Hər bir xalqı, milləti var edən, digərlərindən fərqləndirən özünə məxsusluğudur. Ortaq dəyərlər paylaşıla bilən və yaşadılan zaman xalqların və millətlərin varlığı davam edir. Əks təqdirdə tarix səhnəsindən silinir, yox olur.
2 əsrə yaxın zamanda dəfələrlə bizi bölüb, parçalayıb vahid olmağa imkan verməyiblər. Bu qədər mənfi təzyiqlərə, təsirlərə baxmayaraq azərbaycanlılar canı, qanı bahasına eyni amal uğrunda birləşməyi bacardı, qiyamət sabahına qədər özünün var olmasını sığortaladı. Azərbaycanlı ruhu açıq şəkildə yenidən alovlandı. Yaşadığı məkandan asılı olmadan bu ruha sahib hər kəs eyni amal uğrunda birləşməyi bacardı.
1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd edildi.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu.
Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.
31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyüyən, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Bu həmrəyliyin nəticəsidir ki, bu gün azad Azərbaycan var.
Bayramımız mübarək. Hər zaman bir olaq, həmrəy olaq, var olaq