HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Ammar b. Yasir #3

Hz. Ammarın Xəlifə Osmana etirazları:

Ammar Osman ibni Affanın xəlifəliyi dövründə buraxılan səhvlərə qəti etiraz edirdi. Ammarın etiraz etdiyi ən önəmli məsələ, Üməyyəoğullarına Beytü’l-Maldan paylanan yüksək məbləğdə pul idi. Buna başda Hz. Əli olmaqla bir çoxları etiraz edirdi. Allah Rəsulu’nun (s.ə.v) vəfatından sonra xəlifə olan Əbu Bəkrin hakimiyyətini qəbul etməyən və xilafətin əslində Hz. Əli’nin haqqı olduğunu söyləyən 12 nəfərdən biri də Ammar idi. O, qüreyşli səhabələrə xilafətin Hz. Əli’yə aid olduğunu açıq şəkildə bildirmişdir.

Onun Osman ibni Affana qarşı müxalifəti elə bir həddə çatdı ki, xəlifə onu sürgün etmək qərarına gəldi. Osman Əbuzərin Rəbəzədə vəfat etdiyini eşidəndə ona rəhmət oxumuş, Ammar isə belə demişdir: “Bəli, Allah Əbuzərə rəhmət etsin! Bizim əlimizdən canını qurtardı.” Onun bu sözü xəlifəyə ağır gəlmiş və demişdir: ”Düşünmə ki, onu Rəbəzəyə sürgün etdiyimə görə peşmanam. Səni də Rəbəzəyə göndərəcəm.” Bundan sonra Ammarın qəbiləsi (Bən-i Mahzum) Hz. Əli’nin yanına gələrək onun sürgün edilməməsi üçün xəlifə ilə danışmasını istədilər. Hz. Əli də Osman ilə görüşərək, ona belə dedi: “Ey Osman! Allah’dan qorx! Ümmətin ən düzgün və yaxşı adamlarından birini sürgün etdin. O da sürgündə öldü (Əbuzər Qifari nəzərdə tutulur). İndi də onun kimi bir adamı sürgün edəcəksən?”Bununla əlaqədar Hz. Əli ilə xəlifə arasında kəskin bir mübahisə yarandı və Osman, “Hamıdan çox Səni sürgün etmək lazımdır” deyəndə, Hz. Əli belə dedi: “Məni sürgün edə bilərsən, önəmli deyil.”

Tarixi mənbələr Ammarın bir neçə dəfə xəlifə Osmanın əmriylə işkəncəyə məruz qaldığını qeyd edirlər. Yəqubi “Tarix” əsərində yazır: “Ammar böyük səhabə Abdullah b. Məsudun vəfatını, vəsiyyət etdiyi üçün Osmandan gizlətmək məcburiyyətində qaldı. Xəlifə bunu biləndə çox hirsləndi və ‘Məndən xəbərsiz onu necə dəfn edərlər?’ dedi. Ona dedilər: ‘Abdullah, Ammara belə vəsiyyət etmişdir. Buna görə Ammar onu sizdən xəbərsiz dəfn etmişdir.’ Bəlazuri qeyd edir ki, buna görə xəlifə Ammarı beli zədələnənə qədər döydürdü.

Xəlifələr Ammarı əsasən ona görə sevmirdilər ki, o, Hz. Əli’nin xilafətini hər yerdə müdafiə edir və Qədr-i Xum’da Peyğəmbərimizin (s.ə.v) dediklərini xalqa xatırladırdı. Osman ibni Affanın qətlindən sonra Hz. Əli’nin xəlifə seçilməsində Ammarın rolu böyük olmuşdur. O, xalqa belə müraciət etmişdir: “Ey ənsarlar! Dünən Osmanın nə qədər səhvlər buraxdığını gözünüzlə gördünüz. Bu gün eyni səhvə yol verməyin. Əli’nin (ə.s) keçmişi hamıdan daha çox parlaqdır. O, bu işə hamıdan çox layiqdir.” Bu çıxışdan sonra xalq yekdilliklə Hz. Əli’yə (ə.s) səs verdi.

 

  Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 231-232