O, Hz. Peyğəmbərin (s.ə.v.) tam bənzəri idi
Hz. Aişə anamız belə nəql edir:
“Mən, Fatimə qədər davranışında və söhbətində Rəsulullaha (s.a.a) daha çox bənzəyən başqa heç birini görmədim.Hz. Fatimə Rəsulullahın yanına gələndə Peyğəmbər ona “xoş gəldin” deyər, (sonra) ayağa qalxıb Fatiməyə tərəf gedər, əlini tutub öpər və onu öz yerində otuzdurardı”.
Hz. Peyğəmbərlə (s.ə.v.) Hz.Fatimə (s.ə) anamız arasında olan incə münasibət, qayğı, mehribanlıq və məhəbbət heç kim arasında görünməmişdir. “Mən həmişə Fatimədən cənnət qoxusunu alıram” buyuran Hz. Peyğəmbərin (s.ə.v.) evdən çıxarkən ən son görüşdüyü, evə girərkən isə ilk görüşdüyü şəxs Hz.Fatimə (s.ə) anamız idi. Uşaqlıqdan həm maddi, həm də mənəvi cəhətdən Allah Rəsulunun (s.ə.v.) ardınca sanki bir kölgə kimi gedən Hz. Fatimə (s.ə), Hz. Peyğəmbərin (s.ə.v.) sevgi və məhəbbətini zirvə nöqtəsində yaşayanlardan idi…
Hz. Peyğəmbər (s.ə.v.) həmişə onun əlini öz əllərinin arasına alar və əvvəlcə əlinin içini, sonra isə əlinin üstünü öpərdi. Fatimə (s.ə) Onun ziyarətinə gələrkən Allah Rəsulu (s.ə.v.) həmişə ayağa qalxar və yerini ona verərdi. O, atasının anası idi. Hz. Peyğəmbər (s.ə.v.) anaya göstərilən dərin hörmət və ehtiramı həmişə mübarək qızı Fatiməyə göstərmişdir. Onların bir-birlərinə göstərdikləri bu ehtiram dünyada misli görünməmiş və hər kəsi qısqandıran gözəllikdəydi…
Əziz oxucular, Hz. Peyğəmbərin (s.ə.v.) kəlam və vəsflərinə bir daha diqqət edin: “Qızım Fatimə (s.ə) keçmiş və gələcək bütün qadınlardan üstündür. O, bədənimin bir parçası, gözümün nuru və qəlbimin meyvəsidir. O, mənim ruhumdur. O, insanlardan olan bir huridir. Fatimə Rəbbinin hüzurunda ibadət etdiyi zaman ulduzlar yer əhli üçün parıldadığı kimi, onun nuru da səmadakı mələklər üçün parlayar və uca Allah mələklərinə belə xitab edər:
– Ey mələklər, bəndəm Fatiməyə baxın; qorxudan titrəyərək mənim hüzurumda dayanmışdır və bütün qəlbiylə mənim ibadətimə yönəlmişdir. Sizi şahid tuturam ki, Mən onun tərəfdarlarını atəşdən qoruyacağam”.
O, Rəsulullahın (s.ə.v.) gözünün nuru, qəlbinin meyvəsi, vücudunun bir parçası və bütün dövrlərdə yaşayan qadınların ən üstünü idi.
Hz. Fatimə anamız Rəbbimizə və Rəsulullaha açılan könül qapısının adıdır. O, Peyğəmbər Əfəndimizin (s.ə.v.) mənəvi sirlərinin açıqlanma məqamıdır. Əgər Hz. Əli (ə.s) elmin qapısıdırsa, Hz. Fatimə (s.ə) də könül qapısıdır.
Hz. Fatimədən (s.ə) icazət almayan, Onun könlünə girə bilməyən heç kim könül əhli ola bilməz, imanın dadını ala bilməz, sevə bilməz, mərhəmət və şəfqət göstərə bilməz. Bütün şəfqətlərin, mərhəmətlərin, səxavətin, ibadət və itaətin sirri Hz. Fatimədən (s.ə) keçir. Hz. Peyğəmbərin (s.ə.v.) könlünə keçid qapısı Fatimə anamızın könlüdür.
Peyğəmbərimizin (s.ə.v.) sirrinin kainata əks olunduğu məqam Fatimə (s.ə) anamızın qəlbidir. İki cahan Sərvəri belə buyurmuşdur: “Allah özünü məndə, mən də özümü Fatimədə seyr etdim”.
