Allah tərəfindən seçilmiş imamlardan yeddincisi İmam Musa ibn Cəfər (ə.s.), yəni İmam Museyi Kazımdır (ə.s.). İmam Museyi Kazım (ə.s.), İmam Cəfər əs-Sadiqin (ə.s.) oğlu və İmam Rzanın (ə.s.) atasıdır.
İmamın məşhur ləqəbi olan Kazım, qarşılaşdığı əziyyətlərə və pis rəftara baxmayaraq qəzəbini ram edən mənasını daşıyır. İmam Kazım (ə.s.) dörd yaşında ikən süqut edən Əməvi dövlətindən sonra hakimiyyətə gələn Abbasilər, din simasına bürünmüş, xilafəti əllərinə keçirmiş və Əhli-Beyt soyuna hər cür maddi-mənəvi təzyiq etməkdən çəkinməmişdilər. Əhli-Beytin dəyişməz qədəri olan əziyyət və məşəqqət, həyatları boyunca onları öz kölgələri kimi daima təqib etmişdir. Belə ki, İmam Musa ibn Cəfər (ə.s.) ömrünün on ilə yaxın dövrünü heç bir əsaslı səbəb göstərilmədən həbs olunaraq zindanda keçirmişdir.
Zindanda keçən günləri də daxil olmaqla, ömrünün mübarək zamanlarını hər an ibadətlə və insanları Allaha (cc) dəvətlə keçirib, zindanda yanına gələnləri maarifləndirib və Ona verilən sualları cavablandırıb. İmamın zindana atılması, İmamın qardaşı oğlu Əli ibn İsmayılın xəlifəyə çatdırdığı məlumatlar əsasında icra edilib.
Allah tərəfindən seçilmiş imama beyət etmək əvəzinə xəlifəyə inanmağın yanlış bir yol olması, məsum imamlar tərəfindən daima dilə gətirilmiş və bu barədə davamlı olaraq xəbərdarlıq edilmişdir.
Ancaq aşağıdakı örnək hadisə xəlifə ilə münasibətdəki incə ölçünü də ortaya qoymaqdadır.
Səfvan ibn Mahrani-Camal, İmam Kazımın (ə.s.) hüzuruna gəldiyi zaman İmam belə buyurdu:
“Ya Səfvan, bir işin müstəsna, digər işlərin yaxşı və gözəldir”. “O nədir, Ey Rəsulullahın oğlu?”- deyə Səfvan soruşdu.
İmam belə buyurdu:
“Dəvələrini Haruna icarəyə verməyin”.
Səfvan:
“Onun gəzintiyə çıxması, ova getməsi və bu kimi işləri üçün icarəyə verdim. Hətta özüm belə işə qarışmadım. Bu iş üçün bir xidmətçi tutdum” -dedi.
İmam buyurdu:
“Dəvələrini ona icarəyə verməyin səncə doğrudurmu?” Səfvan ‘bəli’ dedi.
İmam:
“İcarə müddəti bitənədək, dəvələrin sənə geri verilənədək onun yaşamasını istəyirsənmi?” – deyə soruşdu. Səfvan yenə ‘bəli’ dedi.
İmam:
“Onların yaşamasını, həyatda qalmasını istəyən hər kəs onlar kimidir” – deyə cavab verdi.
İmam, Sindi b. Şahəkin zindanında ikən, çox əziyyətlər çəkdi. Harun, ayağına dəmir bağlanmasını və dəstəmaz xaricində çölə göndərilmədən zindanda qalmasını əmr etdi. Əhli-Beyt düşməni Sindi b. Şahək, Harunun dediklərini tam mənasıyla yerinə yetirdi.
İmam Kazım (ə.s.), bu zindanda şəhid edildi. Zəhəri, Sindi b. Şahək yeməyə qatdı. Bir rəvayətə görə xurmaya qarışdırdı.
Daha əvvəl də zəhərlənmə sınanmışdı; ancaq İmam Kazım (ə.s.) bir kəramətlə, xurma kasasındakı zəhərli xurmanı Harunun çox sevdiyi itinə atmışdı. İt bir anda ölərkən, İmam qurtulmuşdu.
Lakin bu səfər xain məqsədə çatıldı. Mübarək İmam, yediyi zəhərin təsiri ilə üç gün xəstə yatdı və şəhid oldu.
Şəhadətindən əvvəl, Bağdadda Abbas b. Məhəmmədin evinin yaxınında yaşayan Mədinəli bir dostunun Ona qüsl verərək, kəfənləməsini vəsiyyət etmişdir.
Bu işi etmək istəyən Sindi b. Şahəkə isə bunun üçün icazə verməmişdir.
Zəhər, İmam Kazım Əfəndimizi (ə.s.) tamamilə təsiri altına almışdı. O sırada yanında olan Müsəyyəb b. Zührə bunları söylədi:
“İmam buyurdu ki:
‘Mən sənin gördüyün kimi, Allahın hüzüruna köçmək üzrəyəm. Su içmək istədiyim və suyu içdiyim zaman, bədənimin şişdiyini, rəngimin saraldığını, sonra qızardığını və ən sonunda yaşıl bir halda gördüyündə, Tağuta öldüyümü xəbər ver.
Ey Müsəyyəb! Bu adam Sindi b. Şahək, cənazəmin yuyunma və dəfn edilmə əməliyyatlarını özünün etmək istədiyini söyləyəcək! Əsla! Belə bir şey əsla ola bilməz. Qureyş qəbiristanlığı olaraq bilinən qəbiristanlığa daşındığım zaman məni orada qəbirə qoyun.
Qəbirimin üzərini dörd barmaqdan çox yüksək etməyin. Mənim qəbrimdən təbərrük üçün torpaq götürməyin. Çünki bizim türbəmizdən bir şey götürmək haramdır. Amma babam Hüseyn b. Əlinin (ə.s.) türbəsi xaric… Çünki Uca Allah, o türbəni sevənlərimiz üçün şəfa etmişdir.'”
Şəhid edildiyi zaman İmam Kazımın (ə.s.) 55 yaşı var idi.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: Prof.Dr. Haydar Baş, İmam Mûsâ Kâzım