədə bir çox ayə enmişdir: “Məgər axirətdən qorxan, Rəbbinə (Allah’ın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!” (Zumər, 9)
Hz. Ammarın Quba məscidinin tikilməsində böyük xidmətləri olmuşdur. Əbu Said Hudri belə qeyd edir: “Mədinə məscidini tikəndə daşları bir-bir daşıyırdıq. Ancaq Ammar iki nəfərin işini görürdü. Rəsul-i Əkrəm (s.ə.v) də onun mübarək üzünün toz-toprağını silərək belə buyururdu: “Ey Süməyyənin oğlu! Diqqətli ol! Sən azğın və zalım bir dəstə tərəfindən öldürüləcəksən.” Ammar Hz. Əli’dən əvvəl hakimiyyətə gələn xəlifələrin də hörmət etdiyi şəxs idi. Hz. Ömər onu Kufə valisi təyin etmiş və bir müddətdən sonra vəzifədən çıxarmışdır. Ondan, “vali vəzifəsindən çıxarıldığın üçün narahat oldunmu?” deyə soruşanda o, belə cavab vermişdir: “Vali olduğum üçün sevinməmişdim ki, çıxarıldığım üçün kədərlənim.”
Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 230-231