O, sonsuzluğun və əbədiliyin sirridir… Bolluğun, bərəkətin mənbəyi və Kövsərdir…
Kövsər surəsində belə buyrulur: “Sənə Kövsəri (Fatiməni) verdik; buna görə də namaz qıl və qurban kəs”…
Fatimə (s.ə) anamızın sirlərindən biri də Kövsər sirridir. Kövsər, Hz. Fatimə (s.ə) anamızdır. Çünki Kövsər əbtərin əksidir. Əbtər – kötük, soyu kəsilmiş deməkdir. Kövsər, əbtərin ziddi – Hz. Fatimədir (s.ə). Hz. Fatimə (s.ə) anamız sonsuzluq, bolluq, bərəkət, hikmət və rəhmət dəryasıdır.
Hz. Peyğəmbər (s.ə.v.) və Onun Əhli-Beyti, Allahın öz nurundan yaratdığı və onları hər kəsin sevməyi vacib buyurduğu xüsusi seçilmiş şəxslərdir. İman onları sevməkdən başqa bir şey deyil… İmanın sirri, dadı, ləzzəti və nəşəsi Əhli-Beyti sevməkdir…
Peyğəmbərimizin (s.ə.a) 23 illik dəvətinin müqabilində bizdən istədiyi şey onun Əhli-Beytinə olan sevgimiz və bağlılığımızdır. “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm” (Şura, 23).
İbn Abbasdan belə rəvayət olunur: “Ümmü Sələmə buyurdu:
“Allah Rəsulu ilə evlənərkən Onun qızının tərbiyəsini öz üzərimə götürdüm, lakin Allaha and olsun ki, Fatimə (s.ə) məndən daha ədəbli idi və hər şeyi məndən daha yaxşı bilirdi”.
Əmmarın rəvayət etdiyi bir hədisdə belə deyilir: “Bir gün Hz. Fatimə Hz. Əliyə belə dedi:
“Gəl, sənə keçmişdə olanları, hal-hazırda baş verənləri və qiyamətə qədər nə olacağını danışım”.
Bu hədisdən Hz. Zəhraya (s.ə) Allah tərəfindən böyük bir elm verildiyi aydın olur. Hətta bəzi rəvayətlərə görə, Cəbrail (ə.s) özü bunları Hz. Fatiməyə (s.ə) nəql etmiş, Hz. Əli (ə) isə bu məlumatları kağıza köçürmüşdür. Bu kitab İslam ədəbiyyatında “Fatimənin Müshəfi” kimi tanınır. Beləliklə, o böyük xanımın fəzilətlərindən biri də “mühəddisə” olmasıdır. O, Quranı bütün təfərrüatları ilə anlayan, bilən və yaşayan ilk müfəssirdir. O, elmin və könlün qapısıdır. Quranın daxili sirlərini ağılla və məntiqlə dərk etmək mümkün deyil, çünki könül yoluyla ediləcək bütün sirli təfsirlərin mərkəzi yalnız Hz. Fatimədir (s.ə).
Allah bizlərə Fatimənin (s.ə) sirrində imanın dadını yaşatsın, bizi Onun nuru ilə bəzəsin. Çünki Fatimənin könlü Hz. Rəsulullaha (s.ə.v.) çıxış qapısı və Rəsulullah vasitəsilə də Allaha gedən yoldur. Qəlbində Hz. Fatimə (s.ə) və Əhli-Beytə xüsusi yer verməyən heç kimin Allah Rəsuluna və beləliklə də Allaha getməsi mümkün deyil.
Duamız böyüklərin duası olsun:
Ey Allahım! Gecə və gündüz bir-birini izlədikcə, səhər və axşam bir-birini əvəzlədikcə və iki qardaş ulduz (Qütb ulduzu və onun yoldaşı) bir-birinin ardınca doğduqca Peyğəmbərimiz Hz. Muhəmmədə (s.a.a) və onun Əhli-Beytinə salavat eylə! Bizim salavat və salamlarımızı Onun və Əhli-Beytinin ruhlarına çatdır! Həşr və qərar gününə qədər Ona və Əhli-Beytinə mərhəmət, bərəkət ver və bol salam göndər!
Türkiyəli Araşdırmaçı-Jurnalist Adəm Birinci (Türk dilindən tərcümə)